Regionların sosial-iqtisadi inkişafının yeni mərhələsi

 

Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında, onun beynəlxalq nüfuzunun artmasında əsas amil olan yeni neft strategiyasının həyata keçirilməsi, sahibkarlığın inkişafına güclü dəstək verilməsi, respublikamızın ümumi tərəqqisi üçün bütün zəruri infrastruktur sistemlərinin yaradılması, xalqın rifahının yüksəldilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması, xarici şirkətlər üçün əlverişli investisiya mühitinin yaradılması və digər məqsədyönlü tədbirlər gənc və müstəqil Azərbaycan dövlətinin ümumi iqtisadi tərəqqisini təmin edib. Məhz bunun nəticəsidir ki, bir çox aparıcı və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına qlobal maliyyə böhranının ciddi təsirinə baxmayaraq, ölkəmiz ümumi daxili məhsul (ÜDM) artımına görə regionda liderliyi qoruyub saxlaya bilmişdir.

Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin sayəsində reallaşmışdır. Ölkənin hərtərəfli iqtisadi inkişafına nail olan Prezident İlham Əliyev bundan sonra da ölkə iqtisadiyyatının yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqinə dair ölkə başçısı tərəfindən imzalanan fərman da bu məqsədə xidmət edir. Bu tarixi fərmana istinadən regionların sosial-iqtisadi inkişafına zəmin yaradan yeni mərhələyə qədəm qoyulmuşdur.

Statistik rəqəmlərdən məlum olur ki, istər sənaye müəssisələrində, istərsə də kənd təsərrüfatının bir çox sahələrində məhsul istehsalı artır, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və meyvəçilik kimi sahələr sürətlə inkişaf edir. Abadlıq və quruculuq işlərinin daha da genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, beynəlxalq normalara cavab verən yeni yolların çəkilməsi, müasir körpülərin tikilməsi, bir sözlə, infrastruktur layihələrin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına nail olmaqdır.

Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında üstünlük bölgələrdə abadlıq və quruculuq məsələlərinə verilirdisə, II Dövlət Proqramında bu işi davam etdirməklə ölkənin təbii və əmək potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub. İndi regionların sosial-iqtisadi inkişafı üçün çox vacib olan müxtəlif istehsal sahələrinin inkişafı məsələsi ön plana çəkilib. Proqramda bir sıra iqtisadi rayonlarda (Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan) gücü 100 mVt olan kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Bu stansiyalar yerli tələbatın ödənilməsində əhəmiyyətli rol oynamaqla, həm də enerji itkisini minimuma endirəcək. Taxtakörpüdə, Şəmkirçayda və Füzuli rayonu ərazisində tikilən su bəndləri üzərində qurulacaq su elektrik stansiyalarını da nəzərə alsaq, ölkənin əksər bölgəsində elektrik enerjisi təchizatının güclü potensialı yaranacaqdır. Cari ilin may ayında ölkəmizin qərb bölgəsində səfərdə olan Prezident İlham Əliyev Şəmkirçay üzərində tikilən dəryaçanın təməlqoyma mərasimində iştirak etmişdir. Yaradılacaq dəryaçanın tikintisini ulu öndər Heydər Əliyev bu bölgə üçün çox vacib hesab edirdi. Şəmkir çayı üzərində tikilən su elektrik stansiyasının illik enerji hasilatı 56 milyon kilovat-saat olacaq. Bu layihənin həyata keçiriməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 500 min 122 hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq, illərlə su üzünə həsrət qalmış 20 min 834 hektar sahəyə su veriləcəkdir. Aran, Gəncə, Qazax, Şəki, Zaqatala, Lənkəran və Dağlıq Şirvan bölgələrində də bu cür işlərin görülməsi nəzərdə tutulur. Bütün bunlar həm də yüzlərlə iş yeri, minlərlə ailənin firavan dolanışığı deməkdir.

