Xalqımızın müstəqillik arzusunu ulu öndər
Heydər Əliyev gerçəkləşdirdi
1991-ci ildə sovetlər
ittifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma,
müstəqilliyə qovuşmaq istəyi
qarşısıalınmaz həddə
çatmışdı. Belə şəraitdə, 1991-ci il
avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi
ilə çağırılmış növbədənkənar
sessiyasında dövlət müstəqilliyini bərpa etmək
haqqında bəyannamə qəbul edildi. Həmin ilin oktyabr
ayının 18-də isə Ali Sovet "Azərbaycan
Respublikasının Müstəqilliyi haqqında Konstitusiya
Aktı"nı qəbul etdi.
Xatırladaq ki, hələ buna qədər
- 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu,
görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvana qayıdışı və buradan
başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan
siyasi mühitində aparıcı hadisəyə çevrilməsi,
milli dövlətçiliyin bərpası istiqamətində
qəti addımların atılması ilə müşayiət
olunmağa başlamışdı. 1990-cı il noyabrın
17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə
başlayan Naxçıvan Ali Məclisinin sessiyası
tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi
prosesinin həyata keçirilməsi ilə bağlı bir
çox məsələlərin müzakirə olunması,
ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların
qəbul edilməsi ilə əlamətdar oldu. Məhz Heydər
Əliyevin təşəbbüsü ilə 1990-cı ilin
noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin
əsas atributlarından olan üçrəngli
bayrağımızın Naxçıvan MR-in dövlət
bayrağı olması barədə qərar qəbul etdi. Qərarda,
həmçinin Azərbaycan Respublikasının ali qanunverici
orqanına Azərbaycanın dövlət rəmzləri
haqqında məsələyə baxması,
respublikamızın milli tarixi ənənələrə
uyğun olaraq yeni dövlət rəmzlərinin -
bayrağın, gerbin, himnin qəbul olunması təklif
edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan
biri də Naxçıvan Muxtar Respublikasının adından
"sovet" və "sosialist" sözlərinin
götürülməsi idi.
Azərbaycan Ali Soveti Heydər Əliyevin
cəsarətlə başladığı müstəqillik
mübarizəsinə təxminən 11 ay sonra hüquqi
müstəvidə münasibət bildirərək müstəqillik
haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il
dekabrın 29-da keçirilən ümumxalq referendumunda
xalqımız müstəqillik haqqında Konstitusiya
Aktını yekdilliklə dəstəklədi. Referendum
bülleteninə bir sual yazılmışdı: "Siz
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul
etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?".
Azərbaycan əhalisinin 95 faizi bu referendumda iştirak edərək
ölkəmizin müstəqilliyinə, suverenliyinə və
istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan
Respublikasının müstəqillik haqqında Konstitusiya
Aktı qüvvəyə mindi və XX əsrin sonlarında,
SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə
ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
1991-ci il 18 oktyabr dövlət
müstəqilliyinin elan olunması Azərbaycanın yeni
intibahının bünövrəsi demək idi. Sənəddə
deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan
Milli Şurasının 1918-ci il mayın 28-də qəbul
etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il
30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu
Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir".
Fəqət, dövlət
müstəqilliyinin ilk illərində hakimiyyətdə olan
qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl
edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi
dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin
də itirilməsinə gətirib çıxaracaqdı.
Bir-birini əvəz edən Mütəllibov və
AXC-Müsavat iqtidarları əslində dövlətçilik
deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından
çıxış edir və beləliklə, hələ
kövrək olan dövlət müstəqilliyini təhlükə
altına salırdılar. Həmin dövrdə hakimiyyətdə
olanlar yeni yaranan müstəqil dövlətçiliyin
möhkəmlənməsi üçün nəinki bir iş
görmədilər, əksinə ölkəni dünyada gedən
bütün proseslərdən uzaq salaraq təklənməsinə,
təcrid olunmasına xidmət göstərdilər.
Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin
məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin
məntiqi nəticəsi kimi cəbhədəki
uğursuzluqlar və daxildə separatçı meyillərin
güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin
məhvini qaçılmaz edirdi.
