Qaz təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür

 

"Azəriqaz" İstehsalat Birliyində istehlakçıların təbii qaza olan tələbatının tam ödənilməsi, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Təkcə Bakıda deyil, respublikanın bütün regionlarında qaz təchizatının yaxşılaşdırılması, əhalinin texnoloji rejimə uyğun təbii qazla fasiləsiz təmin olunması məqsədilə birlik tərəfindən tikinti işləri davam etdirilir. Prezident İlham Əliyevin 26 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Bakı ətrafı kəndlərin sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, Kürdəxanı kəndində uzunluğu 700 metr olan qaz kəmərinə birləşdiriləcək polietilen boru çəkilir. Həmçinin, bu ərazidə yaşayan abonentlərin bütün il boyu təbii qaz təminatını yaxşılaşdırmaq üçün 13 küçədə uzunluğu 210 metr olan borular çəkilir. İşlərin oktyabr ayının axırında başa çatdırılması nəzərdə tutulub. 2009-cu il ərzində Tovuz, Şəmkir, İsmayıllı, Xaçmaz, Qəbələ, Goranboy, Ağsu, Masallı rayonlarının bir sıra kəndlərində abonentlərin qaz təchizatının bərpa edilməsi məqsədilə işlər sürətləndirilib. Bundan əlavə, Cəlilabad rayonunu təbii qazla təmin edən mövcud daşıyıcı qaz kəmərinin 8900 metrlik hissəsinin yenidən qurulması nəzərdə tutulub.

 

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 4.