Ədliyyə Akademiyası hakimliyə namizədləri
kursa cəlb edir
Mətbuatda xəbər verildiyi
kimi, çoxmərhələli şəffaf və mütərəqqi
prosedurlar əsasında keçirilən hakim vəzifəsinə
namizədlərin seçimi zamanı test, yazılı və
şifahi imtahanlardan uğur qazanmış 80 nəfər
növbəti mərhələyə - ilkin uzunmüddətli
tədris kurslarına buraxılmışdır.
Hakimliyə namizədlərin tədrisi
Ədliyyə Akademiyasına həvalə olunmuşdur.
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən bildirmişlər ki, oktyabrın 19-da həmin
kursun təntənəli açılışı olmuşdur.
Tədbirdə ilk mühazirə ilə çıxış
edən Məhkəmə-Hüquq Şurasının sədri,
ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu məhkəmə-hüquq
islahatlarından danışaraq, məhkəmə sisteminin
müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin
təmin olunması, əhalinin məhkəmələrə
inamının gücləndirilməsi və müraciət
imkanlarının asanlaşdırılması üzrə
işləri xüsusi vurğulamışdır. F.Məmmədov
ilk dəfə olaraq Ədliyyə Akademiyasında ədliyyə
işçilərinin, vəkillərin, prokurorların peşəyə
buraxılışı məqsədi ilə icbari təlimlərin,
həmçinin hakimlərin davamlı və hakimliyə namizədlərin
uzunmüddətli tədris kurslarının təşkil
olunmasının əhəmiyyətini qeyd etmişdir. Bu tədbirlərin
hüquqi xidmətlərin keyfiyyətinin
artırılmasına, ədalət mühakiməsinin ən
yüksək səviyyədə həyata keçirilməsinə
xidmət edəcəyini bildirərək, kursa başlayan
hakimliyə namizədlərə uğurlar
arzulamışdır.
Akademiyada tədris olunacaq kursun
proqramı müasir metodika və beynəlxalq təcrübə
nəzərə alınmaqla hazırlanmışdır. Namizədlərin
hakim olmaq üçün lazımi biliyə və peşə
hazırlığına yiyələnmələrinə
xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o
cümlədən insan haqları, xüsusilə, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentləri, habelə məhkəmə etikası, korrupsiya
ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və
digər məsələlərə dair mövzular daxil
edilmişdir. Müxtəlif məhkəmələrdə bir
neçə aylıq staj keçilməsi də nəzərdə
tutulur.
Kursda yüksək məhkəmə
hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və
təcrübəyə malik olan şəxslərin, habelə
nüfuzlu xarici mütəxəssislərin mühazirələri
təşkil olunacaqdır. Kurs çərçivəsində
hakimliyə namizədlərin xarici ölkələrdə təcrübə
keçməsi də planlaşdırılır.
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 6.