"Kral"ların, "Madonna"ların mənəviyyata
tutduqları toy
Sonuncu on illikdə ölkənin
efir məkanında qəribə meyillər formalaşmağa
başladı. Kiçik, cılız, mənəviyyatca dayaz
kölgə mövzular birləşərək, sel kimi
güclü axına çevrilib Azərbaycan televiziyası tarixində
ən gözəl ənənələri yuyub apardı, əvəzində
efir məkanına bayağılıq, sünilik,
ölgün, amma göbək atıb dingildəməkdən
yorulmayan rəzil bir "ulduz" ruhu gətirdi. Əslində,
bu proseslərdən yumorsuz danışmaq mümkün deyil.
Digər tərəfdən ağlamasan da olmur. Vəziyyət
belə tragikomikdir. Səbəbi isə bizim milli mentalitetimizin
əcaibləşməsində, hər birimizin təfəkküründə
toy məfhumunun ifrat dərəcədə müğənnilərimizin
və şadlıq saraylarının istək və
ambisiyalarına uyğun qurulmasındadır.
Buna görə də
"kral"lar, "madonna"lar, "ulduzlar" bəzi
istisnalar olmaq şərti ilə bütün telekanalların
efir məkanını işğal etdilər. Vaxt var idi
müğənnilər, çalğıçılar toy
sövdələşmələrini filarmoniyanın
bağındaki çayxanada aparardılar. Teleşirkətlərin
ucuz gəlir dalınca qaçmaq marağı çalıb
oxuyanların çayxana ab-havasını efirə
çıxardı və əcaibliyin zirvəsinədək təkmilləşdirdi.
Onlar da indi gözlərini yumub ağızlarını
açaraq elə məhəbbətlə, elə
köpüklənə-köpüklənə, elə şəstlə
özlərinin "kral", "madonna",
"kraliça" və "ulduz" haqlarını
qoruyurlar ki, az qala bunların bütün müğənni
zümrəsini Avropa Şurasına bizim yarımçıq məsələlərimizin
həlli üçün ezam etmək fikrinə
düşürsən.
"Toylar kralı" deyir ki,
qırıcı təyyarəni sürməyi öyrənmək
olar, amma toy aparmaq xüsusi istedad tələb edir, bu hər
kişinin işi deyil! İndi Məşədi İbad
demişkən, papağını qeyzlənib
çırpırsan yerə ki, ayə, bizim müğənnilərin
bu toy tutmağı son nəticədə elə toy sahibinə,
ya da bütün ölkəyə tutulan toy deyilmi?
Baxırsan telekanalların
hamısından "ulduz"ların evlərinə, imarətlərinə,
həyat tərzlərinə, ədalı dəbdəbələrinə...
Miras deyil, bilirsən, babalarından da qalmayıb. Toy tutub
özlərinə qazanıblar. Sağlıqlarına qismət
olsun. Amma bunu künc-bucağınacan xalqa göstərməyin
nə mənası?
Almaniyadan dostum gəlmişdi, gecə
Bakını gəzirdik, tərslikdən yolumuz şadlıq
sarayların bol olduğu küçədən keçirdi.
Yanan işıqları görən kimi, soruşurdu ki, bu nədir
və hər dəfə eşitdiyi eyni cavabdan kədərlənirdi.
Axırda deyindi ki, sizin deyən, evlənməkdən başqa
işiniz yoxdur: "Qardaşım uşağının
toyuna gəlmişdim. 500 nəfər vardı zalda, onların
üç masasında əyləşən adam, süfrəyə
düzülən yeməklər Almaniyada mənim
qızımın toyunda yox idi. Hərəsi bir şey
xahiş edir. A kişi, toydakı qadınların
qulaqlarını qızıldan təmizləsəydin bir bank
açardın. Müğənnilərin də hamısı
az qala saniyə ilə toya gəlirlər, kalonkalar da arpası
artıq düşən ulaq kimi anqırır. Bir dəqiqə
dayanmadılar ki, kimləsə kəlmə kəsim. Bu toy
deyil, divan tutursunuz özünüzə də, büdcənizə
də".
Doğrudan da, belədirmi? Adam
durub Avropadan əziyyət çəkib, gəlib ki,
qohumları ilə toyda görüşəcək, kəlmə
kəsəcək, amma alınmayıb. Sən demə, hər
şey "kral"lara, "kraliçalara"
"madonna"lara işləyirmiş. Teleşirkətlər
də o cümlədən. Filarmoniyanin çayxanası teleməkana
təxliyə, yəni ki, "evakuasiya" olunub, bizim də xəbərimiz
yoxmuş. Butün qeybətlər, dedi-qodular evimizin içindədır,
istəsək də, istəməsək də. Bizi
telekanallarda "kral"lar gözləyəcək,
"madonna"lar aludə etməyə
çalışacaqlar. Hamının da təqdimat
üçün xırda ulduzları, digər müğənnilərlə
çəkişmək üçün ədalı və
sanballı əsasları var. Hər veriliş bir
"madonna"ya, bir "kral"a və onların əldən
buraxmadığı saraylara bağlıdır. Əslində,
heç bir şoudan, əyləncədən söhbət belə
gedə bilməz. "Kral"lar da, "madonna"lar da
danışdıqca cılızlaşırlar. Ona görə
ki, mahiyyətləri açılır. Hamı bir biri ilə
ədavətdə, ölüm-dirim savaşındadır.
Hamı toy tutmaq eşqindədir, hamı qazanmaq istəyir və
elə vuruşurlar ki, bir toy tutana kimi bir-birlərinə
yüz dəfə toy tuturlar. Sonra da hamısı birlikdə
tamaşaçıya toy tuturlar.
Bütün teleməkan arenaya bənzəyir. "Kral"lar və "madonna"lar da qladiator kimi ölüm-dirim savaşına çıxırlar. Tamaçıçıları da bizık, çəpik çalırıq, qışqırırıq, xal veririk, SMS atırıq. Bir sözlə, efir arena kimi uğultu içindədəir. "Kral"lar və "madonna"lar qul savaşına, pul döyüşünə çıxıblar. Biz də aludəyik. Çəpik çalırıq, fitə basırıq, kimsə də düşünmür ki, əslində, bu toy bizim mənəviyyatımıza, əxlaqımıza tutulan toydur.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2009.- 18
oktyabr.- S. 4.