"Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" fəaliyyətini genişləndirir

 

Oktyabrın 19-da Paytaxtın "Hyatt Regency" mehmanxanasının "Şamaxı" zalında "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin (XBİŞ) səhmdarlarının iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Bu şirkət 2008-ci ilin martında Azərbaycan İnvestisiya Şirkəti və "Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası" (İslam İnkişaf Bankının maliyyə qurumu) tərəfindən təsis edilmişdir. Sonradan onun sıralarına Səudiyyə Ərəbistanın "Tanmiyat", Yəmənin "Al Ahmar" və Küveytin "Aref İnvestment" qrupları da qoşulmuşdur.

Mətbuat konfransını açan "Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası"nın icraçı direktoru Xalid əl-Abudi bildirmişdir ki, fəaliyyətlərinin əsas məqsədi müsəlman ölkələrində qeyri-neft sektoruna sərmayə qoymaq və bu sahəni inkişaf etdirməkdən ibarətdir. Bundan əlavə, qurum özəl müəssisələrin yaradılması və təkmilləşdirilməsi məqsədilə dövlət və özəl şirkətlərə məsləhət xidmətləri göstərir. O, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, XBİŞ-in fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev dövlətimizin başçısının özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, Azərbaycanda yaradılmış əlverişli biznes mühitinin xarici sərmayədarlarda marağı daha da artırdığını qeyd etmişdir.

XBİŞ-in icraçı direktoru Toğrul Köçərli demişdir ki, 3 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan quruma bugünədək 23 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Bunun 17 milyon manatı xarici sərmayədarların payına düşür. Samux rayonunda fəaliyyət göstərən "NAA Aqrotara" şirkətinin nəzdində ölkə üzrə ən böyük - 25 min tonluq soyuducu anbar kompleksinin fəaliyyətinin təkmilləşdirilməsi üçün bağlanmış Sazişə əsasən, 5,5 milyon manat vəsait ayrılmışdır. Digər layihəyə əsasən, Saray qəsəbəsində 169 evdən ibarət şəhərciyin tikilməsinə şirkət tərəfindən 6,4 milyon manat (layihənin ümumi dəyərinin 20 faizi) birbaşa sərmayə yatırılmışdır. Üçüncü layihə isə kənd təsərrüfatı sahəsini əhatə edir. Belə ki, bostançılıq üzrə təsərrüfatlardan birində istehsal prosesini yeni təkmilləşdirilmiş səviyyəyə çatdırmaq üçün 1,5 milyon manat (layihənin ümumi dəyərinin 68 faizi) vəsait ayrılmışdır.

Sonra "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"nin digər səhmdarları olan maliyyə qurumlarının nümayəndələri çıxış edərək Azərbaycanda əlverişli investisiya mühitindən razılıqlarını ifadə etmiş, birgə fəaliyyət barədə məlumat vermişlər.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 6.