Səsin heyrət zirvəsi

 

Qarabağın himnidir, səsin heyrət zirvəsi sayılan "Qarabağ şikəstəsi". Bu şikəstə qanımıza, canımıza elə hopub ki, muğamatımızı tamamlayan not kimi qəbul edirik. Hələ çox uşaq ikən "Qarabağ şikəstəsi"nin ən yaddaqalan günlərdə oxunduğunu görmüşdüm. Toy mərasimlərində ata evindən çıxan gəlini müğənnilər bu musiqi ilə aparırdılar. Kim bilir, bəlkə qız evini daha çox kövrəldən elə bu şikəstə imiş. Dünyamızı hələ yaxşı dərk etmədiyimiz vaxtda elə hey düşünürdüm: görəsən, "Qarabağ şikəstəsi" niyə belə bağlıyıq? Bu musiqidə sirr var ki, ovqatımızın şən vaxtında da dinləyəndə bulud kimi dolur, ciddiləşir, bir az da qəzəblənirik.

Sən demə, beş-on bəndlik şeirdə babalarımızın ruhu yaşayırmış. İki-üç dəqiqəlik musiqidə külli Qarabağın acılı-şirinli tarixi var imiş. bu tarix bizə ibrətamiz bir dərs keçərək bildirirmiş: Yurdunuzun qədrini bilin, dünyanın ən cənnət guşəsi belə sizə Qarabağı unutdura bilməyəcək:

 

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

Yurddan başı bəlalar çəkən babalarımızdan bir mesaj idi bizə.

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan,

Havalansın Xanın səsi,

"Qarabağın şikəstəsi".

 

Min bir ətir saçan dağlarda, kəklikotu, baldırğan qoxulu Cıdır düzündə əks-səda verən muğamımızı perik salmamalıydıq o yerlərdən. Qondarma Qarabağ mahnısı yaradıb dağa-daşa ulayan ermənilərin məkrini, hiyləsini vaxtında anlamalı, o süni mahnılarını boğazlarında qoymalı idik. Çox təəssüf ki, ürəyimizin təmizliyindən, alicənablığımızdan şikəstəmizi zərbə altına saldıq. Amma hər bir məqamda təbiilik sünilikdən gözəl göründüyü kimi, bu şikəstənin əsl sahibləri, mənsubiyyəti seçilir. Heç görmüsünüzmü, hansısa bir erməni müğənnisi "Qarabağ şikəstəsi"ni ifa etsin bu, orijinal görünsün. Əlbəttə, yox! Amma azərbaycanlı müğənnilər dəfələrlə Amerikada, Fransada, İngiltərədə, Yaponiyada digər böyük dövlətlərdə oxuduqları şikəstə ilə uğur qazanıb, bir sıra mükafatlara layiq görülüblər. Çünki o musiqinin notunda böyük Üzeyirin, Cabbar əminin, Xan əminin, Əbülfət Əliyevin, Sara Qədimovanın, Səxavət Məmmədovun, Sədi Məmmədovun, Qədir Rüstəmovun, Arif Babayevin digərlərinin səs şirinliyi, rəngi var. Bu gün həmin rəngin çalarlarını daşıyan Tacir Şahmalıoğlu, Cabir Abdullayev, Feyruz Səxavət, Elza Qarabağlı, Sevinc Sarıyeva, Mənsum İbrahimov, Aygün Bayramova kimi müğənnilər qərib düşən şikəstəmizi eldən-elə daşıyaraq onu unudulmağa qoymurlar. Yaxın günlərdə respublikanın xalq artistləri Aygün Bayramova Mənsum İbrahimov uzaq bir diyarda xalq mahnı muğamlarımızı təbliğ edirdilər. İspaniyada keçirilən konsert zamanı 500 nəfərlik zalın ağzınacan dolu olması heç təsadüfi deyildi. Videolentdən göründüyü kimi, Azərbaycanın xalq mahnı muğamları ispan tamaşaçılarını sanki əfsunlamışdı. Dilimizi bilməyən bu insanlar konsertə elə heyrətlə baxırdılar ki, məmnunluqlarını ifadə etmək üçün sözə ehtiyac yox idi. Çünki həmin gecə ispanlar səsin heyrət zirvəsinin şahidi oldular. Bu zirvə isə Qarabağın himni olan "Qarabağ şikəstəsi"dir. Yüz illər keçsə belə, o torpaqların əsl sahiblərini tanımayanlara tanıtdıracaq şikəstə!

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 6.