Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına rəsmi səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Çox sağ olun, cənab Prezident.

Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əvvəlcə, cənab Prezident, gözəl ölkənizə səfər etmək üçün mənə göndərdiyiniz dəvətə, mənə, o cümlədən nümayəndə heyətimin üzvlərinə göstərilmiş qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Mən Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfərini ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addım hesab edirəm. Münasibətlərimiz çox uğurla inkişaf edir. Bu ilin əvvəlində biz Sizinlə Davosda görüşdük və maraqlı müzakirələrimiz oldu. Bu gün isə, biz dialoqumuzu davam etdiririk.

Bu dialoq bir çox sahələri əhatə edir. Artıq bir çox yaxşı nəticələr vardır və bu, gələcəkdə də belə ola bilər. Münasibətlərimizin gələcəyi çox perspektivlidir. Qeyd etmək istərdim ki, son bir neçə il ərzində əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Prezidentlərin səfərləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İsveçrə və Azərbaycan parlamentlərində dostluq qruplarının yaradılması, İsveçrədə Azərbaycanın Mədəniyyət Günləri ikitərəfli əlaqələrin çox mühüm elementləridir.

İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik. Onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir.

Bu gün biz regional inkişafın mühüm məsələlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Mən cənab Prezidentə danışıqlar prosesində baş verən son hadisələr haqqında məlumat verdim.

Enerji əməkdaşlığımıza aid məsələləri cari ilin əvvəlində müzakirə etmişdik. Bu mövzu bu gün və sabah da nəzərdən keçiriləcəkdir. Bu sahədəki əlaqələrimizin böyük potensialı vardır. Avropada enerji təhlükəsizliyi ilə bağlı ümumi baxışlarımız mövcuddur. Nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tezliklə çatdırmağa hazırdır. Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər.

Əminəm ki, gələn illər ərzində münasibətlərimiz uğurla inkişaf edəcəkdir. Onlar bir çox sahələrdə öz əksini tapacaqdır. Çünki bunun üçün hər bir şərait vardır. Siyasi iradə, güclü siyasi təmaslar, iqtisadiyyatlarımızın bir-birinə cəlbedici olması və münbit sərmayə şəraiti mövcuddur. Müstəqil siyasətə qəti sadiqliyimiz, müstəqil siyasəti aparmaq bacarığı, coğrafi mövqeyimiz, xalqlarımızın və ölkələrimizin rifahı naminə daha sıx əlaqələri qurmaq arzusu vardır.

Mən aparılmış müzakirələrdən çox məmnunam. Bir neçə saatlıq söhbətimiz oldu. Görüşümüz olduqca faydalı idi. Bu görüş danışıqların ənənəvi mövzusu olan məsələlərə diqqət yönəltməyə və gələcəkdə həll edəcəyimiz yeni vəzifələrə nəzər salmağa imkan verdi.

Cənab Prezident, dəvətinizə və qonaqpərvərliyinizə görə bir daha minnətdaram.

Şahin Cəfərov (AzərTAc-ın müxbiri): Sualım hər iki Prezidentədir. İki ölkə arasında hansı qeyri-enerji layihələri həyata keçirilə bilər?

Hans-Rudolf MERTS: Əvvəlcə, qeyd etmək lazımdır ki, Azərbaycan bizim üçün mühüm enerji mənbəyidir. Bu, ən mühüm mənbələrdən biridir. Demək olar ki, təchiz edilən həcm o qədər çox deyildir. Lakin bu, sabit təchizat mənbəyidir. Çünki bu sahədə əlaqə qurulan ölkə sabit və addımları gözlənilən ölkə olmalıdır. Azərbaycan həmin ölkələrdən biridir. Azərbaycan İsveçrə üçün enerji təchizatçısı ola bilər. Təbii ki, biz enerjinin nəqli yolları məsələsini həll etməliyik. Bəzi məsələlər vardır ki, onlar hələ də həll olunmayıb. Məsələn, Azərbaycandan Aralıq dənizinə gedən boru kəməri. Bu sahədə Türkiyə ilə də razılıq olmalıdır ki, layihə davam etdirilsin. Bununla belə, biz əminik ki, çıxış yolu tapılacaqdır.

