Davamlı və sürətli inkişafın yeni perspektivləri
İqtisadi cəhətdən
inkişaf etmiş dövlətlərin təcrübəsi
göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman
intervalında əldə etdiyi uğur və nailiyyətləri
şərtləndirən ən başlıca amil məhz
sosial məsuliyyət prinsipidir. Cəmiyyət
qarşısında götürdüyü öhdəliklərə
sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa
layiqli xidmət məramını əsas tutmaqla, ölkənin
bütün mövcud resurslarını qarşıya
qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi
naminə səfərbər edir, siyasətində hər
bir fərdin maraq və mənafeyini nəzərə almağa
çalışır. Hakimiyyətin gördüyü
işlərlə bağlı mütəmadi olaraq xalqa hesabat
verməsini idarəçilikdə mütərəqqi ənənə
kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev
də fenomenal liderlik keyfiyyətləri sayəsində
respublikamızı son illərdə sürətli inkişaf
yoluna çıxarmışdır.
Nazirlər
Kabinetinin hesabatlarının hər rüb üzrə ictimaiyyətə
açıqlanması bir tərəfdən hökumətin fəaliyyətində
şəffaflığı, məsuliyyəti artırırsa,
digər tərəfdən cənab İlham Əliyevin ölkəni
daim irəliyə aparmağa, xalqın maraq və mənafelərini
maksimum dərəcədə təmin etməyə qadir olan lider
olduğunu təsdiqləyir. İdarəçilikdə xalqa
hesabat ənənəsinin əsasını qoymuş dövlət
başçısı vətəndaşları
qarşıdakı vəzifə və planlar, strateji əhəmiyyətli
layihələr barədə məlumatlandırır. Bütün bunlar göstərir ki, dövlət
başçısı özünəməxsus siyasi məharətlə
ölkəyə rəhbərlik fəaliyyətinin
bütün məqamları arasında qırılmaz
bağlılığa, məntiqi ardıcıllığa
nail olmuş, dövlət idarəçiliyinin özünəməxsus
mükəmməl sistemini formalaşdırmış, bu
sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini
təmin etmişdir. Dövrün tələblərinə
uyğun formalaşdırılmış bu sistem
respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə,
siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın
maddi rifah halının yaxşılaşmasına, ölkədə
demokratiyanın inkişafına yönəlmiş
mühüm qərarlara, habelə bu qərarların
icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.
Azərbaycan
Prezidenti Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclası Avratlantik məkana
inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və
kommunikasiya layihələrinin lokomotivinə çevrilən,
demokratikləşmə yolunda atdığı ardıcıl
addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi
kimi tanınan respublikamızın bütün sahələrdə
dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. 2008-ci ildə
xalqın iradəsi ilə ikinci müddətə Azərbaycan
Prezidenti seçilmiş cənab İlham Əliyev son bir ildə
respublikanın sosial-iqtisadi, siyasi-hüquqi və mədəni
sahələrdə inkişafı üçün
bütün zəruri tədbirləri həyata
keçirmiş, nəticədə respublika iqtisadiyyatında
dinamik iqtisadi artım tempi qorunub saxlanılmışdır.
Nazirlər
Kabinetinin son iclası deməyə əsas verir ki, ulu öndər
Heydər Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi,
qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli
biznes və investisiya mühitinin
formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər
2009-cu ildə də cənab İlham Əliyevin yeritdiyi
iqtisadi siyasətin əsasını təşkil edir. Bütün dünya ölkələrində iqtisadi
inkişafa ciddi zərbə vuran qlobal maliyyə
böhranına rəğmən, Azərbaycanın
bütün sahələrdə qazandığı yüksək
nailiyyətlər ilk növbədə sistemli və
düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir.
Fəal antiböhran tədbirləri həyata
keçirən hökumət ötən il milli iqtisadiyyatda
müşahidə olunan yüksək inkişaf tempini qoruyub
saxlamağa, hər bir mərhələ üçün
qarşıda duran vəzifələri düzgün müəyyənləşdirməyə,
maliyyə "qasırğası"nın
respublikamızdan ötüşməsinə
çalışmışdır.
