Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir
Hər bir siyasi qüvvənin fəaliyyətinə
verilən ictimai qiymət azad seçkilərlə şərtlənir.
Məhz bu strateji seçimin nəticəsi
olaraq hər bir xalq müəyyən zaman kəsiyində milli
inkişaf yolunu, tərəqqi yönümünü müəyyən
edir. Çoxluğun maraq və mənafeyini öz fəaliyyətində
ehtiva edən, rasional siyasət yeridərək cəlbedici
proqram və ideyalarla silahlanan komandanın uğur
qazanması isə qaçılmaz olur. Azərbaycan xalqı
2008-ci il 15 oktyabr tarixdə cənab İlham Əliyevi ikinci dəfə
prezident seçməsi ilə populist və irreal vədlərə
deyil, əməli işə, konkret nəticəyə səs
vermişdir. Bu tarixi seçim xalqımızın təkamülə
əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu,
ölkənin taleyini yalnız konkret planlara malik, çevik,
işlək və monolit komandaya etibar etdiyini bir daha
nümayiş etdirmişdir.
Dövlət
başçısı İlham Əliyev son 6 ildə ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
iqtisadi strategiyanı inamla davam etdirərək Azərbaycanın
dinamik inkişafında yeni mərhələnin əsasını
qoymuşdur. Bu alternativsiz siyasətin Azərbaycana gətirdiyi
böyük uğurlar respublika hüdudlarından kənarda da
yüksək etimadla, rəğbətlə
qarşılanır. Bir çox qabaqcıl
dövlətlərin onilliklər boyu keçdiyi inkişaf və
tərəqqi mərhələlərini qısa müddətdə
adlayan, keçid dövrü üçün səciyyəvi
olan problemlərin öhdəsindən inamla gələn
respublikamızın qısa müddətdə əldə
etdiyi nailiyyətlər, ilk növbədə, cənab
İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə
izah olunur. Dövlət başçısı məhz bu
fenomen keyfiyyətləri sayəsində son bir ildə Azərbaycanın
qlobal böhrana qarşı effektiv müqavimətini təmin
etmiş, onun mənfi təsirlərinə qarşı
preventiv tədbirlər həyata keçirmişdir. Bugünlərdə
Kanadanın Toronto şəhərində keçirilmiş
türkdilli diasporların forumunda Azərbaycan Prezidenti
İlham Əliyevin yekdilliklə "İlin adamı"
seçilməsi də onun fəaliyyətinin beynəlxalq aləmdə
yüksək dəyərləndirildiyini deməyə əsas
verir. Dövlət başçısı bu ada Yer
üzündə ümumi sülhün bərqərar
olması işinə böyük töhfə verən XXI əsrin
görkəmli siyasi xadimi kimi layiq
görülmüşdür. Forum
iştirakçılarının Prezident İlham Əliyevə
ünvanlanmış müraciətində onun çoxmilyonlu
türk dünyasında şəksiz lider olması,
bütün planetdə sülhü bərqərar etmək, Cənubi
Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti
sabitləşdirmək səyləri vurğulanır. Türkdilli diasporların forumunda
çıxış edən nümayəndələr Azərbaycan
Prezidentinin mükəmməl savada, nadir erudisiyaya malik
olmasını da qeyd edərək vurğulamışlar ki, bu
keyfiyyətlər onun əksər beynəlxalq tribunalardan ən
müxtəlif auditoriya qarşısında nitq söyləməsinə,
ölkəmiz üçün mühüm mədəni
və iqtisadi layihələrə diqqəti cəlb etməsinə,
hamıda həmin layihələrə maraq hissi oyatmasına
kömək edir.
Müraciətdə bu
uğurların əldə etdilməsində ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu islahatların
da əhəmiyyəti xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, islahatlar kursu sayəsində Azərbaycan
Şərqdə Qərb mədəniyyətinin çiçəklənən
bölgəsi, Qərbdə isə qədim Şərq
sivilizasiyasına xas olan ən yüksək mənəvi və
mədəni dəyərlərin mərkəzi hesab edilir.
Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Azərbaycanın hazırkı
uğurlarının əsasında həm də ümummilli
lider Heydər Əliyevin hələ respublikaya rəhbərliyinin
birinci dövründə formalaşdırdığı
möhkəm iqtisadi potensial dayanır.
XX əsrin 70-80-ci
illərində Azərbaycanın rəhbəri olmuş
ümummilli lider Heydər Əliyevin cəsarətli,
uzaqgörən və müdrik siyasəti nəticəsində
o dövrlərdə respublika ətrafında yaranmış
süni məhdudiyyətlər qismən aradan
qaldırılmışdır. Hətta həmin illərdə
iqtisadiyyatı başqa müttəfiq respublikalardan xeyli geri
qalan Azərbaycan qısa müddət ərzində
keçmiş sovetlər ittifaqında ən qabaqcıl
respublikalardan biri olmuşdu. Müdrik rəhbərin
uğurlu fəaliyyəti nəticəsində Azərbaycan
qısa müddətdə iqtisadiyyatın hərtərəfli
inkişafına görə sovet dövlətinin müstəqil
yaşamaq imkanı qazanmış iki respublikasından birinə
çevrilmişdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan
və Sovet İttifaqı rəhbərliyindən
getməsindən sonrakı mərhələdə isə
respublika iqtisadiyyatında ciddi tənəzzül
başlamış, bir çox aparıcı istehsal sahələrində,
xüsusən onun aparıcı sahəsi olan yanacaq-energetika
istehsalı xeyli aşağı düşmüşdü.
Sovetlər imperiyası dağıldıqdan sonra qazanılan
müstəqilliyin ilk 2 ilində gənc ölkənin
idarə olunmasının naşı və səriştəsiz
əllərə düşməsi üzündən
iqtisadiyyat ağır böhran vəziyyəti ilə üzləşmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq 27 yanvar
2009-cu ildə Budapeştdə keçirilmiş enerji sammitində
müstəqilliyin ilk illərində neftdən səmərəli
şəkildə istifadə edilmədiyini bildirmişdir:
"Azərbaycanda böyük miqdarda neft və qaz hasil olundu.
Lakin ölkəmiz müstəqillik əldə etdikdən
sonra biz onun faydasını görmədik. Bizə qalan
yalnız dağıdılmış infrastruktur, tükənmiş
neft və qaz yataqları və böhran içərisində
olan iqtisadiyyat oldu".
1993-cü ildə ulu öndər
Heydər Əliyevin xalqın israrlı tələbi ilə
hakimiyyətə qayıdışı bütün sahələrdə
olduğu kimi, milli iqtisadiyyatın böhrandan uğurla
çıxmasını təmin etmişdir. Ulu
öndərin müstəqil ölkənin milli mənafelərinə
xidmət edən siyasəti nəticəsində Azərbaycanın
hərtərəfli tərəqqisinin, o cümlədən
iqtisadi yüksəlişinin ən ümdə problemləri
düzgün qiymətləndirilmiş və onların
vaxtında həlli yolları müəyyənləşdirilmişdir.
Kifayət qədər mürəkkəb şəraitdə
dahi rəhbərin diplomatik səriştəsi hesabına ərsəyə
gələn və tarixə "Əsrin müqaviləsi"
adı ilə düşən strateji əhəmiyyətli neft
kontraktlarının imzalanması isə ölkənin
qarşısında duran taleyüklü vəzifələrin
həllinə, zəruri iqtisadi islahatların
aparılmasına, habelə Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına, onun beynəlxalq aləmdə
nüfuzunun yüksəlməsinə əlverişli imkanlar
açmışdır. Naxçıvan Muxtar
Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli
mərasimdə dövlət başçısı İlham Əliyevin
vurğuladığı kimi, "...Məhz
1993-2003-cü illərdə ölkədə bugünkü Azərbaycanın
- güclü Azərbaycanın yaradılması mümkün
olmuşdur". Ümummilli liderin müstəqil
respublikamıza rəhbərliyi dövründə praktik nəticələr
verməyə başlayan bu iqtisadi strategiya hazırda Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
böyük məharətlə davam etdirilir. Respublikamız
son illərdə ümumi daxili məhsul istehsalına görə
nəinki MDB məkanında, hətta dünyada ən
qabaqcıl yerlərdən birini tutur.
Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
yekunlarına həsr olunmuş geniş iclasında qeyd
olunduğu kimi, hazırda bir çox aparıcı ölkələri
qlobal maliyyə və iqtisadi böhran bürüdüyü
halda, Azərbaycan həyata keçirilən iqtisadi siyasətin
nəticəsi olaraq uğurla inkişaf edir. Əksər
dövlətlərdə, o cümlədən Avropa
İttifaqı ölkələrində, MDB məkanında
ÜDM-in azalması müqabilində Azərbaycanda
artımın müşahidə olunması kifayət qədər
müsbət göstəricidir. 2009-cu ilin büdcəsində
neftin bir barelinin qiymətinin 70 dollar civarında nəzərdə
tutulmasına baxmayaraq, "qara qızıl"ın qiymətində
müşahidə olunan ucuzlaşma respublikamızın
inkişafının qarşısını ala bilməmişdir.
Kifayət qədər maliyyə ehtiyatlarına malik olan Azərbaycan
böhrana qarşı düşünülmüş tədbirlər
həyata keçirməklə inkişafını davam
etdirir.
Azərbaycan iqtisadiyyatının
yüksək artımı, ilk növbədə, onun
quruluşunun çoxşaxəli genişlənmə mərhələsinə
keçməsi ilə şərtlənir. Xüsusən,
son zamanlar sahibkarlığın məqsədyönlü
inkişafına dövlət tərəfindən daha yüksək
dəstək verilməsi, onun istehsalyönümlü fəaliyyətinin
təşviqi, istər yerli, istərsə də xarici iş
adamları üçün münbit şəraitin
yaradılması yerli imkanlar əsasında iqtisadiyyatın
çoxşaxəli inkişaf istiqamətinin təşəkkülünə
səbəb olmuşdur. Bu yöndə genişlənən
inkişaf meyili davamlı xarakter almış, 2009-cu ilin birinci
yarısında qeyri-neft sektorunda artım 4,1 faiz təşkil
edərək ÜDM artımını xeyli üstələmişdir.
Dünyanın əksər
ölkələrinin keçdikləri yüksək tərəqqi
yolu göstərir ki, onların hər birinin iqtisadi inkişaf
strategiyasının xeyli özünəməxsusluğı
var. Qabaqcıl ölkələrə xas olan cəhətləri
öyrənərkən onlarda nəzərə çarpan fərqlər
qabarıq üzə çıxır. Hər bir dövlətin
öz adı ilə başqalarından seçilməsi
üçün "iqtisadi inkişaf modelləri"
(Amerika, Almaniya, Yaponiya, İsveç və s. modelləri)
anlayışından istifadə edilir. Müxtəlif ölkələrin
inkişaf əlamətləri öyrənildikcə belə
modellərin sayını da xeyli artırmaq olar. Əslində
isə bütün modellər ümumi əlamətlərinə
görə bir-birinə çox oxşar, bəzi hallarda hətta
eynidirlər. Lakin istənilən ölkənin iqtisadi
inkişaf istiqaməti və durumu onun imkanlarına və
şəraitinə müvafiq olur və yalnız bu cəhətlərinə
görə başqalarından fərqlənir. Bəzən isə
oxşar imkan və şəraitə malik ölkələr
qarşılıqlı təsir və nümunələr zəminində
özlərinə xas iqtisadi inkişaf modeli müəyyən
edirlər. Azərbaycanın daxili istehsal potensialını
düzgün dəyərləndirən ulu öndər Heydər
Əliyev ölkənin uzun dövr üçün mükəmməl
ümumi iqtisadi inkişaf modelini əsaslandırmışdır.
