Ruh oxşayan təranələr

 

1986-cı ildə Bakıda Zaqafqaziya, Orta Asiya və Qazaxıstan respublikalarının xalq çalğı alətləri ifaçılarının Üzeyir Hacıbəyli adına I müsabiqəsi keçirilirdi. İndiki Musiqi Akademiyasının böyük salonu tamaşaçı ilə dolu idi. Münsiflər heyətinə tanınmış bəstəkarlar və musiqiçilər daxil idilər. Maraqlı, yaddaqalan nömrələr bir-birini əvəz edirdi. Nəhayət, aparıcı müsabiqəyə qatılmış azərbaycanlı qızının adını elan etdi. Bu, Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin kamança sinfinin şagirdi Fəridə Məlikova idi. Fəridə kamanı dizinə qaldırıb öz aləminə qapılanda salonu bürümüş həzin və qəlb titrədən musiqi sədaları hamını əfsuna saldı. Müsabiqənin qalibləri elan ediləndə bu qızcığazın da adı çəkildi. Fəridə Məlikova müsabiqənin laureatı adını qazandı. Bu uğurlu debütdən sonra respublikada keçirilən müsabiqələrdə Fəridə həmişə birinci mükafata sahib olurdu.

Ötən əsrin 80-ci illərində Azərbaycan mətbuatında Fəridə Məlikova barəsində onlarca məqalə yazılıb. Tanınmış bəstəkarlar, musiqi xadimləri onun haqqında çox yüksək fikirlər söyləyirdilər. İnanırdılar ki, gənc kamançaçı qız gələcəkdə yeni zirvələr fəth edəcək. Xalq artisti, bəstəkar Süleyman Ələsgərov Fəridənin musiqi ifaçılığı haqqında inamla deyirdi: "Fəridə Məlikova kamançanın texniki və bədii imkanlarını özünə ram edərək istər Azərbaycan, istərsə də xarici ölkə bəstəkarlarının əsərlərini çox yüksək səviyyədə ifa edir. O, çaldığı əsərləri qəlbən duyur, hiss edir. Bu səbəbdən də hər bir əsərin ruhunu dinləyiciyə məharətlə çatdırır. Böyük sənətdə atdığı ilk addımlar uğurlu oldu. Mən inanıram ki, onun kamançası təkcə respublikamızda yox, uzaqlarda da səslənəcəkdir".

Bu inamlı sözlərin deyilməsindən 23 il keçir. Həqiqətən də Fəridə Məlikovanın ustalıqla ifa etdiyi kamançanın sədaları Avropa və Şərq ölkələrini bürüyüb. İndi bu kamançaçı xanımın xoş sorağı Fransa, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Türkiyə, Ərəb ölkələri, İran, Rusiya, Gürcüstan və başqa yerlərdən gəlir.

Ü.Hacıbəyli musiqi alətləri haqqında öz fikirlərini qələmə alaraq kamança barədə belə yazırdı: "...Kamança melodik alətlərdən ən gözəlidir. O, yeganə alətdir ki, ondan qopan səs insan avazına bənzəyir". Bu alətin Azərbaycanda çox mahir ifaçıları olub. Amma ən qabili və ustadı Habil Kaman sayılır. Əlbəttə, mədəniyyət tarixində sözünü deyən kaman ifaçıları da az deyil. Rəhmətlik Ədalət Vəzirov, Ağa Cəbrayıl Abbasəliyev, Şəfiqə Eyvazova və indi onların da yolunu ləyaqətlə davam etdirən gənc kamançaçılar - Elnur Əhmədov, Elşən Mansurov və başqaları diqqətçəkən musiqiçilərdir. Onların festivallarda, yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar hamını sevindirir. Fərəhlidir ki, Fəridə Məlikovanın bu sıradakı yeri çox fərqlidir və möhtəşəmdir. Xalq artisti, kaman ustadı Habil Əliyev söyləyir: "Öncə mən çox sevinirəm ki, "Azərbaycan" qəzeti mədəniyyətin təbliğinə müntəzəm olaraq öz səhifələrində yer verir. Bu qəzet nə iş görürsə, çox mükəmməl yerinə yetirir və sizin Fəridə Məlikovadan yazmağınız məni çox sevindirdi. Çünki mənim tanıdığım kamançaçalan qızların içində ən yaxşı kamança ifaçısıdır. O, həm istedadlıdır, həm də zəhmətkeş. Gecəsi-gündüzü yoxdur. Bir tərəfdə sənət üçün mən deyərdim ki, can-dildən çalışır, digər tərəfdə də balalarının naminə bir ana kimi özünü oda-közə vurur. Bir də, vallah, sizə asan gəlməsin, qadınlar arasında Fəridə Məlikova kamançada ilk dəfə "Mənsuriyyə"ni ifa edib. Bu mürəkkəb muğamın kamançada ifa edilməsi çox çətindir. Amma o, bunu məharətlə bacardı. Bilirsiniz, bu uğurun səbəbi nədir? Adi pinəçi də olsan gərəkdir ki, işinə ürəkdən yanaşasan. Fəridə xanım könlünü kamançaya elə bağlayıb ki, istəsə də, zəif ifaçı ola bilməz".

