Fiziki və mənəvi kamilliyə aparan yol

 

Müasir dövrdə idman və bədən tərbiyəsinin inkişafı hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genefondun qorunub saxlanılması baxımından son dərəcə mühüm vasitə sayılır. Tarixən bəşər övladına humanist dəyərlər təlqin edən, ona vətənə məhəbbət, sədaqət, milli qürur hissləri aşılayan idman güclü mənəvi-etik məzmun yükünə malik olmaqla yanaşı, dövlətlərin hərtərəfli inkişafında, habelə dünya miqyasında tanınmasında vacib rol oynayan təbliğati-siyasi vasitəyə çevrilmişdir.

İstənilən dövlətdə idmanın yüksəlişini bu sahənin inkişafı üçün atılan davamlı, məqsədyönlü addımlar, idmanın ən müxtəlif sahələri üzrə maddi bazanın genişləndirilməsi, təkmilləşdirilməsi, öz bacarığı ilə idmanın inkişafına təkan verə biləcək peşəkar mütəxəssislərin yetişdirilməsi şərtləndirir. Bu reallığı dövlət idarəçiliyinin bütün mərhələlərində düzgün dəyərləndirən ümummilli lider Heydər Əliyev istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Azərbaycanda idmanın davamlı inkişafı üçün mühüm tədbirlər həyata keçirmiş, bu sahədə əsaslı maddi-texniki bazanın formalaşmasına, respublikanın idman potensialının gücləndirilməsinə nail olmuşdur. Müstəqil Azərbaycana rəhbərliyi dövründə ulu öndər respublikanın baxımsızlıq və etinasızlıqdan dağılaraq sıradan çıxmış idman infrastrukturunun bərpasına nail olmuş, idmançılara qayğı və diqqət göstərərək onları yeni-yeni qələbələrə ruhlandırmışdır. Nəticədə idman federasiyaları arasında mütəşəkkilliyə və faydalı əməkdaşlığa nail olunmuş, sosial problemlər üzündən xarici ölkələrə üz tutmuş adlı-sanlı idmançılar geri dönərək Azərbaycanın idman şərəfini qorumuşlar. Respublikada Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin mütəşəkkilliyinə xidmət edən forumların keçirilməsi, idman sahəsində sanballı qanunverici bazanın formalaşdırılması, nəhayət, respublikamızın AtlantaSidney olimpiya oyunlarında iştirakı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

1997-ci ildə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinə gətirilməsi ilə Azərbaycanın idman tarixində yeni bir mərhələnin əsası qoyulmuş, yüksək mütəşəkkillik təmin edilmiş, respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər planı işlənib hazırlanmışdır. İdmançıların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılmış, MOK 1998-ci ilin yanvarından başlayaraq perspektivli idmançılara və onların məşqçilərinə, həmçinin məşhur veteran idmançılara təqaüdlər verməyə başlamışdır. İdmançıların normal şəraitdə məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışlara hazırlaşmaları üçün müasir maddi-texniki bazanın yaradılmasına başlanılmış, cənab İlham Əliyevin təşəbbüsü ilə 2000-ci ildə müasir tipli ilk Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilmişdir.

2003-cü ildə xalqın iradəsilə dövlət başçısı seçilən cənab İlham Əliyev Azərbaycan idmanının hərtərəfli inkişafı və dünyada tanınması, idmançıların sosial müdafiəsinin səmərəli təşkili istiqamətində daha geniş imkanlar əldə etmiş, respublikada olimpiya hərəkatının geniş vüsət almasına nail olmuşdur. MOK-a rəhbərliyi də uğurla həyata keçirən dövlət başçısı idmançılarla görüş zamanı demişdir: "Prezident seçiləndən sonra demişdim ki, mən bu vəzifədən imtina etməyəcəyəm və bu gün də imtina etmirəm. Bundan sonra da idmançılarla bir yerdə olacağam. Ümumiyyətlə, idmançılarla, idman mütəxəssisləri ilə, idman veteranları ilə ünsiyyətdə olmaq, deyə bilərəm ki, çox böyük məktəbdir. Çünki bu, tam başqa bir aləmdir. İdmançı elə bir insandır ki, onun mənəvi xüsusiyyətləri də çox yüksək olur. Əsl idmançı heç vaxt pis işlərlə məşğul olmaz, heç vaxt ona yaraşmayan işlərə qoşulmaz. Əsl idmançı həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam insandır. Mən çox şadam ki, Azərbaycanda məhz belə idmançılar mövcuddur və bizi təmsil edən, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldıran gənclər həm peşəkar idmançılardır, həm də böyük mənəvi xüsusiyyətlərə malik olan idmançılardır".

