"Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının 3-cü nömrəsi çapdan çıxmışdır

 

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) tərəfindən nəşr olunan "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının 2009-cu ildə üçüncü nömrəsi çapdan çıxmışdır.

Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyev jurnala yazdığı "Şərq və Qərb: fəlsəfələrin dialoqu" adlı ön sözdə bildirir ki, fəlsəfə inkişaf etdikcə, qədim hind-çin təlimlərinin, habelə orta əsrlərə aid olan təsəvvüf fəlsəfəsinin bir sıra ideyaları yenidən aktuallaşır və biz Şərq ilə Qərbin nisbi müstəqil inkişaf yollarının yenidən kəsişməsinin şahidi oluruq.

Akademik Ramiz Mehdiyev bu il mayın 2-də AFSEA-nın təşəbbüsü ilə Bakıda keçirilən "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" mövzusunda beynəlxalq elmi konfransın böyük əhəmiyyət daşıdığını vurğulayır. Filosof alimin qeyd etdiyi kimi, konfransın məqsədlərindən biri də Şərq təfəkkür ənənələrinin, xüsusən türk düşüncəsinin müasir fəlsəfi və ideoloji sistemlərdə yeri və rolu məsələlərini işıqlandırmaq idi. Jurnalın bu sayında həmin konfransda səslənən bir neçə əsas məruzə dərc edilmişdir.

Azərbaycanda ədəbi-bədii və fəlsəfi komparativistikanın, habelə Şərq-Qərb sivilizasiyalarının və milli mədəniyyətlərinin müqayisəli və sistemli şəkildə tədqiqinin əsasını qoymuş professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş bölmədə alimin yaradıcılığında öz əksini tapmış fəlsəfi problemlər haqqında söhbət açılır. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov "Aida İmanquliyeva yaradıcılığında Şərq və Qərb düşüncə tərzlərinin vəhdəti ideyası" məqaləsində qeyd edir ki, Aida xanım sadəcə təhlil etmir, o, Şərqi fitrən duyduğuna görə Qərb romantik ədəbiyyatında düşüncədən deyil, ruhdan, könüldən gələn məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq motivlərini asanlıqla ayırd edir.

Jurnalda "Fəlsəfə tarixi", "Mədəni-mənəvi dəyərlər", "Elmi-fəlsəfi həyat" və s. rubrikalar altında da maraqlı yazılar yer almışdır.

Bu nömrədə də görkəmli filosofların əsərlərindən tərcümələr çap edilmişdir. Oxuculara Cəmaləddin Əfqaninin "Fəlsəfənin faydaları" və Məhəmməd İqbalın "İnsan "mən"i, onun azadlığı və əbədiliyi" adlı əsərləri ilk dəfə olaraq Azərbaycan dilində təqdim olunur.

Jurnalda AFSEA-nın həyata keçirdiyi və ya qatıldığı elmi-fəlsəfi tədbirlər, Azərbaycan filosoflarının xarici ölkələrdə keçirilən bir sıra konfranslarda iştirakı haqqında məlumat dərc edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 2.