Bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi

 

Oktyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclasın gündəliyinə təklif olunan məsələlər barədə məlumat verdi. Cari məsələlərin müzakirəsində deputatlar Türkiyə-Ermənistan protokollarının imzalanması, habelə Azərbaycan-Türkiyə münasibətlərinə dair fikirlərini bildirdilər. Milli Məclis Sədrinin müavini Bahar Muradova bir qrup azərbaycanlı deputatın bu yaxınlarda Türkiyəyə təşkil edilmiş səfərinə toxundu. Bildirdi ki, bu səfər bir sıra məsələlərə aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan nümayəndə heyətinin bu səfəri zəngin olmuşdur.

 

Müzakirələr zamanı deputatlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması haqqında yayılan məlumatlara, hər iki ölkə arasında imzalanmış protokollara, bəzi qüvvələrin Azərbaycan-Türkiyə münasibətlərinin gərginləşməsinə yönəlik cəhdlərinə dair fikirlərini bölüşdülər.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanla Türkiyə qardaş xalq və dost ölkələrdir. Bu iki dövlətin dostluq münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr layiqli cəzalarını alacaqlar. Komitə sədri ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin dövlət rəsmilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə bir araya gəlmədiklərini qeyd etdi. Bildirdi ki, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında ikili standartlara yol verilir.

Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə ilə Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin antimilli fəaliyyətlərini tənqid etdi. Oqtay Əsədov mətbuat nümayəndələrini bu məsələdə həssas olmağa çağırdı.

Cari məsələlərin müzakirəsindən sonra Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Daxili qoşunların statusu haqqında" qanuna əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsini deputatların müzakirəsinə təqdim etdi. Qanun layihəsi daxili qoşunlarda hərbi şuranın yaradılmasını, onun tərkibinin müəyyən edilməsini ehtiva edir. Müzakirələr zamanı deputatlar - Vidadi Məmmədov və Aydın Həsənov qanun layihəsinə müsbət münasibət bildirdilər.

İclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2009-cu il iyunun 30-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə" qanuna Azərbaycan Prezidentinin etirazları haqqında sənədi deputatların müzakirəsinə təqdim etdi. Ziyad Səmədzadə bildirdi ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan əlavələr əhalinin sosial müdafiəsini gücləndirmək, ölkədə işsizlik səviyyəsini azaltmaq, miqrasiya proseslərini tənzimləmək, yüksək ixtisaslı kadr potensialından daha səmərəli istifadə etmək məqsədini daşıyır. Lakin bu məqsədə inzibati üsullar, qadağanlar yolu ilə deyil, iqtisadi təsir vasitələrindən istifadə etməklə nail olmaq lazımdır. Müzakirələr zamanı deputatlar qərar layihəsinə müsbət münasibət bildirdilər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə daha sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə, həmçinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələrini Milli Məclisin müzakirəsinə təqdim etdi. Hər iki qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsini parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim etdi. Qanun layihəsində təklif edilən əlavələr və dəyişikliklər əhalinin sağlamlığının daha yaxşı qorunmasına xidmət edir. Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan Gövhər Baxşəliyeva, Rafiq Məmmədhəsənov, Hikmət Atayev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Gülər Əhmədova və Aydın Həsənov bir sıra təkliflərlə çıxış etdilər. Qeyd olundu ki, əlavə və dəyişikliklər ölkəmizdə tibb sahəsinin daha da inkişafına təkan verəcək. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

Deputatlar Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevin müzakirəyə təqdim etdiyi Şəmkir rayonunda Əliyaqublu kənd inzibati ərazi dairəsinin yaradılması haqqında qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etdi. Şəmsəddin Hacıyev bildirdi ki, dəyişikliklər texniki və redaktə xarakterli düzəlişlərdən ibarətdir. Qanun layihəsinin müzakirəyə çıxarılmasında əsas məqsəd qanunun daha da təkmilləşdirilməsindən ibarətdir. Sənəddə bəzi anlayışlar yeni redaktədə verilib, bəzi bəndlərin adlarında düzəlişlər təklif edilib. Qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova təkliflərlə çıxış etdi. Deputatlar bu sənədə müsbət münasibət bildirdilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentin müzakirəsinə təqdim etdi. Əli Hüseynov bildirdi ki, məhkəmə qərarlarının icrası olduqca vacib prosedurdur. Bu sahədə son illər xeyli işlər görülüb. Qanuna təklif edilən dəyişikliklər əsasən məhkəmə qərarlarının icra ödənişi ilə bağlıdır. Bu qanun layihəsi də səs çoxluğu ilə qəbul edildi.

 

* * *

 

Qısa fasilədən sonra "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq sistemində də islahatlar həyata keçirilməkdədir. Bu islahatların nəticəsi olaraq cəmiyyətdə prokurorluğun nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Komitə sədrinin sözlərinə görə, layihədə təklif edilən dəyişikliklərin bir qismi texniki xarakterlidir və anlayışların dəqiqləşdirilməsinə xidmət edir. Əli Hüseynov "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə təklif olunan əlavə və dəyişiklik barədə geniş məlumat verdi. Bildirdi ki, bu əlavə və dəyişikliyə əsasən qanunun 16-cı maddəsinin "Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməz." redaksiyasında olan ikinci hissəsinin "Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər" kimi verilməsi təklif olunur.