Hökumətin maliyyə
sabitliyinin təmini yönümündə həyata
keçirdiyi tədbirlər praktik baxımdan özünü
doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə
ən az məruz qalan dövlətlərdən olmuşdur. Bu
isə dövlət başçısı İlham Əliyevin
hələ ilin əvvəllərində hökumət
qarşısında müəyyənləşdirdiyi ən
başlıca vəzifənin uğurla həyata
keçirildiyini göstərir. Xatırladaq ki,
cənab İlham Əliyev cari ilin əvvəlində qlobal
böhranın dəf edilməsi üçün kommunal,
istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə
aparılması, kommunal sektorda fəaliyyət göstərən
təşkilatlar tərəfindən alınan materialların
və yanacağın dəyərinin vaxtında
və tam ödənilməsi, fiskal orqanlar tərəfindən
vergi və rüsumların dövlət büdcəsinə
toplanmasının təmin olunması, dövlət
qurumlarında şəffaflığın, maliyyə
intizamının möhkəmləndirilməsi kimi məqamları
xüsusi önə çəkmişdir. Bir
tərəfdən uğurla gerçəkləşdirilən
antiböhran tədbirləri, digər tərəfdənsə
əvvəlki illərdən yaradılmış möhkəm
maliyyə-iqtisadi potensial hesabına ölkə
iqtisadiyyatının dayanıqlığı qorunub
saxlanılmış, onun mənfi xarici təsirlərə
müqavimət qabiliyyəti sınaqdan uğurla
çıxmışdır.
Hökumət
üzvlərinin iştirakı ilə keçirilən iclasda
dərin məzmunlu nitq söyləyən dövlət
başçısı İlham Əliyev respublikamızın
qlobal böhrandan ən az əziyyət çəkən
dövlət olduğunu xüsusi vurğulamışdır: "...Bu il ərzində Azərbaycan
iqtisadiyyatı çox uğurla inkişaf edib. Bu, çox
sevindirici haldır. Xüsusilə ona görə ki, bu il
dünyada maliyyə və iqtisadi böhran hökm
sürür. Demək olar ki, bütün ölkələrə
bu böhranın çox mənfi təsiri olmuşdur və
dünya miqyasında ölkələrin mütləq əksəriyyətində
iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan
iqtisadiyyatı isə inkişaf edir. Əlbəttə, biz
öz iqtisadi siyasətimizi apararkən ancaq daxili
resurslarımıza əsaslanırıq və bununla bərabər,
heç vaxt heç bir müqayisə aparmamışıq".
Ötən 9
ayın statistikası Azərbaycanın bütövlükdə
MDB məkanında rasional siyasət yeridərək
iqtisadiyyatını böhranın mənfi təsirlərindən
maksimum dərəcədə hifz edən, eyni zamanda ciddi
artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir. 2009-cu ildə MDB
dövlətlərinin əksəriyyətində iqtisadi vəziyyətin
pisləşməsi - ümumi daxili məhsulun Rusiyada 14,
Qazaxıstanda 1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7,
Moldovada 24,6, Ermənistanda 20, Tacikistanda 11,4, Ukraynada 29,6 faiz
azalması fonunda Azərbaycanda 6,1 faiz artıma nail olunması
inkişafın bariz göstəricisidir. Hesabat
dövründə sənayedə 5, kənd təsərrüfatında
3 faiz artımın baş verməsi də dünya
iqtisadiyyatının tənəzzülə
uğradığı hazırkı mərhələdə
kifayət qədər diqqətəlayiq rəqəmlərdir.
Mühüm nəticələrdən biri də
respublikanın strateji valyuta ehtiyatlarının ilin əvvəli
ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard
dollara çatmasıdır.
Əksər
dünya dövlətlərində qlobal böhranın mənfi
fəsadları ilk növbədə insanların gündəlik
həyatında mənfi izlərini buraxır: iş yerləri
qapanır, manat devalvasiyaya uğrayır, inflyasiya dərinləşir,
iri müəssisələr iflic vəziyyətinə
düşür.
Azərbaycanda isə son 9 ayda tamam fərqli, həm də
ürəkaçan mənzərə hökm sürür. Cənab
İlham Əliyevin effektiv iqtisadi siyasəti nəticəsində
bu müddətdə vətəndaşların
yaşayış səviyyəsi daha da
yaxşılaşmış, sosial məsələlərin həlli
istiqamətində bir sıra addımlar
atılmışdır. Son 9 ayda inflyasiya cəmi 2,1 faiz təşkil
etdiyi halda, əhalinin pul gəlirləri 10 faiz, banklardakı əmanətləri
11 faiz artmışdır. Orta əməkhaqqı 15 faiz
yüksələrək 370 dollara çatmış, 50 minə
yaxın yeni iş yeri açılmışdır.
