İsveçrədə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı

 

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 

- Hörmətli cənab Prezident!

Hörmətli birinci xanım!

Xanımlar və cənablar!

Əvvəlcə, mən cənab Prezidentə İsveçrəyə rəsmi səfərə dəvətə və göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən Sizin gözəl ölkənizdə bir neçə dəfə olmuşam. Lakin bu səfər xüsusi əhəmiyyət daşıyan səfərdir. Çünki o, diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Bu, aydın şəkildə onu göstərir ki, ölkələrimiz arasında münasibətlər çox uğurla və sürətlə inkişaf edir. Deyərdim ki, biz son illər ərzində bir çox sahələrdə münasibətlərimizi intensivləşdirməyə nail olmuşuq. Ötən il İsveçrə Prezidenti Azərbaycanda səfərdə oldu. Ölkələrimiz arasında nümayəndə heyətləri geniş şəkildə qarşılıqlı səfərlərdə olur. Hər iki ölkənin parlamentlərində İsveçrə-Azərbaycan dostluq qrupları fəaliyyət göstərir. Hazırda biz regionumuzun bir çox digər ölkələrini də əhatə edəcək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik.

Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələr çox yüksək səviyyədədir. Bu gün bütün həmin məsələlər müzakirə olundu. Biz mövcud irəliləyişi qarşılıqlı məmnunluq hissi ilə görürük və perspektivləri müəyyən edirik. Əminəm ki, gələcək əlaqələrimiz daha gözəl olacaqdır. Çünki biz bir-birimizin imkanlarını yalnız indi kəşf etməyə başlamışıq. Biz bir-birimizə real tərəfdaş kimi baxmağa başlamışıq. Son iki-üç il ərzində əlaqələrimizin intensiv xarakter alması qarşılıqlı ticarət dövriyyəsinin artmasına, yeni birgə layihələrin həyata keçirilməsinə aparır. İsveçrə şirkətləri Azərbaycanı sərmayələr üçün etibarlı ölkə hesab edirlər. Hətta beynəlxalq maliyyə və iqtisadi böhran ili olan 2009-cu ildə İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına yüz milyonlarla vəsaitləri sərmayə kimi yatırırlar. Ən vacibi isə budur ki, sərmayələr iqtisadiyyatın qeyri-enerji sektoruna qoyulur. Bu, bizim bir-birimiz üçün nə dərəcədə vacib olduğunu göstərir. Əminəm ki, Azərbaycan şirkətləri də İsveçrədə sərmayə qoyacaqlar, birgə layihələrlə məşğul olacaqlar və bu, bizi daha da birləşdirəcəkdir.

Möhkəm siyasi əlaqələrin, qarşılıqlı iqtisadi maraqların olmasını və iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmayan, əksinə bir-birini dəstəkləyən iqtisadiyyatlar kimi mövcudluğunu nəzərə alaraq, biz böyük uğurları əldə edə bilərik.

Azərbaycan müstəqil ölkə kimi nisbətən gəncdir. Müstəqil ölkə kimi biz yalnız 18 ildir ki, yaşayırıq. Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimiz arasında bir çox oxşarlıqlar vardır. Ölkələrimizdə dövlətçiliyin tarixi və təkamül yolu eyni olmuşdur. Fikrimcə, ən mühüm oxşarlıqlardan biri isə, müstəqillikdir. Biz ölkələrimiz üçün müstəqillik kimi ən böyük nailiyyəti yüksək qiymətləndiririk. Müstəqil olmaq, özünü dərk etmək, getdiyin yolu qavramaq və müstəqil siyasət aparmaq qabiliyyəti çiçəklənmə və uğurlara aparan yoldur. İqtisadi və sosial inkişaf, yaşayış standartları baxımından Sizin ölkə dünyada aparıcı ölkələrdən biridir. Müstəqillik, ləyaqət, neytrallıq, daxili məsələlərə diqqət və insanların həyatının yaxşılaşdırılması baxımından Sizin ölkəniz nümunə ola bilər.

