Ürəyimizdən xəbər verən mövqe
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunan və
geniş ictimai rezonans doğuran "Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr" məqaləsi telekanallarda
mövcud olan biabırçı vəziyyətdən dərin
narahatlıq keçirən hər bir şəxs kimi məndə
də bu müzakirəyə qoşulmaq üçün daxili
bir ehtiyac yaratdı. Uzun müddətdən bəri
ayrı-ayrı şəxslər arasında ürək
yanğısı ilə müzakirə olunan, get-gedə artan
narahatlığa səbəb olan məsələ, nəhayət
ki, ictimaiyyətin müzakirəsinə
çıxarıldı.
Məqalədə haqlı olaraq
televiziya və radionun hər bir insanın həyatının
ayrılmaz hissəsinə çevrildiyi, milli adət-ənənələrin
qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi
dəyərlər sisteminin formalaşmasına böyük təsir
göstərdiyi qeyd olunur. Eyni zamanda son vaxtlar televiziya və
radio kanallarının fəaliyyətində nöqsan və
çatışmazlıqların artmasından narahatlıq
duyulur.
Vətəndaş olaraq biz
televiziyadan nə gözləyirik? Ölkədə və dünyada
baş verən hadisələr barədə operativ informasiya əldə
etmək, milli-mənəvi dəyərlərimizin
qorunmasına və intellektual səviyyənin yüksəldilməsinə
yönələn maarifləndirici müzakirələri dinləmək,
ictimai əhəmiyyət daşıyan aktual məsələlər
barədə səriştəli ekspertlərin və
tanınmış ziyalıların mövqeləri ilə
tanış olmaq, gərgin iş günündən sonra bir qədər
istirahət etmək. Açıq etiraf etmək
lazımdır ki, telekanallarımız bu istəklərimizi
çox nadir hallarda təmin edirlər.
Ölkədə 8
ümumrespublika telekanalı fəaliyyət göstərir. Hər
bir insanın gün ərzində ən çoxu 3-4 saat
televizora baxmaq imkanı olduğunu nəzərə alaraq kəmiyyət
tamamilə qənaətbəxşdir və əlavə kanal
axtarmağa heç bir ehtiyac yoxdur. Lakin bu telekanalların
zövqsüz, cansıxıcı verilişləri əksər
vətəndaşlarımızı peyk antenası əldə
etməyə, kabel televiziyalara qoşulmağa məcbur edir. Ən
azı 50-60 və daha çox kanala malik olan belə sistemlərə
qoşulmaq əlavə xərclərə səbəb olmaqla
yanaşı, səmərəli vaxt keçirməyə də
imkan vermir. Belə ki, kanalların və yüksək zövqlə
hazırlanan rəngarəng verilişlərin sayı çox
olduğundan istirahət üçün ayıra bildiyimiz
vaxtın böyük hissəsi "daha
yaxşısını seçmək üçün" əldə
pult kanalların yerini dəyişməyə sərf edilir.
Halbuki fəaliyyət göstərən 8 ümumrespublika
telekanalının hər biri axşam saatlarında heç
olmazsa cəmi yarım saatlıq maraqlı veriliş
(informasiya, maarifləndirici, vətənpərvərlik və
digər mövzularda) təşkil edə bilsəydi, əlavə
kanal axtarmağa lüzum qalmazdı. Təəssüf ki,
telekanallarda səriştəsiz, səviyyəsiz
aparıcıların meydan suladığı bir şəraitdə
bunlar yalnız arzu olaraq qalır.
Hesab edirəm ki, başlanan
müzakirələrdən sonra konkret ünvanlar göstərilməyəcəksə,
"Ay Zaur", "Yağ kimi" verilişlərin şit
aparıcıları zaurlara "daha bəsdir" deyilməyəcəksə,
yaşam tərzi bütün respublikaya bəlli olan və əhalidə
ikrah doğuran Ayğün Kazımova və Röya kimilərinin
televiziyada xalqa əxlaq dərsi keçməyinə son
qoyulmayacaqsa, "SMS" toplamaqdan başqa heç nə verməyən
və gənclərimizin mənəviyyatını korlayan
lüzumsuz mahnı müsabiqələri davam edəcəksə,
telekanallarımızın səviyyəsi heç vaxt
yaxşılığa doğru dəyişməyəcəkdir!
Müharibə şəraitində
olan ölkənin efirindən "barıt iyi", "mərmi
səsləri" gəlməlidir, daha Kamran Həsənli,
Murad Dadaşov kimilərinin şou proqramlarda
boğazlarını yırtan və dinləyicini cana doyduran
cığırtıları yox! Yeri gəlmişkən,
şou verilişlərinin aparıcılarına bir tövsiyəm
var. "Ölkənin bir nömrəli şoumeni mənəm"
davasına çıxanlar özlərinə şoumen kimi təmtəraqlı
adlar qoymaqdansa, tarixə nəzər salıb görsünlər
ki, belələri həmişə olub və onlara "təlxək"
deyirdilər. Qoy özlərinin neçə nömrəli təlxək
olduqlarını aydınlaşdırsınlar.
Müğənnilərin dəbdəbəli
villalarını, bahalı maşınlarını reklam edən
süjetlərlə gənclərin və yeniyetmələrin
mənəviyyatını korlayanlara ciddi irad bildirməyinin
vaxtıdır. Belə verilişlərin müəllifləri
daha yaxşı olardı ki, həmin "sənətçilər"in
ildə nə qədər gəlir vergisi ödəyərək
iqtisadiyyatımızın inkişafına yardım göstərdiyini,
şadlıq evlərini xatırladan villalarına görə
nə qədər əmlak vergisi ödəmələri barədə
məlumat verəydilər. Bir verilişdə hansı fantastik
məbləğə toya getdiyindən iftixarla danışan
"müğənniciyin" başqa bir verilişdə
vergi ödənilməsi ilə bağlı sualına utanmadan
"mən nə qazanıram ki, nə vergi ödəyəm"
deyə cavab verməsini verilişin mövzusu etmək daha səmərəli
olmazdımı?
Teleserialların gənclərimizin
mənəviyyatına vurduğu zərbələr daha bir
yaralı yerimizdir. Serial qəhrəmanlarının həyata əyləncə
kimi baxmaları, heç bir əndazəyə sığmayan
mənəviyyatsız həyat tərzi keçirmələri
öz "bəhrələrini" verməyə
başlamışdır. Artıq bizim bəzi gənclərimizin
də onlardan nümunə götürərək "mən
həddi-büluğa çatmışam, taleyimi özüm
həll etməliyəm", "bu mənim həyatımdır,
necə yaşayıram özüm bilərəm, heç kim
mənim həyatıma qarışa bilməz",
"başqalarının mənim haqqımda nə
düşünmələri heç vecimə də deyil"
kimi ifadələr işlətməsi təhlükənin
hansı səviyyədə olmasının göstəricisidir.
Akademik Ramiz Mehdiyevin bu mövzunu
ictimaiyyətin müzakirəsinə
çıxarmasını alqışlamaqla yanaşı, sadə
bir tamaşaçı kimi səlahiyyət sahiblərinin nəhayət
öz kəsərli sözlərini deyəcəklərini
ümidlə gözləyirik.
Zakir NAZIYEV,
İsmayıllı rayonu
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 7.