Əli Hüseynov onu da bildirdi ki, müzakirə olunan layihədəki əlavə və dəyişikliklərin bir hissəsi prokurorluq orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsini özündə ehtiva edir. Məlumdur ki, prokurorluq işçiləri 60 yaşında pensiyaya çıxırlar. Amma ölkə qanunvericiliyinə əsasən, əmək pensiyaları 62 yaşdan hesablanır. Layihəyə təklif olunan əlavə və dəyişikliklər məhz bu ziddiyyəti də aradan qaldırmağa və digər hüquq-mühafizə orqanlarında mövcud olan sosial hüquqların prokurorluq orqanları əməkdaşlarına da şamil edilməsinə xidmət edir.

Prokurorluq orqanlarının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində böyük xidmətlərinin olduğunu qeyd edən Əli Hüseynovun sözlərinə görə, bu layihənin qəbulu prokurorluq orqanlarına böyük töhfə olacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, layihədə prokurorluq orqanları əməkdaşlarının sosial hüquqları dəqiqləşdirilir. Milli Məclisin Sosial siyasət komitəsi bununla bağlı əlavə və dəyişikliklərə müsbət rəy verib. Layihənin qəbulu prokurorluq əməkdaşlarının sosial hüquqlarının gücləndirilməsinə xidmət edəcək.

Layihənin müzakirəsi zamanı deputat Fazil Mustafa dedi ki, sözügedən qanunlara təklif olunan əlavələr və dəyişikliklər qanunvericilikdə olan hüquqi boşluğun aradan qaldırılması istiqamətində mühüm addımdır. O, "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə təklif edilən dəyişikliyi müsbət qiymətləndirdi.

Deputat Siyavuş Novruzov isə bildirdi ki, uzun müddətdir ki, bəzi kütləvi informasiya vasitələri bu layihənin mahiyyətinə varmadan bununla bağlı cəmiyyətdə yanlış təəssürat yaratmağa cəhd göstərirlər. Siyavuş Novruzov prokurorluq əməkdaşlarının sosial hüquqlarının gücləndirilməsini yüksək dəyərləndirdi.

Deputat Nizami Xudiyevin sözlərinə görə, nəzərdə tutulan əlavə və dəyişikliklərin qüvvəyə minməsi prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.

Qanunun qəbulundan sonra ötən müddətin bu sənədə bir sıra əlavə və dəyişikliklər edilməsi zərurəti yaratdığını diqqətə çatdıran deputat Aydın Həsənov da "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə təklif olunan dəyişikliyin olduqca mütərəqqi olduğunu qeyd etdi.

Deputat Mübariz Qurbanlının sözlərinə görə, cəmiyyətimizin inkişaf etdiyi və mütərəqqi hüquq islahatlarının aparıldığı bir şəraitdə sözügedən qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurətdir. Mübariz Qurbanlı əlavə etdi ki, "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə təklif olunan dəyişikliklə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur. Dünyanın heç bir ölkəsində hüquq-mühafizə orqanlarında fəaliyyət müddəti ilə bağlı məhdudiyyət yoxdur. Ona görə bu dəyişiklik olduqca zəruridir.

Qanun layihəsindəki əlavə və dəyişikliklərin mahiyyətindən söz açan deputat Abel Məhərrəmov da onların olduqca vacib və yerində olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, qanun layihəsinin qüvvəyə minməsi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına xidmət edəcək.

Deputatlardan İlyas İsmayılov və Qüdrət Həsənquliyev də qanun layihəsi ilə bağlı fikirlərini bölüşdülər.

Müzakirələr başa çatdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsinə dair beş məsələ salınmışdı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bu məsələlərlə bağlı ətraflı məlumat verdi.

Deputatlar İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələrə və dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda qısa müzakirədən sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" qanun layihəsi də qəbul olundu.

İclasda son olaraq "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə təqdim edilib. Bu, məhkəmə-hüquq islahatlarının davam etdirildiyi şəraitdə olduqca vacib məsələdir. Məhkəmələrin fəaliyyəti haqqında informasiyanın cəmiyyətə çatdırılması olduqca mühümdür. Qanun layihəsinin qəbul edilməsi məhkəmə-hüquq islahatlarına mühüm töhfə olacaq.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, ölkəmizdə məhkəmə-hüquq islahatları uğurla davam etdirilir. Bu layihənin Milli Məclisdə müzakirəyə çıxarılması da islahatların ardıcıllığının əyani göstəricisidir.

Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Fazil Mustafa, Siyavuş Novruzov, Aydın Həsənov, Ərəstun Cavadov, Fuad Muradov, Zahid Oruc, Gülər Əhmədova və Pənah Hüseyn belə bir qanunun qəbulunun mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Çıxış edənlər konseptual baxımdan qanun layihəsini yüksək qiymətləndirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

 

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 3.