Əks-səda

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2 oktyabr 2009-cu il tarixində "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi ölkə ictimaiyyətində geniş əks-səda doğurub. İndi bir sıra təhsil ocaqlarında bu mövzu ilə bağlı tədbirlər keçirilir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan tanınmış elm və sənət adamları da məqalə ilə bağlı fikirlərini bölüşmək üçün "dəyirmi masa" keçirdilər.

 

Universitetin rektoru, professor Timuçin Əfəndiyev vaxtında söylənilmiş fikri məqamında açılan atəşə bənzədərək məqalənin məziyyətlərini açıqladı. Bu məqalənin cəmiyyəti xoş bir həyəcana gətirdiyini, ictimai fikri silkələdiyini, milli-mənəvi taleyimizlə bağlı həyəcan təbili çaldığını söyləyən professor yazının tarixi-ictimai əhəmiyyətini səciyyələndirən bir neçə cəhətini önə çəkərək dedi: "Birincisi, məqalə çox vaxtında yazılıb. Hörmətli Ramiz Mehdiyev qazan kimi qaynayan ictimai fikir təlatümünün qapağını açdı və bir daha bildirdi ki, Azərbaycanın güclü dövləti var və o ölkədə bütün sahələrdə gedən prosesləri diqqətlə müşahidə edir. İkincisi, bu məqalə həm dövlət xadimi, həm də filosof, alim-akademik tərəfindən yazılıb. Burada həm dövlətçilik təfəkkürü, həm də vətəndaş bir ziyalının milli təəssübkeşliyi ifadə olunur. Üçüncüsü, məqalə "Televiziya və radio yayımı haqqında" dövlət qanununun baza prinsipləri zəminində qələmə alınıb. Düşünürəm ki, məqalə radio və televiziya işçiləri üçün proqram xarakterli bir sənəddir".

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Sadıqov telekanallarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin hazırladığı yüksək professional proqramların (teatr və balet tamaşaları, filmlər, sərgilər və digər mövzulara həsr olunmuş ədəbi-bədii veriliş) nümayişi üçün şərait yaradılması təklifini verdi.

Müzakirə zamanı ali məktəbin professoru Ağakişi Kazımov dedi: "Qaldırılan məsələ demokratik şəraitdə yaşayan xalqımız üçün son dərəcə aktualdır. Biz real şəkildə respublikamızın müvəffəqiyyətlə, inamla dünyaya çıxması ilə yanaşı, həm də Azərbaycanın efir məkanında da nəsil dəyişməsi ilə üzləşmişik. Problem səriştəsizlikdən və demokratiyanın bəxş etdiyi imkanlardan səmərəli istifadə edilməməsindən irəli gəlir. Möhtərəm akademik həyəcan təbilini vaxtında çalıb. Müəllif çox haqlı olaraq qeyd edir ki, bu gün tamaşaçıları narahat edən ümdə məsələlərdən biri televiziya və radio kanallarında aşağı səviyyəli, keyfiyyətsiz, əyləncə və şou-biznes xarakterli verilişlərin çoxalmasıdır.

Bəli, bu kanaldan o kanala keçərək öz bayağı mahnıları ilə tamaşaçılarımızın psixologiyasını şikəst edən proqramlar şüurumuzu, zövqümüzü, düşüncə tərzimizi bayağılaşdırır. Həmkarlarının haqlı etirazlarına şərik çıxan sənətşünas Məryəm Əlizadə söylədi ki, akademik Ramiz Mehdiyevin məqaləsində qaldırılan problem müstəsna dərəcədə böyük əhəmiyyət kəsb edir. Azərbaycanın efir məkanının mövcud durumu ilə bağlı sanballı məqaləyə çoxdan ehtiyac var idi, çünki istisnasız bütün telekanallarda yayımlanan proqramların keyfiyyətinə və tematikasına yenidən nəzər salmaq vaxtı yetişib. Aydın məsələdir ki, sözügedən problem yalnız telekanalların problemi deyil. Görkəmli akademik Ramiz Mehdiyevin qaldırdığı problem, əslində, bütövlükdə cəmiyyətimizdən və xüsusilə ziyalılarımızdan məsuliyyətli yanaşma tələb edən ictimai-siyasi, mədəni, sosial və psixoloji məsələdir.

Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının üzvü Oqtay Babazadə, filologiya elmləri namizədi dosent Vəfa Əliyev, dramaturq Əli Əmirli, rejissor Tariyel Vəliyev, xalq artisti Bəsti Cəfərova, yazıçı Aqşin Babayev də akademik Ramiz Mehdiyevin məqaləsində irəli sürülən fikirlərin bütün xalqın istək və mənafeyini əks etdirdiyini, əsrlər boyu millətin ahəngdar inkişafı üçün tələb olunan etik normalara, əxlaq qaydalarına arxalandığını söylədilər.

"Dəyirmi masa"da o da vurğulandı ki, bu məqalənin müzakirəsinə qoşulmaq heç də təsadüfi deyil. Ölkə telekanalında baş verənləri hamımız görürük, auditoriya səviyyəsində, ümumi söhbət və müzakirələrdə, diskussiyalarda, mətbuat səhifələrində narahatlığımızı, narazılığımızı, tənqidi fikirlərimizi bildiririk. Amma çox təəssüf ki, biz özümüz deyir, özümüz də eşidirdik. Ölkə rəhbərliyinin əsas simalarından birinin həyəcan təbili çalması isə artıq başqa keyfiyyət, başqa istiqamətdədir, özü də təsirli səviyyədə.

Akademik Ramiz Mehdiyevin məqaləsində söylənilən fikirlər, qaldırılan məsələlər bütün xalqın istək və mənafeyini əks etdirir.

 

 

Zəkurə QULİYEVA,

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 7.