İlk dəfə 7 yaşında səhnəyə çıxan və Fikrət Əmirovun "Lay-Lay"ını çalan Fəridə Məlikova musiqi texnikumunu Sumqayıtda "əla" qiymətlərlə başa vurduqdan sonra Bakı Musiqi Akademiyasında təhsil alıb. O, burada da seçilən tələbələrdən biri olub. Ali məktəbi Üzeyir Hacıbəyli təqaüdçüsü kimi bitirən Fəridə Məlikova fərqlənmə diplomuna layiq görülüb. Xalq artisti Səkinə İsmayılova ilə birlikdə Azərbaycanda ilk dəfə musiqiçilərdən ibarət qadın üçlüyü yaradıblar. Bir tərəfdən musiqi sahəsində fəaliyyət göstərən Fəridə Məlikova bir müddət orta ixtisas musiqi məktəblərində də müəllim işləyib. Onun ilk solo konserti 1993-cü ildə baş tutdu. Beləliklə də Azərbaycan ifaçılıq sənətində maraqlı bir mərhələ başladı. Səkinə İsmayılovanın rəhbərlik etdiyi qadın üçlüyünün uğurlu konsert proqramı Avropa və Şərq ölkələrinin səhnələrində rəğbətlə qarşılanırdı. Həm kamança çalan, həm də tarzən qızlar sənət yaradıcılıqlarını Fəridə Məlikovanın çalışdığı ansambllarda, qruplarda inkişaf etdirirdilər. 2003-cü ildə peşəkar ifaçı xanımlardan ibarət yaradılmış "Azəri inciləri" qrupunun Almaniyada verdiyi konsert böyük uğur qazandı. Sonralar Bakı-Tbilisi-Ceyhan dostluq birliyi adı altında keçirilən forumda bu trio Türkiyə səhnəsində muğam sənətimizi yüksək səviyyədə nümayiş etdirdi. Telekanallarda, konsert salonlarında "Azəri qızlar" instrumental triosunun çıxışları məhəbbətlə, maraqla qarşılanırdı. Müxtəlif ölkələrdə keçirilən mədəniyyət günlərində də Fəridə Məlikovanın kamançada çaldığı Azərbaycan təranələri dərin hiss və həyəcan doğururdu.

Son illərdə Fəridə Məlikovanı biz yeni yaradılmış "Azərbaycan inciləri" qrupunun bədii rəhbəri və solo ifaçısı kimi görürük. TRT-AVAZ kanalının açılışında bu qrupun dəvət alması və yüksək səviyyədə iştirakı türkdilli dövlətlərdə maraq doğurdu. Ümumiyyətlə, TRT kanalı "Azərbaycan inciləri" qrupunu başqa proqramlara da tez-tez dəvət edir. Bu ilin yayında Qazaxıstanda keçirilən Türk Dünya Folklor Musiqi festivalında "Azərbaycan inciləri" qrupu da iştirak edirdi. Musiqiçilərimiz milli sərvətimiz olan muğam sənətini yüksək peşəkarlıqla nümayiş etdirərək Vətənə qalibiyyətlə döndülər.

Bir müddət Musiqi Akademiyasında, hazırda isə Milli Konservatoriyada müəllim vəzifəsində çalışan Fəridə Məlikova bu yaxınlarda Hollandiyadan qayıdıb. Dünya musiqiçilərinin toplandığı "Atlaz" Akademiyasının 200 illik yubileyində iştirak edən həmyerlimiz burada ustad dərsi keçib. Dünya avanqard bəstəkarlarının əsərlərindən ibarət konsertdə kamançada solo ifaçısı kimi çıxış edib. Sonra Şərq musiqiçilərinin ayrıca konserti olub. Fəridə xanım o səfərlə bağlı təəssüratlarını fərəhlə söyləyir: "Suriyalı müğənni Vəfa Safar mənim müşayiətimlə Azərbaycan xalq mahnısı "Qaragilə"ni oxudu. Mən də bunun qarşılığı olaraq kamançada ərəb musiqisi ifa etdim. Bizim bu əməkdaşlığımız toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılandı".

Öz kamanı ilə tamaşaçıların məhəbbətini qazanan, qeyri-adi ifa tərzi ilə seçilən Fəridə Məlikova 25 ildir ki, professional səhnədədir. Bir tərəfdən seçilən sənətkar kimi qazandığı uğurların qürurunu yaşayırsa, digər tərəfdən də sanki unudulacağından, yada düşməyəcəyindən narahatdır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 6.