İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı

 

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olmuşdur. İsveçrə paytaxtının Konsert Zalında keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak etmişlər.

Mərasimdən əvvəl iştirakçılara ölkəmiz və onun mədəniyyəti, incəsənəti haqqında məlumat verilərək bildirildi ki, Odlar yurdu kimi tanınmış Azərbaycan həm də mədəniyyətinin qədimliyi ilə fəxr edə bilər. Dünyada geniş şöhrət qazanmış muğamlarımızı xüsusi qeyd edən natiq məşhur xanəndə Alim Qasımovun bu ölkədə verdiyi konsertlərin böyük əks-səda doğurduğunu xatırladı.

Qeyd olundu ki, Azərbaycan təkcə musiqidə deyil, incəsənətin digər sahələrində də gözəl ənənələrə malikdir. XX əsrin 30-cu illərində Hollivudla yanaşı Bakı tammetrajlı ağ-qara filmlərlə dünya arenasına çıxmış ilk şəhərlərdən biridir. Bu filmlərdən biri azərbaycanlı caz ustası Salman Qənbərovun müşayiəti ilə Mədəniyyət Günlərində nümayiş etdiriləcəkdir.

Tamaşaçılara Mədəniyyət Günlərinin proqramı barədə də məlumat verildi. Bildirildi ki, altı həftə ərzində İsveçrədə Azərbaycanın 200-dən çox incəsənət ustası 80 tədbirdə iştirak edəcək və musiqinin klassik, ənənəvi və caz janrlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin Dövlət Pantamim və Kukla teatrlarının çıxışları, Azərbaycan filmlərinin nümayişi, sərgilərin təşkili də Mədəniyyət Günlərinin proqramına daxildir.

İsveçrədə keçiriləcək Azərbaycan Mədəniyyət Günləri mədəniyyətlər arasında körpü yaratmaq və ümumiyyətlə ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmaq baxımından çox mühüm hadisə kimi dəyərləndirildi.

Sonra dövlət başçıları mərasimdə çıxış etdilər.

 

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 1.