Naxçıvan Muxtar Respublikasında da çaylar üzərində kiçik su elektrik stansiyaları qurulacaq, Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik sahələrində alternativ enerji mənbəyi kimi külək elektrik qurğuları, həmçinin günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları tikiləcəkdir.

II Dövlət Proqramında bölgələrdə çox əhəmiyyətli sənaye sahələrinin inkişafına dövlət tərəfindən maliyyə dəstəyi və xüsusi qayğı üstünlük təşkil edir. Yerli təbii sərvətlər əsasında Gəncə-Qazax bölgəsində metallurgiya, maşınqayırma, energetika və digər sahələrin inkişafının təmin edilməsi nəinki regionun, eyni zamanda, ölkənin sosial-iqtisadi tərəqqisində müsbət dəyişikliklər yaradacağına böyük əminlik verir.

Dövlət müstəqilliyinə qədərki dövrdə ölkənin sərvətləri xammal kimi çıxarılır, ilkin emaldan sonra hazır məhsula çevrilmə mərhələsi respublikadan kənarda həyata keçirilirdi. İndi isə belə deyil. Məsələn, Daşkəsən dəmir filizi Gəncədə hazır məhsula çevriləcək. Belə ki, ilkin emaldan sonra xammal Gəncəyə illik istehsal gücü 1 milyon ton olacaq prokat kompleksinə göndəriləcək. Minlərlə işçini özündə birləşdirəcək bu poladəritmə zavodu yaxın illərdə şəhərin ən iri müəssisələrindən birinə çevriləcək. Dövlət Proqramının yaratdığı imkanlar göstərir ki, Gəncə şəhəri qarşıdakı illərdə ağır sənaye mərkəzi kimi də inkişafını davam etdirəcək: Gəncə Avtomobil Zavodunda avtomobil, traktor istehsalı, Gəncə Cihazqayırma Zavodunda sayğac və digər məhsulların istehsalı genişləndirilib.

Bu il may ayının 26-da Azərbaycan Mədən Əməliyyat Şirkətinin Gədəbəy Qızıl-Mis Emalı Zavodu fəaliyyətə başladı. Mütəxəssislərin hesablamalarına görə, Gədəbəy yataqlarında təxminən 22 ton qızıl, 192 ton gümüş və 37 min ton mis ehtiyatı var. İndi bu zavodda xammal istehsal edilməklə yanaşı, son məhsul da hazırlanır.

Ölkəmizin cənub bölgəsində - Lənkəranda tikilən dəniz limanı kompleksində qayıqlar, o cümlədən onun bütün növləri (əllə işlədilən, motorlu, yelkənli), çimərlik avadanlıqları və geyimləri üzrə istehsalın təşkili nəinki ölkəmizin, eyni zamanda, başqa dövlətlərin də bu məhsullara ehtiyacını ödəyə bilər. Ümumiyyətlə, yeni proqramda böyük dönüşə səbəb ola biləcək ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə, müvafiq emal sənayesi sahələri şəbəkəsinin genişləndirilməsinə xüsusi önəm verilib. Bu cəhətdən respublikamızın 16 rayonunda pambıqçılığa, 6 rayonda baramaçılığa (ipəkçiliyə), 9 rayonda üzümçülüyə, 9 rayonda arıçılığa, 7 rayonda meyvəçiliyə üstünlük verilməsi ölkədə toxuculuq, konserv, şərabçılıq sənayesinin geniş miqyasda inkişafına yeni imkanlar yaradacaq. Eyni fikirləri üzümçülük, zeytunçuluq və meyvə-tərəvəzçilik sahələrinin daha böyük həcmdə emal sənayesi məhsulları istehsalını və çeşidini artırmaq (Naxçıvan Muxtar Respublikası, Lənkəran, Quba-Xaçmaz iqtisadi rayonlarında) barədə də demək olar.

II Dövlət Proqramı regionların sosial-iqtisadi inkişafına yeni töhfə verməklə yanaşı, Azərbaycanın Cənubi Qafqazın lider dövləti statusunu qoruyub saxlamağa əlavə stimul verəcəkdir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 3.