Fil sümüyündən heykəl
Şumer heykəltəraşlarının
əsərləri arasında ayrı-ayrı heyvan heykəllərinə
də rast gəlinir. Bu heykəllərin hər biri xalqın həyat
və məişəti ilə bağlı olub, onların
mifik, kosmoqonik dünyagörüşlərini ifadə edir.
Belə heykəllərin birində ağaca çıxan
keçi təsvir edilmişdir. Heykəl qızıl,
gümüş və lazuritdən
hazırlanmışdır. Yarım metr
hündürlüyündədir. Təxminən e.ə.
dördüncü minilliyin axırı -
üçüncü minilliyin əvvəllərinə aiddir.
Hazırda Londondakı Britaniya Muzeyində saxlanılır.
Bu heykəldə ağac
çiçək açmışdır. Ağacın
çiçək açması yazın gəlişini xəbər
verir. Keçi çiçək açmış ağaca
dırmaşmışdır. Bu da o deməkdir ki, keçi
qışdan çıxmışdır. Artıq təbiət
oyanmışdır, canlanmışdır. Ağaclar
yarpaqlamış, torpaq göyərmişdir.
Şumerlər Novruz bayramını
çox böyük təntənə ilə yeni il kimi bayram
edirdilər. Mart ayının (Şumerlərdə nişan
ayının) 21-i təzə ilin başlanğıcı, gecəylə
gündüzün bərabərləşdiyi, Duminizinin
dirildiyi gün idi. Keçi obrazı Novruz şənliklərində
bu gün də yaşamaqdadır və Şumer dövründən
gəlib bizə çatmışdır.
Baxdığımız heykəl də əslində
keçiyə yox, Novruz bayramına qoyulmuşdur. Heykəltəraş
öz duyğu və düşüncələrini ifadə
etmək üçün çiçək
açmış ağacla keçidən ibarət gözəl
bir kompozisiya yaratmışdır. Novruz bayramının
Şumer xalqının həyatında necə böyük
önəm daşıdığını başa
düşmək üçün bircə fakta diqqət yetirmək
lazımdır ki, bu heykəl büsbütün
qızıldan və gümüşdən
tökülmüşdür. Yarım metr
hündürlüyündə heykələ nə qədər
qızıl və gümüş işləndiyini
düşünəndə hələ beş-altı min il
bundan qabaq şumerlərin Novruz bayramına sevgiləri və
sənətə necə yüksək qiymət verdikləri
gözlərimiz önündə canlanır.
Şumerin ən qədim şəhərlərindən
biri olan Şirpurludan bir ayı heykəli
tapılmışdır. Mütəxəssislər onu şir
başlı iblis adlandırmışlar. Ancaq heykəldən
onun şir yox, ayı başı olduğu aydınca
görünür. Sinəsində çarpazlanmış pəncələri
də tamamilə ayıya məxsusdur. Heykəldə şirə
məxsus heç bir əlamət yoxdur. Onun iblis olmağı
da ağlabatan deyil. Ayı göy mənşəli
heyvandır. Ayı bürcünün adı da bunu təsdiqləyir.
Şumerlər göy mənşəli heyvanları müqəddəs
sayırdılar və onları iblis hesab etməzdilər.
Şumerdə ayı olmamışdır. Ola bilsin, şumerlər
heç ayını görməmişdilər. Onların
qoruyucu ruhları arasında da ayı heykəlləri yoxdur.
Lakin şumerlərin əcdadları ayını tanıyırdılar
və bu heyvan haqqında təsəvvürləri vardı.
Bundan başqa, şumerlərin onların digər
soydaşları yaşayan Ural-Altay, Azərbaycan (Qafqaz) və
Orta Asiya ilə sıx əlaqələri olduğundan ayı
haqqında onlardan eşitdiklərini düşünmək
olar. Şumerlər qızılı və gümüşü
Azərbaycandan (Qafqazdan) və Ural-Altay dağlarından gətirirdilər.