Biz müstəqil ölkə kimi gəncik. Müstəqilliyimizi on səkkiz il bundan əvvəl bərpa etmişik. Lakin böyük keçid mərhələsini qət etmişik. Tam mənada planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən demokratik inkişafa, yoxsulluq və xaos vəziyyətindən iqtisadi və siyasi sabitliyə doğru getmişik. Bu gün Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, böhrana baxmayaraq iqtisadiyyatı artır.

Lakin biz bir-birimizi daha yaxşı tanımalıyıq. Daha çox təmaslar və səfərlər olmalıdır. Təbii ki, bir-birimizi daha yaxşı tanımaq mədəniyyətdən keçir. Hər bir ölkə öz mədəni və tarixi irsi ilə fəxr edir. Biz müstəqil ölkə və beynəlxalq ictimaiyyətin üzvü kimi gənc dövlətik. Lakin bizim böyük tariximiz, ənənələrimiz, mədəniyyətimiz vardır. Biz özünəməxsusluğumuzu bunların sayəsində qoruyub saxlamışıq. Əsrlər boyu xalqımız digər dövlətlərin və imperiyaların tərkibində yaşamışdır. Lakin biz özünəməxsusluğumuzu, milli qürurumuzu və mədəniyyətimizi itirmədik. Musiqimizi, poeziyamızı, dilimizi və ənənələrimizi qoruyub saxladıq. Bu, hər hansı ölkənin inkişafı üçün ən mühüm əsasdır. Hazırda biz inkişaf etmiş ölkəyə çevrilməliyik və dünyanın inkişaf etmiş ölkələri sırasında olmalıyıq. Əminəm ki, bu məqsədə nail olacağıq.

Biz tam dağılmış iqtisadiyyatdan yalnız on səkkiz il ərzində iqtisadi rəqabət qabiliyyətinə görə bu gün dünya reytinqində 51-ci yerə çıxmışıq. Gələcəkdə görəcəyimiz işlər daha çoxdur. Bəli, bizim təbii sərvətlərimiz vardır. Lakin müasirləşmə də gedir. Biz Avropaya inteqrasiya xəttinə sadiqik və gələcəkdə inkişafı mümkün edəcək bütün mütərəqqi qayda və qanunları Azərbaycanda tətbiq edirik.

Bu gün çox vacib gündür: mənim İsveçrəyə rəsmi səfərim və Azərbaycan Mədəniyyət Günlərinin açılışıdır. Bu tədbir İsveçrədə yaşayanlara Azərbaycanı və onun mədəniyyətini, ənənələrimizi daha yaxşı tanımaq və bir-birimizə daha yaxın olmaq imkanını yaradacaqdır. Mən İsveçrədə bu cür mühüm mədəni tədbiri təşkil edən bütün şəxslərə minnətdaram. Cənab Prezident, mühüm tədbirdə iştirak etdiyinizə görə Sizə minnətdaram. Bu gün Azərbaycan mədəniyyətinin yalnız kiçik bir hissəsi ilə tanış olmaq üçün buraya gəlmiş şəxslərə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən, həmçinin Sizin hamınızı Azərbaycana səfərə dəvət edirəm və istəyirəm ki, dostluğumuz davam etsin.

 

***

 

Sonra Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasiminin bədii hissəsi başladı.

Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında bir-birindən rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılandı.

Konsertdə səslənən maraqlı musiqi nömrələri Azərbaycan mədəniyyətinin zənginliyini, dövlətimizin incəsənətin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğısını bir daha nümayiş etdirdi. Xüsusilə son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondu tərəfindən milli musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən dəstək Azərbaycan musiqi mədəniyyətinin dünyada daha yaxından tanınmasına geniş imkanlar açmışdır.

Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərb ilə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 2.