İşgüzar münasibətlərdə bəzi etiketlər

 

Çağdaş dünyamızda bir çox sahələrdə qloballaşma meylləri artıq mədəniyyət və məişətimizdə mental ənənələrimizə zənginlik gətirməkdədir. Əvvəlcə ailədən, ata-ananın verdiyi tərbiyədən qaynaqlanan mədəni davranış vərdişləri sonralar uşaq bağçasında, məktəbdə və əmək kollektivlərində daha da cilalanır və yeni çalarlar əxz edir.

Harada işləməsindən asılı olmayaraq insan davranış qaydalarına, etik normalara riayət edirsə, şəxsi nümunəsi ilə seçilirsə, ətraf aləmdə artıq özü haqqında müsbət fikir formalaşdırır. Əmək kollektivlərinə, istər istehsalat, yaxud biznes dünyasına yeni üzv olmuş hər bir şəxs əgər işində uğur qazanmaq istəyirsə, o, birinci növbədə işgüzar mədəni etiketlərin "qızıl" qaydalarını bilməlidir. Bu, birinci növbədə müraciət mədəniyyəti və özünü təqdimetmədən başlanır. Məsələn, bizdə insanın özü-özünə müəllim və ya xanım deməsi və yaxud iş tərəfdaşına "əzizim", "canım-gözüm" və ya "canını yeyim" kimi ailə leksikonuna aid ifadələr və müraciətlər ən böyük qüsurlardandır. Bu şəxsin mədəni səviyyəsinin geriliyindən xəbər verir.

Qızıl qaydaların başlıca şərti işgüzar insanın dəqiq olmasıdır. Yəni, işə və ya işgüzar görüşə səbəbsiz gecikən şəxs birinci növbədə özünə olan etimadı itirir və ciddi tərəf-müqabil sayılmır. İşgüzar mühitdə mədəni etiketlərdən biri də iş yoldaşı və ya tərəfdaşı ilə söhbətdə artıq söz danışmamaqdır. Hər bir əməkdaş təmsil etdiyi idarənin sirlərini qorumağı mütləq mənada bacarmalıdır.

Dördüncü qızıl qayda isə işgüzar şəxsin təkcə özünü deyil, başqalarını da nəzərə almasıdır. Hər hansı bir işdə uğur qazanmaq üçün təkcə öz mənafelərini düşünüb, tərəf-müqabilə zərər yetirilməsi mədəni etiketlərə ziddir. Əməkdaş iş yoldaşı ilə münasibətdə daxili xudbinliyini boğmalı, qarşısında səbrlə dinləməli, onun fikirlərinə hörmətlə yanaşmalı, sözünü kəsməməlidir. Opponentin fikrini sarkazmla və ironiya ilə kəsib onu alçaldan şəxs gec ya tez, özü də nə vaxtsa, eyni vəziyyətlə qarşılaşacaqdır.

Əsas şərtlərdən biri də qəbul olunmuş normada geyim mədəniyyətidir. İşgüzar insanlar təmiz, sadə, səliqəli, bir qədər dəbə uyğun, zövqlə geyinməyi birinci növbədə bacarmalıdır. Əgər kişinin qalstuku və ya köynəyinin boynu və qolları kirlidirsə, əgər qadın tərəf-müqabil açıq-saçıq və ya ziyafət libasında, zinətində, ənlik-kirşanında işgüzar mühitə gəlirsə, bu onun etiketlərdən xəbərsiz olduğunun \göstəricisidir. İşgüzar şəxs geyimində heç bir detalla nəzər-diqqət cəlb etməməli, ətrafdan çox da seçilməyə çalışmamalıdır. Xüsusilə, işgüzar qadınlar qəbul edilmiş qaydada ciddi iş kostyumu geyməli və ona uyğun zövqlə aksesuar taxmalıdır.

Mədəni davranış etiketlərindən biri də işgüzar insanın yazılı və şifahi nitq mədəniyyətidir. İnsanın sadə, rəvan, anlaşıqlı danışığı onun dünyagörüşü, erudisiyası, səviyyəsi haqqında təəssürat yaradır. Müasir dünyanın işgüzar insanları bu mədəniyyəti əxz etmək üçün təkcə öz xalqının deyil, digər ölkələrin də tarixini, mədəniyyətini bilməsi önəmlidir. Birinci növbədə, əməkdaş öz tərəf-müqabili ilə bərkdən, qışqıra-qışqıra deyil, qarşısındakına hörmət əlaməti olaraq sakit və təmkinli tonda, savadlı, xoş və gözəl danışmağı bacarmalıdır. Daim oxumaq, yaxşı vərdişlər insanın birinci zinətidir.

 

 

Mirvari RƏHİMZADƏ

 

 

Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 4.