Azərbaycan və İordaniya arasında əlaqələr yeni mərhələdə uğurla inkişaf edir

 

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi ölkəmizlə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri inkişaf etdirmək istəyində olan dövlətlərin sayını ildən-ilə artırmaqdadır. Son 6 ildə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmış, müsbət imici möhkəmlənmiş və əməkdaşlıq üçün yeni imkanlar açmışdır.

Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verən ölkələrdən biri də İordaniya Haşimilər Krallığıdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılmışdır. 2006-cı ilin martında Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında, 2007-ci ilin mayında isə adıçəkilən ölkənin Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır. 2006-cı ilin avqustunda İordaniya Kralı II Abdullahın respublikamıza rəsmi səfəri zamanı Azərbaycan və İordaniya dövlətləri arasında ikitərəfli müqavilə imzalanmışdır. "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Saziş"inin imzalanması ölkələrimiz arasında əlaqələrin inkişafına güclü təkan vermişdir.

Həmin vaxt Azərbaycan və İordaniyanın dövlət başçıları ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparmışlar. Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi, elmi, texniki, mədəni və tibb sahələri üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Siyasi təmasların bundan sonra da səmərəli şəkildə davam etdirilməsi, hər iki ölkənin hökumət və parlamentləri arasında mübadilənin genişləndirilməsi qərara alınmışdır.

Ölkə başçıları iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd etmişlər. İki ölkə arasında iqtisadiyyat, kommunikasiya, turizm, səhiyyə, elm, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Nəqliyyat və rabitə infrastrukturları sahələrində də əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulmuşdur.

2006-cı ilin noyabrında İordaniya Haşimilər Krallığının Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri də əlamətdar olmuşdur. Səfər zamanı Bakı Əl Oyunları sarayında Azərbaycan-İordaniya biznes forumu və 40-a yaxın İordaniya şirkətinin iştirakı ilə İordaniya milli sərgisi keçirilmişdir

2007-ci ilin iyulunda Prezident İlham Əliyevin İordaniyaya rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələrə dair mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Bu sırada "Azrbaycan Respublikası və İordaniya Haşimilər Krallğı arasında ekstradisiya haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Krallığı Hökuməti arasında müdafə sahəsində əməkdaşlq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş", "2007-2008-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram", "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol", eləcə də fövqəladə halların idarə edilməsi, səhiyyə və tibb elmi, beynəlxalq avtomobil əlaqələri haqqında 15-ə yaxın sənəd imzalanmışıdr.

Səfər zamanı Əmman şəhərinin mərkəzi küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adının verilməsi ilə bağlı mərasim də keçirilmişdir.

2008-ci ilin mayında İordaniya Kralının Azərbaycana səfəri də əlamətdar olmuşdur. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğu vurğulanmışdır. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirmişlər.

Görüş zamanı ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Səfər çərçivsində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İordaniya Haşimilər Krallığına rəsmi səfəri də mühüm əhəmiyyət kəsb etmişdir. Ölkəmizin başçısının İordaniya Kralı II Abdullahla görüşündə dövlətlərimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.

Səfər zamanı hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir. İordaniya Kralı II Abdullah Azərbaycan dövləti ilə əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini və ölkələrimiz arasında mövcud siyasi münasibətlərin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını bəyan etmişdir.

Azərbaycan Prezidenti səfəri çərçivəsində İordaniyanın Baş naziri Nader Dəhəbi ilə də görüşmüşdür. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan və İordaniya arasında münasibətlərin bütün sahələrdə inkişafı deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr yaxın gələcəkdə daha da güclənəcək və bu əlaqələr regionda sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 1.