Son 6 ildə Azərbaycanda idmanın kütləviləşməsi, respublikada dünya və Avropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması dövlət başçısı, MOK prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasına əsaslanır. Ötən müddətdə bu sahədə ardıcıl olaraq həyata keçirilən dövlət siyasəti bədən tərbiyəsi və idmanın kütləvi inkişafına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinin formalaşdırılmasına, gənc nəslin fiziki-mənəvi tərbiyəsinə, idman ehtiyat qüvvəsinin, beynəlxalq yarışlarda uğurla çıxış edə biləcək yüksək səviyyəli idmançıların və milli yığma komandaların hazırlanmasına yönəldilmişdir.

Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan dövlət başçısı ötən 6 ildə idman və bədən tərbiyəsinin inkişafı naminə kompleks tədbirlər həyata keçirmiş, respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. Nəzərdən keçirilən dövrün təhlili deməyə əsas verir ki, dövlət başçısı respublikada olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün kompleks tədbirlər həyata keçirmişdir. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idman infrastrukturunun müasirləşdirilməsi sahəsində də ciddi tədbirlər görülmüşdür. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlir.

Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin təşəbbüsü əsasında 2000-ci ildən bugünədək Azərbaycanın ən müxtəlif bölgələrində 19 olimpiya idman kompleksinin tikilməsi, eləcə də hazırda 14 kompleksin tikintisinin aparılması da bunun əyani təsdiqidir. Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda, Ağdamda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman komplekslərinin tikilərək idmançıların istifadəsinə verilməsi eyni zamanda regionların tarixi idman ənənələrinin bərpasına, bölgələrdə insanların sağlam həyat tərzinin təminatına, idman potensialının möhkəmlənməsinə, bir sözlə, respublikada idmanın kütləviləşməsinə xidmət edir.

Bakının Binəqədi rayonunda ən müasir tələblərə cavab verən Tennis Akademiyasının istifadəyə verilməsi, eləcə də Mingəçevir şəhərində Avropada analoqu olmayan avarçəkmə bazasının inşası da gənc nəslin sağlam ruhda tərbiyəsinə xidmət edir. Nəhayət, 2009-cu ilin avqustunda Bakıda Gimnastika Kompleksinin təməl daşının qoyulması bu idman növünün respublikamızda yüksək inkişaf perspektivinə dəlalət edir.

Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Respublikada beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Dövlət başçısı dəfələrlə bildirmişdir ki, idmana qoyulan sərmayə xalqın sağlamlığına qoyulan sərmayədir. 2005-ci ildən etibarən Prezident İlham Əliyevin fərmanı ilə 5 mart hər il Azərbaycanda rəsmən İdman və bədən tərbiyəsi günü kimi qeyd edilir. Nüfuzlu idmançılarımız son 4 ildə dövlət başçısının fərmanları ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunmuşlar. Cənab İlham Əliyev 2009-cu ildə də ənənəsinə sadiq qalaraq respublikanın idman həyatında seçilən bir qrup idmançını fəxri adlara, dövlət mükafatlarına layiq görmüşdür.

Azərbaycan Respublikası Prezidentinin yanında İdman Fondunun yaradılması da idmana qayğı istiqamətində atılmış mühüm addımlardan biridir. Hər ilin sonunda ciddi nailiyyət qazanmış 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük yardımlar göstərilir. Cənab İlham Əliyevin idmana yüksək qayğısının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü təsis olunmuşdur. Eyni zamanda, MOK-un və Heydər Əliyev Fondunun xəttilə də bir qrup idmançıya aylıq təqaüdlər verilir.

