Bakıda keçirilən TÜRKSOY Daimi
Şurasının 26-cı toplantısına yekun
vurulmuşdur
"Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində
"Qafqaz Point" otelində keçirilən TÜRKSOY Daimi
Şurasının 26-cı toplantısına oktyabrın 17-də
yekun vurulmuşdur.
TÜRKSOY Daimi
Şurasının müvəqqəti əlaqələndiricisi,
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirmişdir ki, bu gündən etibarən qurumun fəaliyyət
dairəsi genişlənəcək və təşkilat beynəlxalq
status daşıyacaqdır. Bu səbəbdən də qurum Türk
Mədəniyyəti Beynəlxalq Təşkilatı
(TÜRKSOY)
adlanacaqdır. Beynəlxalq qanun və nizamnamələrə
uyğun fəaliyyət göstərəcək təşkilatın
baş direktoru isə baş katib statusunu yerinə yetirəcəkdir.
Təşkilatın
beynəlxalq qurumlar tərəfindən tanınması və əlaqələrinin
genişləndirilməsi üçün ardıcıl
addımlar atılacaqdır.
Nazir vurğulamışdır
ki, bu dəyişikliklər Naxçıvan şəhərində
keçirilmiş Türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə
görüşü zamanı nəzərdə tutulmuş məsələlərin
bir növ davamıdır.
Bildirilmişdir ki, iki gün davam
edən toplantıda ötən müddət ərzində təşkilatın
fəaliyyəti təhlil edilmiş, TÜRKSOY-un hüquqi sənədlərinə
düzəlişlər və əlavələr olunmuş, eləcə
də qurumun 2010-cu il üçün fəaliyyət
proqramının müzakirəsi aparılmışdır.
Toplantıda türk mədəni
irsinin qorunması və inkişaf etdirilməsi ilə
bağlı birgə tədbirlərin həyata keçirilməsi,
türkdilli xalqların tarixi-mədəni əlaqələrinin
gücləndirilməsi, ikitərəfli və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsinin
vacibliyi və digər bu kimi məsələlər müzakirə
edilmişdir.
TÜRKSOY-un baş katibi Düsen
Kaseinov qurumun türk xalqlarının daha da
yaxınlaşması istiqamətində həyata
keçirdiyi tədbirlər barədə ətraflı məlumat
vermiş və Bakıda yekunlaşan toplantının əhəmiyyətindən
danışmışdır.
Natiq vurğulamışdır
ki, qurumun növbəti toplantısı 2010-cu il mayın 6-8-də
Moldovanın tərkibinə daxil olan Qaqauz Yeri Muxtar
Respublikasında təşkil ediləcəkdir. TÜRKSOY Daimi
Şurasının müvəqqəti əlaqələndiricisi
vəzifəsini isə muxtar bölgənin mədəniyyət
naziri Dmitri Kambur daşıyacaqdır.
Sonra TÜRKSOY Daimi
Şurasının 26-cı toplantısının yekun sənədi
- Bakı Bəyannaməsi imzalanmışdır.
Sənəddə Azərbaycanın
təklifi nəzərə alınaraq, TÜRKSOY-un təşkilatçılığı
ilə "Ümumtürk mədəniyyətinin
inkişafı strategiyası"nın hazırlanması,
dünya sivilizasiyasının inkişafına əhəmiyyətli
töhfə vermiş zəngin türk mədəni irsinin
qorunması və dəstəklənməsi üzrə
TÜRKSOY Fondunun yaradılması, qurumun Avropa Şurası,
İSESKO və bir sıra digər beynəlxalq təşkilatlarla
əməkdaşlıq qurması və mədəniyyətlərarası
dialoqun təşviqinə dair "Bakı Prosesi"ndə fəal
iştirak etməsinin vacibliyi öz əksini
tapmışdır. Sənəddə, həmçinin Ermənistan
tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ və ətraf rayonlarda türk mədəni irsinin məhv
edilməsinin pislənilməsi ilə bağlı məsələlər
də yer almışdır. Bəyannamədə TÜRKSOY-un
Avropa Şurasının "Sənətçilər Dialoq
naminə" layihəsində iştirak etməkdə
maraqlı olduğu da qeyd edilmişdir.
Tədbirdə iştirak edən
TÜRKSOY-un üzvü olan Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan, Başqırdıstan,
Qaqauz Yeri və digər ölkələrdən gəlmiş
nümayəndələr biri-birilərinə xatirə hədiyyələri
təqdim etmişlər.
Azərbaycan.- 2009.- 18 oktyabr.- S.2.