Tarixi yaşadan ünvan

 

Zaqatala Tarix Diyarşünaslıq Muzeyi 1967-ci ildə təşkil olunub. Nazirlər Sovetinin qərarı ilə kənd rayonları arasında yaradılan ilk muzeylərdəndir. Əslində, muzeyin yaradılması ideyası hələ 1939-cu ildə irəli sürülmüşdü. Bu da səbəbsiz deyildi. Çünki bu məsələni şərtləndirən amillər vardı: bölgənin zəngin tarixi keçmişi, müxtəlif dövrlərə aid abidələr və tarixi şəxsiyyətlərin bölgə ilə bağlılığı.

Zaqatala qalasında muzeyin yaradılması məsələsi o zaman respublika rəhbərliyi səviyyəsində həll edildi. Bakıdan alimlərdən ibarət xüsusi nümayəndə heyəti rayona ezam olundu. Onlar qalaya baxış keçirdilər, smeta tutuldu. Böyük məbləğdə pul ayrıldı. Bununla bağlı sənədlər muzeydə saxlanılır. Lakin İkinci Dünya müharibəsinin başlanması işləri yarımçıq qoydu. Bir də ötən əsrin 60-cı illərində bu məsələ yenidən gündəmə gəldi. Nəhayət, 1967-ci ildə Zaqatala mədəniyyət evində kiçik bir otaqda muzey yaradıldı. Sonra nəzərdə tutulan yerə - Zaqatala qalasına köçürüldü. O vaxtdan bütün bölgədən - Qax, Balakən, Zaqatala rayonlarından tarixi dəyər daşıyan əşyalar toplanılıb, alınıb muzeyə yerləşdirildi. Bu gün muzeydə 17 minə qədər eksponat mühafizə olunur. Onlardan 4323-ü tarixi dəyər baxımından daha qiymətlidir. Bura zərgərlik məmulatı, məişət əşyaları, fotolar, fotosənədlər, qədim əlyazmalar, kitablar daxildir. Bu dövrdə muzeyin yazılı abidələr bölməsinə 2000-ə qədər eksponat toplanılıb.

Ümumiyyətlə, muzeydə cəm olan əşyalar çox böyük bir dövrü - Sasani imperiyasından bugünə qədər olan tarixi əhatə edir.

Qədim əlyazmalar həmişə muzeyə gələnlərin böyük marağına səbəb olub. Bu sənədlər müxtəlif illərdə xaricdə keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilib. Hələ ötən əsrin 70-ci illərində muzeydə olan qiymətli kitablar Portuqaliyada, Fransada, Danimarkada və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində "Azərbaycan eksponatları" adı altında sərgilənib.

Almaniyada Azərbaycan mədəniyyəti ili adı altında keçirilən müxtəlif tədbirlərdə Zaqatala Tarix Diyarşünaslıq Muzeyini 8 qədim əlyazma təmsil edib. Bu eksponatları Berlin Etnoqrafiya Muzeyindən gələn alman mütəxəssislərin özləri seçiblər. Bu əlyazmalar da digər eksponatlarla yanaşı, Berlin, Frankfurt, Leypsiq, Drezden şəhərlərində sərgilənib və alman mütəxəssislərinin sözlərinə görə, tədbir iştirakçılarının marağına səbəb olub.

İlin əvvəlindən Zaqatala Tarix Diyarşünaslıq Muzeyinin mindən artıq qonağı olub. Onların da əksəriyyəti xarici vətəndaşlardır.

Bu yaxınlarda yerli sakinlərdən biri 1671-ci ildə Varşavada istehsal olunan bir vazı muzeyə təqdim edib. Eksponat həm yerli, həm də Polşadan gələn qonaqların marağına səbəb olub.

Muzeyin direktoru Cahangir Soltanov deyir ki, biz daha çox iş görə bilərik. Bunun üçün maliyyə dəstəyi lazımdır. Respublika Prezidenti İlham Əliyevin 22 may 2009-cu il sərəncamına əsasən, regionlarda yerləşən muzeylərin müasir standartlara uyğun təmiri və yeni avadanlıqla təchizatı haqqında tədbirlər planı hazırlanıb. Əlbəttə, muzeylərimiz texniki avadanlıqla təmin olunsa, istər tamaşaçı, istərsə də Azərbaycanı tanıtmaq baxımından imkanlarımız genişlənər.

Hələ də şəxsi arxivlərdə, ayrı-ayrı adamlarda tarixi əhəmiyyət daşıyan eksponat çoxdur. Onların da alınıb muzeylərdə yerləşdirilməsi çox vacibdir. Yəqin ki, Prezidentimizin məlum sərəncamından sonra bu məsələlər də öz yoluna düşücək.

 

 

Səadət YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S.6.