TÜRKSOY-un təşkilatçılığı ilə
"Rəssamların görüşməsi" adlı sərgi
açılmışdır
Oktyabrın 16-da Muzey Mərkəzinin
sərgi qalereyasında TÜRKSOY-un təşkilatçılığı
ilə türkdilli ölkələrin rəssam və
fotoqraflarının sərgisi açılmışdır.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev mərasimi açaraq
bildirmişdir ki, Bakıda "Bakı İslam mədəniyyətinin
paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində
növbəti mühüm tədbir keçirilir. Türkdilli
ölkələrin bir-birinə mədəni, həm də mənəvi
yaxınlaşmasının başlıca amillərindən
biri olan belə sərginin keçirilməsi bu dəfə
paytaxtımıza nəsib olmuşdur.
Azərbaycan 15 ildən
artıqdır ki, TÜRKSOY-un üzvüdür. Bu
yaxınlarda Prezident
İlham Əliyev türkdilli
ölkə rəhbərlərinin Naxçıvan şəhərində
keçirilən zirvə görüşündə türk
xalqlarının mədəniyyət sahəsində əməkdaşlığın,
dostluğun, qardaşlığın inkişafında
TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirmişdir.
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov təşkilat adından qonaqları
salamlamış və sərgiyə marağın
böyük olduğundan məmnunluğunu bildirmişdir.
"Rəssamların
görüşməsi" sərgisində TÜRKSOY-a
üzv olan ölkələrdən 16 rəssamın 32 əsəri,
həmçinin foto ustalarının 67 işi nümayiş
etdirilir.
1998-ci ildən TÜRKSOY tərəfindən
hər il təşkil edilən "Rəssamların
görüşməsi" sərgisi, TÜRKSOY-a üzv olan
14 ölkədən - Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan və digər ölkələrin mədəniyyət
nazirləri səviyyəsində seçilən
ayrı-ayrı rəssamların iştirakı ilə
keçirilir.
Sərginin
açılışında X TÜRKSOY rəssamlar
görüşünün rəsm sərgisində qalib gəlmiş
Qazaxıstan təmsilçisi
mükafatlandırılmış, Qazan şəhərində
keçirilən VIII Açıq Qazan fotomüsabiqəsində
"Harmoniya" işinə görə, "Mənzərə"
nominasiyasında 3-cü yerə layiq görülmüş həmyerlimiz
Əqdəs Bağırzadəyə diplom təqdim
olunmuşdur.
Tədbirdə TÜRKSOY-a üzv
dövlətlərin mədəniyyət nazirləri, o
cümlədən hökumət nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 2.