Məşhur ingilis arxeoloqu Leonard
Vulli Ur şəhərində apardığı
qazıntılar zamanı çar ailəsinin qəbrini
tapmışdır. Həmin qəbirlərdə çar
Abarginin və onun arvadı Şubadın dəfn olunduqları
müəyyən edilmişdir. Şubada məxsus əşyalar
arasında onun arfası xüsusi maraq doğurur. Arfanın bir
başına buğa başı bərkidilmişdir. Çox
nəfis sənət əsəri olan buğa başını
Şumer heykəltəraşı qızıldan və lazuritdən
işləmişdir. Buğanın buynuzları, qulaqları,
ağzı, burunu, dodaqları, hətta baxışları o qədər
böyük ustalıqla, yüksək sənətkarlıqla
işlənmişdir ki, heykəl çox canlı buğaya
oxşayır. Heykəltəraş öz əsərini əlavə
naxışlarla elə zənginləşdirmişdir ki, adam
ona baxdıqca baxmaq istəyir.
Şubadın arfasındakı buğa
başı Şumer heykəltəraşlarının qoruyucu
ruh saydıqları buğa heykəllərindən çox fərqlənir.
Burada üslub da, sənətkarlıq da adamı, sözün
həqiqi mənasında, heyrətləndirir. Təkcə bu
heykələ baxıb Şumerdə heykəltəraşlığın
necə yüksək səviyyədə inkişaf etdiyi barədə
dolğun fikir söyləmək olar.
Şubadın ortası hazırda
İraqdakı Bağdad muzeyində saxlanılır. Onun
üstündəki buğa başı arfa ilə birlikdə
muzeyin ən dəyərli eksponatlarından sayılır.
Buğa başı təxminən e.ə. dördüncü
minilliyin sonlarında - üçüncü minilliyin əvvəllərində
hazırlanmışdır.
Şumer sənətkarları
daş, qızıl, gümüş, lazurit və digər
materiallardan, fil sümüyündən də istifadə
etmişlər. Nəmrud şəhərində
aparılmış arxeoloji qazıntılar zamanı fil
sümüyündən hazırlanmış maraqlı bir abidə
tapılmışdır. Abidənin ortasında gözəl
bir qadın təsvir edilmişdir. Onun sifəti o qədər
gözəl işlənmişdir ki, üz cizgiləri
naturadakı insan üzünün cizgilərindən
seçilmir. Gözləri xüsusilə canlı təsvir
edilmişdir. Bəzək əşyalarının əllə
bu qədər nəfis işlənməsi də diqqəti cəlb
edir.
Heykəltəraş maraqlı
bir üslub seçmişdir. Başı heykəl kimi işləyərək
onun altında sanki postament qoymuşdur. Bu postamentin də
görünən üzündə dörd ədəd bir-birinə
oxşayan heykəlciklər var. Sözsüz ki, heykəltəraş
postamentlərdəki heykəlcikləri təsadüfən
seçməmişdir, onların əsərin əsas
ideyası ilə birbaşa bağlılığı var. Biz
bu üslubu Nizami Gəncəvinin və Məhəmməd
Füzulinin Bakıdakı heykəllərində də
görürük. Hər iki heykəlin postamentində
onların əsərlərindən
götürülmüş maraqlı süjetlər
verilmişdir.
Haqqında
danışdığımız fil sümüyündən
hazırlanmış abidə bu gün Azərbaycan heykəltəraşlığında
geniş yer tutan barelyef janrına çox oxşayır. Adi
bir fil sümüyündən bu cür bənzərsiz abidənin
hazırlanması isə Şumerdə heykəltəraşlığın
necə güclü inkişaf etdiyini aydın göstərir.
Dünya heykəltəraşlığının əsasını,
sözün həqiqi mənasında, Şumer heykəltəraşları
qoymuşlar. Onlar elə bir məktəb yaratmışlar ki,
özlərindən sonra yaşamış istər Şərq,
istərsə də Qərb heykəltəraşları
onlardan həmişə bəhrələnmişlər.
İslam SADIQ,
filologiya elmləri namizədi
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 6.