Respublikamızın iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə
görə başqalarına nəinki bənzəmir, həm də
müəyyən üstünlükləri ilə
seçilir. Bu modelin ən üstün tərəflərindən
biri də sərbəst inkişaf etmək
üstünlüyüdür. Azərbaycan iqtisadiyyatı
başqa ölkələrdən az asılı olmaqla, əsasən
daxili imkanları hesabına inkişaf edən dövlətlərdən
biridir. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il aprel
ayının 28-də Belçika Krallığına səfəri
zamanı Avropa Komissiyasının sədri Jozef Monuell Barrozu ilə
birgə keçirdiyi mətbuat konfransında jurnalistin verdiyi
suala cavab olaraq demişdir: "Azərbaycan güclü iqtisadi
potensiala malik olan və özünü təmin edən
ölkədir. Azərbaycan müstəqil ölkə kimi
yaşamaq və uğurla inkişaf etmək qabiliyyətini
artıq nümayiş etdirmişdir".
Respublikamızın heç bir
dövlətdən asılı olmayan iqtisadi inkişaf modeli
onun uzunmüddətli, hərtərəfli, həmahəng tərəqqisinin
ən bənzərsiz tərəfidir. Belə keyfiyyət
dünyanın hətta ən qabaqcıl ölkələrinə
də müyəssər olmamışdır. Bu cəhətdən
Azərbaycan hətta Avropa İttifaqı və Asiyanın yeni
sənaye dövlətlərinə, habelə dünyanın
bir sıra başqa inkişaf etmiş ölkələrinə
nisbətən daha mükəmməl və etibarlı iqtisadi
sistemə malikdir. Məsələ ondadır ki, hazırda
dünyanın bir sıra nüfuzlu ölkələrinin
iqtisadiyyatları möhkəm təməli olmayan dayaqlar
üzərində qurulmuşdur. Həmin ölkələrin
istehsal sahələri əsasən başqa yerlərdən gətirilən
enerji-xammal əsasında inkişaf edir. Ölkələr
arasında münasibətlərin hər hansı bir səbəbdən
pozulması onların iqtisadiyyatını iflic vəziyyətinə
salır.
Azərbaycanda isə milli mənafelərə
cavab verən müstəqil inkişaf üçün
bütün sərvətlər var. Onların
hamısını sadalamaq mümkün olmadığından,
ancaq əsaslarını (müstəqil ölkə
iqtisadiyyatı üçün çox əhəmiyyətli
sayılan) xatırlatmaq kifayət edər. Respublika
böyük sənaye ehtiyatları olan yanacaq, zəngin
alternativ enerji mənbələri, dəmir filizi, alüminium
xammalı, mis, qızıl, gümüş, sink, molibden,
bentonit, dolomit, müxtəlif kimya xammalı, 200-ə qədər
təbii tikinti yataqları, habelə yüksək inkişaf
etmiş aqrar sahə məhsulları (pambıq, ipək, yun, gön-dəri) və digər ehtiyatlara
malikdir. Məhz bu baxımdan Azərbaycan
müstəqil iqtisadiyyatın təşkilinin bütün əsas
tələblərinə cavab verən yanacaq-enerji sənayesinin,
qara və əlvan metallurgiyanın,
maşınqayırmanın, kimya, tikinti, yüngül, yeyinti
və digər istehsal sahələrinin yüksək səviyyədə
inkişafına qadirdir.