2004-cü ildə Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunlarında 1 qızıl, 4 bürünc medal qazanaraq 202 ölkə sırasında 50-ci yeri tutan Azərbaycan ötən il Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında daha uğurlu nəticələr göstərmişdir. Dövlət başçısı, MOK prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün idman resursları səfərbər edilərək Pekin olimpiya oyunlarına hazırlığın mütəşəkkil qaydada, planlı və elmi əsaslarla qurulmasına yönəldilmişdi. Azərbaycan Prezidentinin hələ 2007-ci il iyulun 24-də imzaladığı sərəncamla Pekin olimpiya oyunlarına hazırlığın yüksək səviyyədə aparılması təmin edilmişdi. Nəticədə ötən il Çin Xalq Respublikasında keçirilmiş XXIX Yay Olimpiya Oyunları idman hərəkatının geniş vüsət aldığı Azərbaycan üçün də əlamətdar olmuş, bu sahənin inkişafına göstərilən yüksək qayğı və diqqətin hədər getmədiyini göstərmişdir. Azərbaycan yığmasının üzvləri son olimpiadada layiqincə mübarizə apararaq mümkün ən uğurlu nəticəni göstərməyə, adlarını olimpiya salnaməsinə yazmağa müvəffəq olmuşlar. Pekindən 7 medalla geri dönən Azərbaycan idmançıları qazanılmış qızıl medalların sayına görə dünyada 39-cu, ümumi medalların sayına görə isə 27-ci yeri tutmuşdur. Şübhəsiz, 200 ölkə arasında belə bir nəticəyə imza atmaq müstəqillik tarixi o qədər də böyük olmayan, iqtisadi yüksəliş yoluna yeni qədəm qoyan Azərbaycan üçün olduqca yüksək göstərici sayıla bilər. Bu həm də göstərdi ki, MOK rəhbərliyinin peşəkarlığı, təşkilatçılıq məharəti, qətiyyəti, iradəsi, qarşıya qoyulmuş məqsəd və vəzifəyə doğru addım-addım, təmkinlə irəliləmək bacarığı sayəsində Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır.

Ən müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılması Azərbaycanı beynəlxalq miqyaslı yarışların mərkəzinə çevirmək istəyindən irəli gəlir. Azərbaycanın hələ 2016-cı ildə olimpiya oyunlarının ölkəmizdə keçirilməsi üçün inişil Beynəlxalq Olimpiya Komitəsinə rəsmən müraciət etməsi də təbliğati-siyasi baxımdan mühüm addımdır. Nəticəsindən asılı olmayaraq, bu addım respublikamızın iqtisadi gücünü, turizm imkanlarını, idman potensialını bir daha bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev MOK-un yaradılmasının 15-ci ildönümü münasibətilə 2007-ci il iyulun 31-də keçirilmiş təntənəli mərasimdə demişdir: "Azərbaycan artıq özünü o qədər arxayın, o qədər inamlı hiss edir ki, bildiyimiz kimi, 2016-cı ildə Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi haqqında rəsmi müraciət göndərmişik. Azərbaycanın paytaxtı yeddi ən inkişaf etmiş şəhərlərin arasındadır və biz bununla, bir tərəfdən, onu göstəririk ki, ölkəmizdə idmana çox böyük diqqət göstərilir və idmanın inkişafına çalışacağıq. Digər tərəfdən, bu onu göstərir ki, gənc müstəqil dövlət, cəmi 16 il müstəqil dövlət kimi yaşayan Azərbaycan artıq özünü o qədər güclü hesab edir ki, olimpiya oyunları kimi dünya miqyaslı beynəlxalq yarışların keçirilməsinə də cəhd edir".

Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqqun 2007-ci ildə Bakıya gerçəkləşən səfəri də respublikanın idman imicinin dünya miqyasında artmasının bariz göstəricisidir. Xatırladaq ki, cənab Jak Roqq bir neçə il bundan əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər olimpiya komitələri üçün yaxşı nümunə saymışdır. Prezident İlham Əliyev Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən respublikamızın son illərdə idmanın inkişafı üçün gördüyü böyük işlər barədə məlumat vermişdir. Ölkəmizdə bir sıra beynəlxalq idman tədbirlərinin, o cümlədən Afina olimpiya oyunlarına lisenziya verən boks, voleybol və taekvondo üzrə nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkil edildiyini deyən Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olmayan idman növlərinin inkişafına da diqqət yetirildiyini bildirmişdir. Bakıda olduğu müddətdə BOK prezidentinin Azərbaycanda olimpiya oyunlarının nə vaxtsa təşkili mümkünlüyünü istisna etməməsi də son dərəcə mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirir. Dövlət başçısının 22 yanvar 2008-ci il tarixli "Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında" fərmanı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin bu sərəncamı Azərbaycanın idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi daşıyır. Sərəncamla Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə olimpiya hərəkatı və idman muzeyinin tikintisi ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıqlar verilmişdir.

Azərbaycanda idmanın inkişafının mühüm dövlət siyasətinə çevrildiyini "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bir daha təsdiqləyir. Proqrama əsasən, əhalinin sağlam həyat tərzinin təmini məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər bundan sonra da davam etdiriləcək. Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti əhalinin sağlamlığının yaxşılaşdırılması, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunması, vətənin müdafiəsinə hazırlığın təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsindən ibarət olacaqdır. Bu məqsədlə gələcək illərdə ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının davam etdirilməsi, bədən tərbiyəsi və idmanın inkişafının elmi əsaslar üzərində qurulması, bədən tərbiyəsi və idmanla məşğul olanlara tibbi nəzarətin və xidmətin təmin edilməsi nəzərdə tutulur.

