Baş Prokurorluğun nümayəndə heyəti Litvada səfərdə olmuşdur

 

Xəbər verildiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında "Avropa qonşuluq siyasəti" planı çərçivəsində həyata keçirilən, Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin dövlət idarəçilik qurumları arasında əməkdaşlıq aləti kimi icrasına başlanılmış "Tvinninq" layihəsi çərçivəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 12-dən 16-dək Litva Respublikasında səfərdə olmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin üzvləri əvvəlcə "Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" "Tvinninq" layihəsi üzrə tərəfdaş seçilmiş Litva Xüsusi İstintaq Xidmətində olmuş, qurumun fəaliyyəti ilə tanış olmuşlar.

Qurumun rəhbəri Zimantas Paçeviçus, "Tvinninq" layihəsi üzrə Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin tərəfdaş olmasından məmnunluğunu ifadə etmişdir.

Daha sonra Litva Respublikası Prezident Administrasiyasında Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Yonas Markeviçus müşavir Valdas Yakunasla görüş olmuşdur. Yonas Markeviçus nümayəndə heyətini səmimi qarşılayaraq son zamanlar Azərbaycan Litva arasında yaranmış sıx əlaqələrin əhəmiyyətindən danışmış, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizəni ölkə hüquq-mühafizə orqanlarının fəaliyyətinin prioritet istiqaməti kimi dəyərləndirmişdir.

Görüşdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işi ilə bağlı suallar ətraflı cavablandırılmışdır.

Litva Respublikasının Prokurorluğunda keçirilmiş görüşdə baş prokuror Algimantas Valantinas prokurorluğun fəaliyyət istiqamətləri, funksiyaları, ölkə Konstitusiyası ilə məhkəmə hakimiyyətində yeri, bu qurumun cəmiyyətdə rolu barədə məlumat vermişdir. Nümayəndə heyətinin üzvləri yeni istifadəyə verilmiş Litva Respublikası Prokurorluğunun inzibati binası prokurorluğun fəaliyyəti ilə yaxından tanış olmuşlar. Görüşdə Litva Respublikası Prokurorluğunun Korrupsiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Algimantas Klinka Beynəlxalq Əlaqələr Hüquq İdarəsinin rəisi Rolandas Tilindis iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinın başqa bir görüşü Litvanın ali qanunvericilik orqanı olan Seymində keçirilmişdir. Görüşdə Seymin Antikorrupsiya komissiyası sədrinin müavini xanım Aqne Bilotaytenin rəhbərlik etdiyi komissiya üzvləri iştirak etmişdir. Xanım Aqne Bilotayte korrupsiyaya qarşı mübarizə sahəsində Litva Respublikasında qəbul edilmiş normativ-hüquqi aktları nəzərə çatdırmış, Seymin binası ilə tanışlıq zamanı onun tarixi barədə məlumat verilmiş, qanunverici orqanın işi ilə əyani tanışlıq məqsədi ilə Seymin plenar iclaslarının müşahidə edilməsinə şərait yaradılmışdır. Azərbaycan nümayəndə heyətinin üzvləri Avratlantik məkana inteqrasiyanın ölkəmizin strateji seçimi kimi müəyyənləşdirilərək uğurlu xarici siyasətin prioritet istiqamətinə çevrildiyini, korrupsiya sahəsində beynəlxalq konvensiyaların ölkə parlamenti tərəfindən ratifikasiya edilərək, milli qanunvericiliyə implementasiyası sahəsində görülmüş işləri diqqətə çatdırmışlar. Seymin deputatı Antikorrupsiya komissiyasının üzvü, uzun müddət Litva Respublikasında məsul vəzifələrdə çalışmış Stanislovas Qyedraitis Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə onun hələ keçmiş SSRİ- Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi müddətdə dəfələrlə görüşdüyünü bildirərək, ulu öndərin respublikamızın müstəqilliyi uğrunda mübarizəsi, tarixi şəxsiyyət olması barədə Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, xoş xatirələrini söyləmişdir.

Qeyri-hökumət təşkilatı olan "Transperansy İnternational" beynəlxalq təşkilatının Litva bölməsinin işi ilə tanışlıq zamanı vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti rolu barədə ətraflı məlumat əldə edilmişdir.

  Keçirilmiş görüşlər zamanı ölkəmizdə azad sahibkarlıq və özəl sektorun inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlərin korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadığı litvalı həmkarların nəzərinə çatdırılmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi dəyərləndirilmişdir.

Eyni zamanda, ölkəmizin başçısı İlham Əliyev tərəfindən 2009-cu il 22 iyun tarixdə imzalanmış "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanın dövlət qurumları qarşısında korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımlar atılması kimi yeni vəzifələr qoyduğu vurğulanaraq həmin vəzifələrin prokurorluqda icra mexanizmini nəzərdə tutan müvafiq əmr imzalanması və həyata keçirilən tədbirlər qeyd olunmuşdur.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri barədə geniş məlumat verilmiş, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır.

Hazırda "Tvinninq" proqramı müvəffəqiyyətlə icra olunur. Layihə üzrə Litva Respublikası Avropa İttifaqı nümayəndələri, həmçinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının qarşılıqlı səfərləri nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 6.