Azərbaycanda təbii
sərvətlərin çoxluğu və müxtəlifliyi,
respublikanın son dərəcə əlverişli coğrafi
mövqeyi, ölkənin yığcam ərazisində əhalinin
nisbətən yüksək təbii artımı, onun məşğulluq
siyasətinin səmərəli təmin edilməsi milli
iqtisadiyyatın hərtərəfli inkişafını zəruri edir. Buna görə də
düşünülmüş, elmi əsaslara söykənən
Azərbaycan iqtisadiyyatının quruluşu, ilk növbədə,
respublikanın ümdə problemləri ilə əlaqələndirilir,
onun fəaliyyətinin yeni əhəmiyyətli keyfiyyət tərəfləri
üzə çıxarılır. Məsələn,
hazırda Azərbaycanda istehsal edilən məhsullar əsasən
onun özündə istifadə olunur. Bu da kəskin dünya
maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin
Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirir.
Bununla yanaşı, Azərbaycan
daha yüksək iqtisadi inkişaf üçün dünya
birliyi ölkələrinin imkanlarından da səmərəli
istifadə edilməsinə böyük önəm verir. Bu, respublikanın qlobal və regional səviyyədə
mövqelərinin möhkəmlənməsinə, nüfuzunun
artmasına, beynəlxalq aləmdə ölkənin iqtisadi əlaqələrinin
genişlənməsinə imkan yaradır. Ölkə
iqtisadiyyatının ümumi inkişaf səviyyəsi yerinə
yetirdiyi əhəmiyyətli funksiyalar nəticəsində
daha da yüksəlir, yeni inkişaf istiqamətləri
yaranır. Müstəqillik dövründə inkişaf
potensialı getdikcə artan Azərbaycan iqtisadiyyatı ilk
dövrlər daha çox yüksək sosial tutumlu
olmuşdursa, hazırda həm də investisiya
yönümlüdür. Artıq bir neçə ildir ki,
daxili investisiyalar xarici investisiyaları xeyli üstələyir.
Son 5 ildə iqtisadiyyatın inkişafına qoyulan sərmayənin
53,2, bu ilin ötən 6 ayında isə 77 faizi əsas kapitala
yönəldilmiş investisiyalar təşkil edir. Qabaqcıl dünya ölkələrinin təcrübəsindən
məlumdur ki, onların iqtisadi modellərinin ən əhəmiyyətli
tərəflərindən birini məhz bu cəhət təşkil
edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
daxili investisiyaların böyük həcmi onlara, ilk
növbədə, öz tələbatlarına uyğun
istehsal sahələrini, infrastrukturun bütün əsas
növlərini yaratmağa imkan verir. Bu amil Azərbaycanın
həmahəng sosial-iqtisadi inkişafı, xüsusən
keçmişdən miras qalmış məhsuldar qüvvələrin
qeyri-bərabər ərazi təşkilinin nizamlanması
baxımından son dərəcə əhəmiyyətlidir. Məhz
bu baxımdan indi regionların inkişafında mümkün
tarazlığı təmin etmək istiqamətində müəyyən
addımlar atılır.
Ölkə iqtisadiyyatının
hərtərəfli inkişafı baxımından qeyri-neft
sektorunun respublika üçün xüsusi əhəmiyyət
kəsb edən sahələrinin yaradılması prosesi son
vaxtlar daha böyük miqyas almışdır. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər) Dövlət Proqramı"nın
uğurla həyata keçirilməsi nəticəsində
regionlarda infrastruktur müasir tələblər səviyyəsində
yenidən qurulmuş, müxtəlif istehsal sahələri
yaradılmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" isə
regionların növbəti mərhələdə
inkişafına yeni imkanlar açmışdır. Ümumiyyətlə,
cənab İlham Əliyev respublika iqtisadiyyatının hərtərəfli inkişafı
üçün regionlarda məhsuldar qüvvələrin
yerli imkanlar əsasında güclü artımına
xüsusi əhəmiyyət verir. İldən-ilə iqtisadi
potensialı və qüdrəti artan Azərbaycanın
dünya birliyi ilə əlaqələri onun üçün
münasib olan fəal inteqrasiya əsasında qurulur. Bu
münasibətlər Azərbaycanın özünü təminetmə
məqsədlərini yerinə yetirdikdən sonra əsas ixrac əməliyyatlarını
gücləndirmək hesabına təmin edilir. Bu
gün Azərbaycan iqtisadiyyatı əsas inkişaf tələblərinə
görə dünya bazarından asılı deyildir. Əksinə,
başqa ölkələr bir sıra mühüm strateji məhsulların
təminatına görə Azərbaycandan bu və digər dərəcədə
asılıdır.