Ümumilikdə, 2003-cü ildən bu günə qədər
açılmış yeni iş yerlərinin sayı 824 minə
çatmışdır.
Ötən müddətdə
ipoteka kreditlərinin verilməsi bərpa olunmuş,
ünvanlı sosial yardım proqramı davam etdirilmiş,
dövlətdən yardım alan ailələrin sayı 150 minə
(700 min nəfər) çatmışdır. Bu
yardımın məbləği orta hesabla 140 dollar təşkil
edir. Bütün bunlar isə bazar iqtisadiyyatı yolunu
seçmiş Azərbaycanda sosial məsələlərin həllinin
daim diqqət mərkəzində olduğunu, hakimiyyətin fəaliyyətində
sosialyönümlü layihələrin dominantlıq təşkil
etdiyini bir daha təsdiqləyir.
Ötən müddətdə
bank sektorunda likvidlik probleminin yaranmasının
qarşısı alınmış, manatın sabitliyinin
qorunub saxlanılması əhalinin bu sektora inamının
yüksəlməsini təmin etmişdir. Azərbaycan
Prezidenti İlham Əliyev Nazirər Kabinetinin iclasında
bununla bağlı demişdir: "Mərkəzi
Bankın səyləri nəticəsində manatın məzənnəsinin
sabit vəziyyətdə saxlanılması, bax, bu vəziyyəti
şərtləndiribdir. Əgər biz başqa ölkələr
kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata
inam azalardı, banklara qoyulan əmanət azalardı və beləliklə,
həm inam, həm də ki, bankların maliyyə
resursları azalardı. Düzgün siyasətimiz nəticəsində,
baxmayaraq ki, demək olar, bölgədə yerləşən
bütün ölkələrdə milli valyuta devalvasiya edilib,
biz manatı sabit saxladıq. Bu, düzgün siyasət
idi".
Hər bir dövlətin sosial sahədə
yeritdiyi siyasətin uğurunu təmin edən əsas amillərdən
biri də cəmiyyətin bütün sahələrində
insanların firavanlığına hesablanmış sosial
infrastrukturun formalaşdırılmasıdır. Azərbaycanda
iqtisadi modernləşmənin başlıca şərti hər
bir sahədə yeni dövrün tələblərinə
cavab verən infrastrukturun yaradılması yolu ilə insan
resurslarının inkişafıdır. Nazirlər Kabinetinin
son iclası Azərbaycanda sosial infrastruktur layihələrinin
həyata keçirilməsi baxımından hər hansı
çətinliyin və gecikmənin olmadığını
göstərir. Son bir ildə Bakıya Oğuz-Qəbələ
zonasından su kəmərinin çəkilişi davam
etdirilmiş, paytaxtda yeni körpülər,
yolötürücülər, piyada keçidləri istifadəyə
verilmiş, respublika əhəmiyyətli yollarda əsaslı
yenidənqurma işləri aparılmış, paytaxtda və
regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman kompleksləri istifadəyə verilmişdir.
Dövlət
başçısı Nazirlər Kabinetinin iclasında 2010-cu
ilin dövlət büdcəsinin sosial və investisiya
yönümlü olacağını da diqqətə
çatdırmış, büdcədə dövlət əsaslı
kapital qoyuluşları üçün 5 milyard dollar vəsaitin
nəzərdə tutulduğunu demişdir. Gələn il Oğuz-Qəbələ-Bakı
su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron su
kanalı, Şəmkirçay su anbarı kimi qlobal layihələrin
reallaşdırılması xüsusi diqqət mərkəzində
olacaqdır.
Hökumətin son
iclasının yekunlarına nəzərən, demək olar
ki, qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin
əsas səbəblərindən biri də regionlarda əlverişli
biznes və investisiya mühitinin formalaşması, iş
adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin
istehsal potensialının səmərəli realizəsi, daxili
istehsalın təşviq edilməsidir. Daxili
investisiya qoyuluşlarının həcminin əhəmiyyətli
dərəcədə artması, xaricdən maliyyə
asılılığının minimuma endirilməsi, real
sektorun, istehsalla məşğul olan müəssisələrin
hərtərəfli dəstəklənməsi, daxili bazarın
qorunması da bu baxımdan xüsusi əhəmiyyət kəsb
edir. Qlobal böhrana rəğmən, 2009-cu ildə
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ayrılan maliyyə vəsaitlərinin həcminin artması
son dərəcə təqdirəlayiq faktdır. Cənab
İlham Əliyev hökumətin iclasında
qarşıdakı illərdə də sahibkarlığa
dövlət dəstəyinin geniş vüsət
alacağını diqqətə
çatdırmışdır: "Sahibkarlığa Kömək
Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi
ilin sonuna qədər davam etdirilməlidir. Mən hesab edirəm
ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci
yarısında baş tutmalıdır. Biz onu ilin sonuna
saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt
qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox
düşünülmüş şəkildə verilməlidir.