Belə bir vəziyyətdə Azərbaycan
vətəndaşlarının mütləq əksəriyyətinin
tələb və istəyi ilə hakimiyyətə gələn
xalqımızın böyük oğlu Heydər Əliyev
müstəqil dövlətçiliyimizi, suverenliyimizi
bütün təhlükələrdən, təhdidlərdən
xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik
sükanının arxasına keçən Heydər Əliyev
xilaskarlıq missiyasını müdrikliklə, yenilməz
iradə, qətiyyət və böyük uzaqgörənliklə
yerinə yetirməyə başladı. Əgər həmin məqamda
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim
bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr
gözləyirdi!?
Heydər Əliyev ölkəni
gözləyən bütün təhlükələri dəf
etməklə Azərbaycanın müstəqilliyinin möhkəm
təməlini qoydu. "1991-ci il oktyabrın 18-də qəbul
olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı çox dəyərli sənəddir. Bu sənəddə
Azərbaycanın müstəqilliyi və müstəqil
dövlət kimi dövlət quruculuğu haqqında çox
dəyərli müddəalar öz əksini
tapıbdır" - deyən ulu öndər Konstitusiya
Aktının prinsiplərinin real həyatda vəsiqə
qazanması üçün ardıcıl və qətiyyətli
iş gördü. Ümummilli lider Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıdışından
sonra səmərəli dövlətçilik konsepsiyası,
iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq
fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik
inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz
dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində
cəmiyyəti səfərbər edərək müstəqil
siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə
nail oldu. İlk növbədə, ölkədə
separatçı qüvvələr zərərsizləşdirildi,
vətəndaş müharibəsi təhlükəsinin
qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə,
müstəqilliyinə və ərazi bütövlüyünə
qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən
təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin
yaradılması ilə bağlı tədbirlər həyata
keçirildi.
Heydər Əliyevin uzaqgörənliyi
ilə mütərəqqi dövlət quruculuğuna start
verildi, dövlətçiliyin başlıca prinsipləri
formalaşdırıldı, vətəndaşla dövlətin
qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan
sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin
bütövlüyünün tam təminatçısına
çevrildi. Ulu öndərin rəhbərliyi ilə
başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin
bütün sahələri dünya standartlarına
uyğunlaşdırıldı.
Ölkədə azad bazar
iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində
qısa zaman kəsiyində dövlətin və xalqın
maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Eləcə
də vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindən biri elan edildi.
İnsan hüquq və
azadlıqlarının qorunması ilə davamlı demokratik
islahatlar kursunun həyata keçirilməsinə
başlanıldı. Bütün insan hüquqları, o
cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin
toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən
mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi,
vətəndaş cəmiyyətinin
formalaşdırılması yolunda köklü irəliləyiş
əldə olundu. Bütün bunlar Azərbaycan
Respublikasının 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Konstitusiyasında təsbit edildi. Xatırladaq ki,
Konstitusiya Aktında ölkənin yeni Konstitusiyasının
hazırlanması ilə bağlı ayrıca müddəanın
da əksini tapmasına baxmayaraq, Mütəllibov və
AXC-Müsavat qaragüruhları bu barədə
düşünmək belə istəməmişdilər.
Azərbaycan dövlətinin
qazandığı bütün uğurlar ulu öndər Heydər
Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin
qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyevin
dövlətçilik konsepsiyasını uğurla davam etdirən
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi dərin məzmunlu və çoxşaxəli
siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini
daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti
sayəsində ulu öndərin yeni neft strategiyasının
uğurla reallaşması, iri enerji layihələrinin işə
düşməsi və yeni iqtisadi layihələrə start
verilməsi, eləcə də regionda cərəyan edən
proseslərlə bağlı ölkə
başçısının müdrik siyasi
baxışları Azərbaycanın müstəqilliyinin daha
da möhkəmlənməsinə, dövlətçiliyimizin
daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil
daxili və xarici siyasət yeridən Azərbaycan yalnız
regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə
kimi tanınır. Azərbaycan Prezidentinin həyata
keçirdiyi məqsədyönlu siyasət, qazanılan
bütün uğurlar əminliklə söyləməyə əsas
verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də
heç vaxt əldən verilməyəcək, əbədi
olacaqdır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 1.