Təbii qaz və
enerji təminatına görə son illərə qədər
başqa ölkələrdən asılı olan Azərbaycan
istehsalı genişləndirməklə hazırda
özünün enerji təhlükəsizliyini təmin
etmişdir. 2008-ci ildə respublikamızda kondensat da daxil
olmaqla, neft və qaz hasilatı 2000-ci ilə nisbətən 3 dəfə,
elektrik enerjisi istehsalı 8 faiz artmışdır. Bir
çox rayonlarda - Astarada, Xaçmazda, Şəkidə,
Naxçıvanda və Şirvanda yeni elektrik stansiyaları istifadəyə
verilmişdir. Hazırda Sumqayıt və Qubada da belə
stansiyalar tikilir. Müstəqilliyin ilk illərində
Naxçıvan Muxtar Respublikası əsasən Türkiyə
və İrandan alınan elektrik enerjisi ilə təmin
olunurdusa, hazırda buradan Türkiyəyə böyük
miqdarda enerji ixrac edilir.
Azərbaycanın nəqliyyat təhlükəsizliyi
də yüksək səviyyədə təmin olunur, ərzaq
təhlükəsizliyi məsələsi həllini tapır.
Respublikamız indi əsas kənd təsərrüfatı məhsulları
ilə öz tələbatını ödəyir. Lakin bu cəhətdən
ölkənin imkanları hələ xeyli böyükdür.
Azərbaycan bir çox mühüm ərzaq məhsulları
ilə ixrac imkanlarını artıra bilər. Bu
sahədə respublikanın əlverişli imkanlarından bəhrələnmək
üçün fermerlərin biliyini və ümumi səviyyəsini
yüksəltmək, kənd təsərrüfatının
idarəolunmasını təkmilləşdirmək yolu ilə
əkinçilik mədəniyyətini elmi əsaslarla aparmaq,
onun quruluşunu yaxşılaşdırmaq hesabına kənd
təsərrüfatı sahələrinin məhsuldarlığını
artırmaq qarşıda duran vacib məsələlərdəndir.
Geniş miqyas alan qloballaşma,
müəyyən fasilələrlə təkrar olunan iqtisadi və
maliyyə böhranları şəraitində planetin
inkişaf qaydaları, habelə bununla əlaqədar
yaşayış tərzi bir sıra istiqamətlərdə dəyişikliklərə
məruz qalmışdır. Xüsusən,
dünyada təbii sərvətlərin son dərəcə
qeyri-bərabər paylandığı, onların getdikcə tükəndiyi
bir şəraitdə bəşəriyyətin yüksək
inkişafa və böyük rifaha göstərdiyi ümumi səylər
artmışdır. Çağdaş dövrün əsas tələblərindən
biri də ölkələr arasında səmərəli və
etibarlı qarşılıqlı əlaqələri
genişləndirməkdən ibarətdir. Azərbaycan bu cəhətdən
beynəlxalq əlaqələrini getdikcə genişləndirir.
Nazirlər Kabinetinin 2009-cu ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Azərbaycan
Prezidenti İlham Əliyev demişdir: "Biz artıq uzun illərdir
ki, dünyada etibarlı tərəfdaş kimi qəbul
edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız
uğurludur və qarşılıqlı maraqlar üzərində
qurulmuşdur. Biz bütün ölkələrlə
münasibətlərimizi qarşılıqlı maraqlar,
qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə
qarışmamaq prinsipləri əsasında qururuq və əminəm
ki, bu, beynəlxalq əlaqələrdə yeganə
mümkün olan prinsipdir".