Bu kreditlər ölkəmiz üçün
lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat
çoxşaxəli şəkildə inkişaf etsin" deyən
dövlət başçısı əlavə etmişdir
ki, Dünya İqtisadi Forumunun 2009-2010-cu illər
üçün hazırladığı "Qlobal Rəqabətlilik
Hesabatı"nda Azərbaycanın 18 pillə irəliləyərək
133 ölkə arasında 51-ci yerə, MDB ölkələri
arasında isə 1-ci yerə yüksəlməsi son dərəcə
sevindirici hadisədir. Müqayisə üçün bildirək
ki, bu hesabatda qonşu ölkələrdən Türkiyə
61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci,
Gürcüstan 90-cı yerdədir.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin son iclasında iqtisadi sahədə
qarşıda perpsektiv vəzifələrlə yanaşı,
son vaxtlar Cənubi Qafqazda cərəyan edən proseslərə,
o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı aparılan
danışıqlar prosesinə də münasibətini açıqlamışdır. Cənab
İlham Əliyev demişdir ki, Ermənistan tərəfi
danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmaqla
vaxt udmağa, prosesi süni şəkildə uzatmağa
çalışır. "Bəzi hallarda həm
biz, həm də məsələ ilə məşğul olan
vasitəçilər bunu çox böyük təəccüblə
qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl
razılaşdırılmış məsələ yenidən,
elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır.
Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı
uzatmaq. Çünki Ermənistan tərəfi praktiki
addımlar atmalıdır. O addımlar da ondan ibarətdir ki,
Ermənistan bütün qoşunlarını Azərbaycanın
işğal olunmuş torpaqlarından, Dağlıq
Qarabağın ətrafında yerləşən torpaqlardan
çıxarmalıdır. Bu, artıq uzun illərdir ki,
razılaşdırılmış məsələdir. Bu məsələdə
heç bir başqa fikir ola bilməz. Yenidən
bu məsələyə qayıtmağın və
razılaşdırılmış digər məsələlərə
yenidən qayıtmağın yeganə izahını biz bunda
görürük: həlledici məqamlarda vaxtı süni
şəkildə uzatmaq və əslində,
danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik"
deyən dövlət başçısı Azərbaycanın
regionda ən qüdrətli orduya və hərbi potensiala malik
olduğunu, habelə zəbt olunmuş
torpaqlarımızın işğaldan azad etmək əzmini
bir daha qeyd etmişdir. Cənab İlham Əliyev qətiyyətlə
demişdir ki, Azərbaycan bundan sonra da istər
danışıqlar prosesində, istərsə də bölgədə
gedən başqa proseslərdə prinsipial mövqeyindən
dönməyəcəkdir.
Türkiyə-Ermənistan
yaxınlaşması zəminində cərəyan edən son
proseslərə qətiyyətli mövqeyini ifadə edən
dövlət başçısı demişdir ki, Azərbaycanın
iştirakı olmadan regionda heç bir təşəbbüs
ciddi səmərə verə bilməz. Cənab İlham Əliyev
vurğulamışdır ki, Ermənistan
işğalçı siyasətindən əl çəkmədən
regionda üzləşdiyi təcrid siyasətindən qurtula,
normal inkişaf edə bilməyəcəkdir. Azərbaycan
Prezidenti həmçinin vurğulamışdır ki,
Dağlıq Qarabağ münaqişəsinin dondurulması
yolu ilə regiondakı başqa problemlərin həllinə
çalışan dövlətlər heç nəyə
nail ola bilməyəcəklər. Ən başlıcası,
Azərbaycan bu cür geosiyasi dəyişikliklərə milli
maraqları çərçivəsində adekvat cavab
vermək iqtidarındadır.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 2.