İqtisadi inkişafın dinamikliyi davam edir

 

İqtisadi inkişafın yeni mərhələsi Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq bacarığını ortaya qoyur, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bunu son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilməsi də təsdiqləyir.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlətimizin başçısı qeyd etmişdir ki, ötən dövr ərzində Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib və bu, çox sevindirici haldır. "Xüsusilə ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın mənfi təsiri olmuşdur və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir".

Prezidentin bu nikbin bəyanatını cari ilin 9 ayının makroiqtisadi nəticələrini əks etdirən statistik rəqəmlər də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə ümumi daxili məhsul istehsalı 6,1 faiz artıb. Bunun çox böyük nailiyyət və böyük uğur olduğunu deyən Prezident vurğulayır ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa sektorundan asılı deyil və son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələnməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirir. 9 ayda sənaye istehsalında artım 5, kənd təsərrüfatında 3 faiz olub. İlk dəfə olaraq Azərbaycanda rekord səviyyədə - 3 milyon ton taxıl istehsal edilib. İnflyasiya cəmi 2,1 faiz olub, əhalinin pul gəlirləri təxminən 10 faiz artıb. Ölkənin valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir. Bütün sosial proqramlar uğurla icra edilir.

Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı, həyata keçirilən ardıcıl, məqsədyönlü islahatlar, biznesin inkişafı üçün yaradılan münbit şərait bir çox nüfuzlu beynəlxalq qurumlar tərəfindən daim diqqətdə saxlanılır və yüksək qiymətləndirilir. Nazirlər Kabinetinin iclasında Prezident bununla bağlı demişdir: "Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doinq Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya iqtisadi forumunun hesablamalarına əsasən, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə birincidir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu, bir daha onu göstərir ki, vaxtilə bizim uğurlarımızı ancaq neft amili ilə bağlamaq istəyənlər, neftin qiyməti ilə bağlamaq istəyənlər qərəzli mövqedə idilər, yaxud da ki, səhv mövqedə idilər. Biz həmişə demişik ki, bizim uğurlarımızın əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olmuşdur. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurub. Belə olmasaydı, biz dünya miqyasında 51-ci yerdə olmazdıq".

Qeyd edək ki, Beynəlxaq Valyuta Fondunun (BVF), Dünya Bankının (DB) hesabatlarında Azərbaycan iqtisadiyyatı davamlı olaraq müsbət xarakterizə edilir. Bundan əlavə, ölkəmiz karbohidrogen ehtiyatlarının hasilatı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Və unutmayaq ki, bütün bunlar dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü bir dövrdə baş verir. Həyata keçirilən uğurlu iqtisadi strategiya nəticəsində ölkəmizdə qlobal maliyyə böhranının fəsadları bir o qədər hiss edilmir. Çünki yaradılmış irihəcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin edir. Digər tərəfdən, əvvəlki illərdə yaradılmış möhkəm iqtisadi potensial hesabına respublikada sosial iqtisadi inkişafın davamlığı mövcuddur.

Xatırladaq ki, hələ ötən ay Dünya İqtisadi Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ında Azərbaycanın iqtisadi göstəricilərinə görə mövqeyinin xeyli möhkəmləndirildiyi bildirilmişdir. Forumun nəticəsinə görə, ölkəmiz rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur.

Dünya İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının və Beynəlxalq Maliyyə Kooperasiyasının (İFC) tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqi də ("Biznesin aparılması: çətin vaxtda islahatlar" ("Doinq Business-2010") açıqlanmışdır. Bu reytinqdə isə ölkəmiz 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir.

Bu günlərdə BVF "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı yeni bir hesabatını açıqlamışdır. Açıqlamada bildirilir ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının artımı 7,5 faiz təşkil edəcək. Növbəti ildə isə dünya iqtisadiyyatında neft məhsullarına tələbatın artması nəticəsində bu rəqəm daha da yaxşılaşacaq. Hesabatda ilin sonuna qədər iqtisadi artım 7,5 faiz təşkil etdiyi halda, bu artımda neft sektorunun payının 11, qeyri-neft sektorunun payının isə 4 faiz civarında olacağı göstərilir.

BVF-in Bakı nümayəndəliyinin rəhbəri Koba Qvenetadzenin sözlərinə görə, növbəti ildə Azərbaycanın neft sektorunda artım 10 faiz, qeyri-neft sektorunda isə 2009-cu ilə nisbətən daha çox olacaq və bu sektorun payı ÜDM-də artacaq. Neft sektorunda artım bu sahənin məhsullarının ixracının Azərbaycan iqtisadiyyatında əhəmiyyəti ilə izah olunur. BVF-in proqnozunda həmçinin güman edilir ki, cari ildə ölkədə inflyasiya azalaraq 2,2 faiz təşkil edəcək ki, bu da daxili tələbat və idxal mallarının qiymətinin ucuzlaşması ilə bağlıdır. Fondun icmalında habelə qeyd olunur ki, 2009-cu ildə əməliyyatların hesabat saldosu ÜDM-ə görə 19,6 faiz təşkil edəcək. Gələn il isə bu göstəricinin 23,1 faizə qədər artacağı gözlənilir. Artım perspektivləri ölkənin enerji resurslarının ixracında özünü daha qabarıq göstərəcək.

Göründüyü kimi, bir sıra nüfuzlu beynəlxalq təşkilatların vaxtaşırı açıqladıqları hesabatlarda, yaxın gələcəyə hesablanan proqnozlarda bir qayda olaraq Azərbaycan iqtisadiyyatının davamlığı, dayanıqlığı və inkişafı qeyd olunmaqla yanaşı, dünya iqtisadiyyatında layiqli yer tutması da əksini tapır. İqtisadi tempin sabitliyi isə sosial infrastruktur layihələrinin reallaşdırılmasını tezləşdirir, vətəndaşların rifah halının yüksəldilməsinə birbaşa xidmət edir.

İqtisadiyyatın dinamik inkişafı Azərbaycanı həmçinin qonşu və Qərb dövlətləri üçün vacib ölkəyə çevirir, beynəlxalq maliyyə qurumlarının etibarlı tərəfdaşı edir. Artıq Azərbaycan təkcə investisiya qoyulan ölkə yox, həm də investisiya yatıran ölkədir.

 

 

R.ŞİRİNOV

 

Azərbaycan.- 2009.-21 oktyabr.- S. 3.