Ədalətli oyunların təbliğində mətbuatın
rolu barədə müzakirələr
aparılmışdır
Oktyabrın 16-da Bakıda Avropa Ədalətli
Oyunlar Hərəkatının 15-ci konqresi işini davam
etdirmişdir.
Səhər iclaslarında 6 məruzə
dinlənilmişdir. Almaniyadan Volker Rosun futbolda ədalət
prinsipləri ilə bağlı çıxışı
iştirakçıların diqqətini cəlb etmişdir.
Almaniyalı qonaq "Hörmət - futbolda "fair-play"
qaydalarının açarı kimi" adlı məruzə
ilə çıxış etmişdir. V.Ros futbolda ədalət
qaydalarının tez-tez pozulması, hakimlərin belə hallarda
rolu barədə, futbolçuların "fair-play"
qaydalarına əməl etməsi, bu sahədə olan problemlərə
toxunmuşdur.
Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanovun
"Hakimlərin gücü və məsuliyyəti",
İdman Elmi və Fiziki Təhsil üzrə Beynəlxalq
Şuranın prezidenti Marqaret Talbotun "Fair-play" keyfiyyət
və bərabərlik üçün", Azərbaycan Milli
Olimpiya Komitəsinin məsul katibi Səlhət Abbasovanın
"Ədalətli oyun prinsiplərini həyat prinsiplərinə
çevirək!" məruzələri dinlənilmişdir.
Çıxış edənlər yarışlarda
idmançılar arasında gender və sosial bərabərsizlik
kimi məqamlara xüsusi toxunmuşlar. İdmanda ədalətin
qələbə çalmasında təhsilin və təbliğatın
böyük rolu olduğu vurğulanmışdır.
Nahar fasiləsindən sonra isə
"Ədalətli oyun prinsiplərinin təbliğində mətbuatın
rolu" mövzusunda müzakirələr
aparılmışdır. İclasın bu hissəsini
tanınmış idman jurnalisti Elnur Əşrəfoğlu
aparmışdır.
Müzakirələrdə Avropa Ədalətli
Oyunlar Hərəkatının vitse-prezidentləri Manfred
Laemmer, Erdoğan Erpinar, İtaliya Ədalətli Oyunlar Hərəkatının
rəhbəri Ruggero Alçanterini və Azərbaycanın mətbuat
orqanlarının nümayəndələri iştirak
etmişlər. Müzakirələr zamanı mətbuatın ədalət
prinsiplərinin yayılmasında rolu, bu sahədə problemlər
və çatışmazlıqlar barədə geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 7.