Xarici iqtisadi əlaqələrin
səmərəli qurulması əsasında bir çox
ölkələr öz zəruri tələblərinə
müvafiq istehsal sahələrini yaratmaq üçün vacib
xammal və materiallara olan ehtiyaclarını ödəyir, yeni
texnologiyalarla təmin olunur, habelə investisiyaları cəlb
edə bilərlər. Azərbaycan müstəqillik illərində daxili
imkanlardan düzgün istifadə etməklə milli mənafelərə
cavab verən sərbəst iqtisadiyyatını yaratmaqla
yanaşı, dünya birliyinin nüfuzlu və yüksək
etibar qazanmış ölkəsinə çevrilmişdir. Bunu Azərbaycana səfər edən dövlət və
hökumət başçılarının, beynəlxalq
qurumların, xarici şirkətlərin rəhbərlərinin,
ekspertlərin qənaətləri, qlobal maliyyə
böhranının təsirinin respublikamızda ciddi hiss
olunmaması ilə bağlı fikirləri də təsdiqləyir.
Dünya Bankının "Doung Business"
hesabatında Azərbaycanın islahatçı ölkə
kimi tanınması və bugünlərdə Dünya
İqtisadi Forumunun, Dünya Bankının, habelə Beynəlxalq
Maliyyə Korporasiyasının hazırladığı
"Sahibkarlıq fəaliyyəti üçün əlverişli
şərait" reytinqinə görə Azərbaycanın
183 ölkə arasında 38-ci yeri tutması onun beynəlxalq
aləmdə cəlbediciliyini daha da artırmışdır.
Azərbaycan yüksək iqtisadi
göstəricilərə və digər üstünlüklərə
malik dövlət kimi ümumi tərəqqiyə və əmin-amanlığa
xidmət edən əməkdaşlığı daim
genişləndirmək əzmindədir. Respublikamızla
əlaqədar bəzi taleyüklü məsələlərin
həllində obyektiv mövqedən çıxış etməyən,
ikili standartlara yol verən Avropanın bir sıra dövlətlərindən
fərqli olaraq, Azərbaycan ədalətli əməkdaşlığın
sarsılmaz qaydalarına riayət edərək ümumi əmin-amanlıq naminə beynəlxalq vəzifələrini ləyaqətlə
yerinə yetirir. Ölkə başçısı İlham Əliyev
27 yanvar 2009-cu ildə Budapeşt enerji sammitində
çıxış edərkən Avropada səmərəli
enerji sistemi yaradılmasının əhəmiyyətindən
söz açmışdır: "Bizim enerji siyasətimiz
və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri
xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji
məsələləri siyasi təzyiq və böhtan aləti
kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz,
təcrübəmiz və Azərbaycan tərəfindən
atılmış praktiki addımlar, - əminəm ki,
istehsalçılarımız və tranzit ölkələr
bunu etiraf edə bilərlər - göstərir ki, tərəfdaşlığa
və dərhal maliyyə nəticələrinə yönəlmiş
siyasət bir çox uğurlar göstərəcəkdir".
Azərbaycan həmişə
yüksək qiymətləndirdiyi beynəlxalq əməkdaşlıq
ənənələrinə bundan sonra da sadiq qalacaqdır.
Hazırda dünyanın üzləşdiyi böyük
problemlərdən biri Avropanı etibarlı enerji mənbələri
ilə təmin etməkdən ibarətdir. Azərbaycan sülh
və dostluğa söykənən davranış
qaydalarına, qəbul edilmiş ümumi tərəfdaşlıq
prinsiplərinə sadiq qalaraq bu sahədə öz
imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.
Asəf NADİROV,
akademik
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 4.