Veteran qadının dedikləri...
İkinci dünya müharibəsi
iştirakçılarının qəhrəmanlığı
bir çox kitablarda, filmlərdə öz əksini
tapmış, heykəllərdə, abidələrdə və
mərmər lövhələrdə həkk olunmuşdur. Amma
faşizmlə mübarizədə canından keçmiş
soydaşlarımızın uyuduğu məzarların
heç də hamısının yeri indiyədək məlum
deyil. Son illər keçmiş SSRİ-nin bir sıra ölkəsində
Böyük Vətən müharibəsində həlak
olmuş və itkin düşmüş hesab edilən qəhrəmanların
xatirəsinin bərpası üzrə fəal iş
aparılır. Bu cür qədirbilən fəaliyyət
Ukraynada da həyata keçirilir. Müharibədə
böyük qurbanlar vermiş hər bir xalq üçün
müqəddəs olan belə bir işdə dövlətin,
ictimai təşkilatların və bir çox
könüllünün səyləri birləşdirilib.
Bu yaxınlarda
Ukraynanın Jitomir vilayətinin Krasnoarmeysk rayonunun Sokolovo kəndində
Böyük Vətən müharibəsi qəhrəmanı,
azərbaycanlı Qonaqbəy Novruzəliyevin adını
daşıyan Yaddaş meydanında (qeyd edək ki,
yaxınlıqdakı Oçeretyanka kənd məktəbi də
soydaşımızın adını daşıyır - R.H.)
alman qəsbkarları ilə döyüşdə şücaət
göstərərək həlak olmuş daha bir
soydaşımızın məzarı
tapılmışdır.
1920-ci ildə Siyəzənin
Saadan kəndində anadan olmuş Ziyafəddin Ağateymur
oğlu Məlikov müharibənin ilk günlərində V
ordunun 41-ci tank diviziyasının 22-ci mexanikləşdirilmiş
korpusu tərkibində faşistlərin hücumunu dəf edərkən
qəhrəmancasına həlak olub. 68 ildən sonra həmin
meydanda axtarış aparan könüllülər xırda bir
kapsul tapırlar. Kapsulun içində saralmış,
kiçicik kağız parçasında Z.Məlikov barədə
anket məlumatları var idi...
Jitomir vilayətində daha bir qəhrəman
soydaşımızın məzarının tapılmasına
həsr edilmiş matəm mitinqində ölkəmizin
Ukraynadakı səfirliyinin əməkdaşları, Ukrayna
Prezidenti katibliyinin nümayəndələri, yerli rəhbərlik,
müharibə veteranları iştirak etmişlər. Azərbaycanın
Ukraynadakı hərbi attaşesi Tofiq Qasımov mərasimdə
çıxış edərək bildirmişdir ki, son əsgərimiz
torpağa tapşırılmayana kimi müharibəni
bitmiş hesab etmək olmaz. Polkovnik Qasımov Böyük Vətən
müharibəsinin döyüş meydanlarında
atalarını və 3 oğlunu itirmiş Məlikovlar ailəsinin
faciəsindən söhbət açmışdır. Qeyd
etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev hər
vaxt müharibə veteranlarına diqqət və qayğı
ilə yanaşmış, onlara və həlak olmuş qəhərəmanların
ailələrinə kömək göstərmiş, gənclər
arasında şöhrətli döyüş irsimizin təbliğinə
xüsusi diqqət ayırmışdır. Hazırda
müharibə veteranlarının və onların ailələrinin
sosial müdafiəsi siyasətini Azərbaycan Prezidenti
İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva uğurla davam etdirir.
Ölkəmizin Ukraynadakı səfiri
Tələt Əliyev qəhrəman
döyüşçünün cəsədini tapmış
insanlara minnətdarlığını bildirmiş, İkinci
dünya müharibəsində faşizm üzərində
qazanılmış qələbədə Azərbaycanın
böyük pay sahibi olduğundan söhbət
açmışdır. Səfir xatırlatmışdır
ki, 650 minə yaxın azərbaycanlı müharibəyə
yollanmış, bunlardan az qala yarısı canını qurban
vermişdir. T.Əliyev həmçinin qeyd etmişdir ki,
Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə
22 azərbaycanlı döyüşçü Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görülmüşdür.