Digər tərəfdən, İsveçrə alternativ enerji texnologiyalarını ixrac edə bilər. Bu sahə İsveçrədə yüksək səviyyədə inkişaf etmişdir. Belə texnologiya Azərbaycan tərəfindən istifadə edilə bilər. Hesab edirəm ki, Azərbaycan böhrandan sonrakı vəziyyət haqqında düşünməlidir, çünki neft ilə qaz vaxt keçdikcə tükənəcəkdir. Ölkəmiz bu sahədə Azərbaycanı dəstəkləyə bilər. Öz növbəmizdə isə, biz enerji daşıyıcılarına çıxış əldə etməkdə çox maraqlıyıq. Hesab edirəm ki, bu cür mübadilə istənilən vaxt çox cəlbedici ola bilər.

İlham ƏLİYEV: Gələcəkdə enerji sektorunda qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu vacib məsələ üzərində işləmək üçün imkan vardır. Azərbaycan artıq bir neçə müddətdir ki, öz enerji resurslarını müxtəlif boru kəmərləri şəbəkəsi ilə ixrac edir. Dünya və Avropa bazarlarına çıxış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki biz bunun sayəsində böyük enerji potensialımızdan istifadə edə biləcəyik. İsveçrə ilə ikitərəfli əsaslarla müzakirə etdiyimiz enerji əməkdaşlığının xüsusi yeri vardır. Bu cür məsələləri biz hər zaman görüşəndə nəzərdən keçiririk. Hesab edirəm ki, qonşu ölkələrlə bütün tranzit məsələlərinin həlli Azərbaycana böyük həcmdə enerji resurslarını Avropa bazarlarına çıxarmaq imkanı yaradacaqdır və bunu etməklə biz ixrac marşrutlarımızı, Avropa isə, təchizat yollarını müxtəlifləşdirəcəkdir. Bu, birmənalı şəkildə xeyir gətirən haldır və qarşılıqlı surətdə faydalıdır. Planlaşdırdığımız bütün işləri yerinə yetirmək məqsədi ilə biz öz tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla işimizi davam etdirəcəyik.

Qeyri-neft sektoruna gəldikdə, ölkələrimizin şirkətləri maraq göstərir ki, sərmayələr qoysun və birgə biznes yaratsın. Biz İsveçrənin "Holsim" qrupunun Azərbaycanın qeyri-enerji sektoruna böyük yatırımlarında maraqlıyıq. Hazırda, bu şirkət ölkəmizdə yeni sement zavodunu tikməkdədir. Bu məsələ yanvar ayında cənab Prezidentlə görüşümüz zamanı müzakirə olunmuşdur. Mən Bakıda tikiləcək yeni sement zavodunun təməlqoyma mərasimində iştirak etməkdən məmnun oldum. Zavodun tikintisi artıq başlanıb. Çox vacibdir ki, sərmayələr yaxşı nüfuza malik olan və beynəlxalq səviyyədə tanınan şirkət tərəfindən qoyulur. Bu, beynəlxalq maliyyə ili sayılan 2009-cu ildə qeyri-enerji sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan nəinki enerji sektorunda, o cümlədən qeyri-enerji sahəsində fəaliyyət göstərən şirkətlər üçün cəlbedici ölkə olaraq qalır. Azərbaycan sərmayədarları müxtəlif sahələrə dəvət etmək və onlar üçün mümkün qədər ən yaxşı şərait yaratmaqda maraqlıdır. Hesab edirəm ki, bu nümunə şirkətlərimizin müxtəlif sahələrə marağına müsbət təsir göstərəcək və gələn illər ərzində biz bir neçə oxşar layihənin şahidi olacağıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 1.