Matəm mərasimindən sonra
Ziyafəddin Məlikovun nəşi ailəsinə təhvil
verilmiş və o, doğma diyarda torpağa
tapşırılmışdır.
Müharibə illərində
itkin düşmüş əsgər və zabitlərimizin
axtarışı ilə fəal məşğul olan
qurumlardan biri Ümumukrayna İctimai "Zakonçim
voynu" ("Müharibəni bitirək") təşkilatı
idarə heyətinin üzvü Svetlana Kuşnirovanın
başçılıq etdiyi Sosial Təhlükəsizlik
Agentliyidir. Bu yaxınlarda Svetlana Aleksandrovna, habelə
Böyük Vətən müharibəsi veteranı polkovnik
Yevdokiya Nikolayevna Zavaliy, Krasnoarmeysk rayon administrasiyası sədrinin
birinci müavini Leonid Vitalyeviç Fesenko, Kiyev şəhər
tarixi vətənpərvərlik "Poisk"
("Axtarış") klubunun idarə heyətinin
üzvü Mariya Vasilyevna Osipenko və "Zakonçim
voynu" təşkilatının fəalı Vitali
Bernadoviç Dubinski Azərbaycana səfər etmişlər.
Qonaqlar Siyəzəndə Ziyafəddin Məlikovun məzarını
ziyarət etmiş, onun təhsil aldığı orta məktəbdə
olmuş, şagirdlərlə və təhsil
ocağının pedaqoji kollektivi ilə görüş
keçirmiş, onlara cəsur soydaşlarının
şanlı döyüş yolundan söhbət
açmışlar.
Ukrayna təmsilçiləri
Bakıya qayıtdıqdan sonra redaksiyamızın
qonağı oldular. Biz onlarla görüşdə əfsanəvi
döyüşçü, İkinci dünya müharibəsi
zamanı cəbhənin ön xəttində mübarizə aparan
dəniz piyadalarının kəşfiyyat taqımının
yeganə qadın komandiri polkovnik Yevdokiya Zavaliylə söhbət
etmək imkanı qazandıq. Qanlı müharibə illərini
xatırlayan Yevdokiya Nikolayevna dəhşətli tarixə
ekskurs edərkən göz yaşlarını saxlaya bilmir,
Rumıniya, Avstriya, Bolqarıstan, Macarıstan, Belarusiya,
Çexoslovakiya, Yuqoslaviya, Moldaviya və digər ölkələrin
azadlığı uğrunda iştirak etdiyi döyüşlərdən,
cəsur əsgərləri ilə birlikdə həyata
keçirdiyi məxfi əməliyyatlardan danışır.
Tabeliyində həm də dörd azərbaycanlının
olduğunu bildirən Zavaliy bunlardan biri - onun müavini, igid
soydaşımız Həsən Hüseynovun qəhrəmanlığı
sayəsində sağ qaldığını dilə gətirir...
Həsən Məhərrəm
oğlu Hüseynov 1925-ci ildə Tovuz rayonunun Çataq kəndində
anadan olmuşdur. Böyük Vətən müharibəsində
göstərdiyi şücaətə görə
"Şöhrət", "Vətən müharibəsi"
ordenləri, 14 medalla təltif olunmuşdur.
Macarıstanın paytaxtı
Budapeştin azad olunması uğrunda döyüşlər
zamanı almanların qərargahının məhv edilməsi
və qərargah rəisi olan generalın əsir
götürülməsi barədə tapşırıq
verilmişdi. Zavaliy avtomatçılar qrupu ilə birlikdə əməliyyata
hazırlaşırdı...
Azərbaycanın əməkdar jurnalisti Əhməd İsayevin 1979-cu ildə işıq üzü görmüş "Dağlar da baş əyir" kitabında Həsən Hüseynovla bağlı məqalədə yazılır: "...Lakin əsgərlərdə çox az sayda patron və qumbara qalmışdı. Bunu görən Həsən Hüseynov iki döyüşçü ilə hitlerçilərin gizləndiyi binaya hücum etdi və bir azdan özü ilə xeyli patron və qumbara gətirdi... Günün ikinci yarısında taqım kanalizasiya boyunca hərəkət etməli oldu. Ona görə ki, düşmən qərargahının yerləşdiyi binaya bundan qısa və gizli yol yox idi. Kanalizasiya boruları çox dar idi. Üfunətdən nəfəs almaq mümkün deyildi. Nəhayət, quyudan çıxan kimi döyüşçülər cəld dağılışdılar. Gözlənilmədən hücuma keçən dənizçi avtomatçıların görünməsi düşmənləri çaşdırdı. Hüseynov faşist gözətçisini öldürdükdən sonra binanın pəncərələrindən pulemyot atəşi açıldı... Taqım binaya daxil oldu. Sovet döyüşçüləri mərtəbə-mərtəbə binanı faşistlərdən təmizləməyə başladılar. Hitlerçilərin sağ qalanları təslim olurdu, onların arasında general da vardı..."
Müharibə bitdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olan Həsən Hüseynov uzun illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına nəzarət idarəsinin baş müfəttişi vəzifəsində çalışmışdı.
1970-ci ildə Yevdokiya Zavaliy "Bakinski raboçi" qəzeti vasitəsilə Həsən Hüseynovu tapmış və onlar uzun illik fasilədən sonra görüşmüşdülər. 1977-ci ildə isə ümummilli liderimiz Heydər Əliyev Kiyevdə 18-ci ordunun döyüş muzeyində olarkən Yevdokiya Nikolayevna onunla görüşmüş və azərbaycanlı Həsən Hüseynovun ona verdiyi qanı hesabına sağ qaldığını söyləmişdi. Bundan bir il sonra - mayın 9-da Y.Zavaliy və H.Hüseynov Bakıda, Mərkəzi Komitədə Heydər Əliyev tərəfindən qəbul olunmuşdular. Ulu öndərlə görüşdən böyük təəssüratla ayrılmış Həsən Hüseynov həyatının son günlərinədək bir fikri tez-tez səsləndirirdi: "Heydər Əliyev Allah-Taalanın bəşəriyyət üçün göndərdiyi bir töhfədir".
Müharibədə aldığı çoxsaylı yaralardan daim əziyyət çəkən Həsən Hüseynov 1998-ci ildə vəfat etmişdir...
8 şəhərin fəxri vətəndaşı Yevdokiya Zavaliy müharibə illərində 3 dəfə "dəfn" olunduğunu, aldığı yaralardan "vəfat etdiyi" barədə evinə "qara kağız" göndərildiyini deyir. Ancaq hər dəfə Tanrı onu xilas edib: "Bütün almanlar mənim ovuma çıxmışdılar. Lakin hər dəfə Tanrının köməyi ilə döyüşçülərim məni qoruyurdu. 55 döyüşçümdən hər biri indi də gözümün qarşısındadır. Halbuki onların heç biri sağ deyil. Budur, "Ardımca!" qışqırıb onları döyüşə qaldırıram..."
Göz yaşlarını saxlaya
bilməyən 86 yaşlı döyüşçünü
sakitləşdirmək üçün söz tapmaq çətindir.
Dünya xalqları üçün böyük faciəyə
çevrilmiş müharibə onun qəlbində sağalmaz
yaralar qoyub. "Heç nə yaddan çıxmayacaq,
heç kəs unudulmayacaq!" - söyləyən Yevdokiya
Nikolayevna Zavaliy ölkəmizə səfərinin baş
tutmasına görə Azərbaycan Respublikasının
Prezident Aparatının məsul əməkdaşı Qafar Əliyev
və Ərəstun Mehdiyevə, Nazirlər Kabinetinin
işçilərinə, Respublika Veteranlar
Şurasının sədri Əlövsət Baxışova,
onun birinci müavini Surxay Qənizadəyə, şuranın məsul
əməkdaşı Kamal Əliyevə, Ukraynanın Azərbaycandakı
səfirliyinə, ölkəmizdəki Ukrayna
İcmasının rəhbəri Aleksandr Zareçnıya,
habelə azərbaycanlı könüllülərə minnətdarlığını
bildirdi.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 5.