Bu günlərdə hüquqi qüvvəyə minmiş "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun da Azərbaycan idmanının dinamik inkişafına ciddi hüquqi əsaslar yaradır. Qanun bədən tərbiyəsi və idman sahəsində qanunvericilik prinsiplərini və dövlət siyasətini müəyyən edir, onların icrası üçün baza yaradır, bədən tərbiyəsi və idman sahəsindəki fəaliyyətin ümumi, hüquqi, təşkilati və sosial-iqtisadi əsaslarını qurur, bu sahədəki ictimai münasibətləri tənzimləyir, bədən tərbiyəsi və idmanla hər kəsin məşğul olmaq hüququna təminat verir. Qanunun məqsədi insanların hərtərəfli fiziki və mənəvi inkişafı, sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin müalicəsi, zərərli vərdişlərin qarşısının alınması, fəal uzunömürlülüyü, asudə vaxtının səmərəli təşkili, müasir həyat şəraitinə adaptasiyası, mütəmadi bədən tərbiyəsi və idmanla məşğul olmağa tələbatının formalaşdırılması, gənclərin fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazır olmaları, bədən tərbiyəsi və idmanın imkanlarından effektiv istifadə olunması üçün hüquqi baza yaradılmasından ibarətdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda idmanın bütün növlərinin inkişafına xüsusi diqqət və qayğı var. Dövlət başçısı İlham Əliyev idmançılarımızın təkcə ölkə üçün ənənəvi yox, həm də inkişaf etməkdə olan idman növləri üzrə qələbə qazanmasının vacibliyini dəfələrlə qeyd etmişdir. İyul ayında Kanadada keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında keçirilən Dünya çempionatından azərbaycanlı idmançıların 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanması deyilənləri bir daha təsdiqləyir. Cənab İlham Əliyevin bu münasibətlə idmançılarımızı təbrik etməsi deməyə əsas verir ki, dövlət başçısı Azərbaycanın bütün idman uğurlarına ürəkdən sevinir və bunların davamlı olmasını arzulayır.

Dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün, dövlət sərhədlərinin mühafizəsi ilə məşğul olan qurumların - Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən idman komplekslərinin əsaslı təmiri və yenidənqurulması, habelə yenilərinin inşa edilməsi də idman siyasətində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2009-cu il avqustun 31-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzinin istifadəyə verilməsi də deyilənlərin əyani təsdiqidir.

Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman kompleksində 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitnes salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar var. Ərazidə quraşdırılmış 4 ekran vasitəsilə mərkəzdə eyni vaxtda keçiriləcək ayrı-ayrı yarışlar nümayiş etdiriləcəkdir. Bu mərkəz respublikada son illərdə inşa olunan ən böyük və əzəmətli idman qurğularından biridir. İdman mərkəzindən paralimpiyaçı idmançılar da yararlana biləcəklər. Bu idman qurğusu üçün ən müasir tələblərə cavab verən avadanlıq alınaraq quraşdırılmışdır. Əsas məqsəd isə burada paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə yanaşı, beynəlxalq səviyyəli yarışların da təşkilidir.

2009-cu il oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi Azərbaycanda idmana qayğı siyasətinin davamlı səciyyə daşıdığını, idmançıların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiqləyir. Kompleks "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində, 4,5 hektar torpaq sahəsində inşa olunmuşdur. İdmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları 1730 nəfər izləyə biləcəkdir. İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda 200 tamaşaçı yeri quraşdırılmışdır. Bundan başqa, əsas binada idmançıların soyunub-geyinmə, şərhçi və məşqçi otaqları, eləcə də digər xidmət otaqları vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Hövsan Olimpiya İdman Kompleksi ilə yaxından tanış olan dövlət başçısı İlham Əliyev demişdir: "İdman hərtərəfli inkişaf edir. Çox şadam ki, idmançılar da yaxşı nəticələr göstərirlər. Belə gözəl komplekslərin tikilməsi gələcəkdə idmanın gücləndirilməsinə xidmət göstərəcəkdir. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər. Hövsan böyük qəsəbədir. Böyük imkanlara malikdir. Ancaq burada idmanla məşğul olmaq üçün şərait yox idi. Həm idmançılar, həm də qəsəbə sakinləri belə gözəl kompleksdən istifadə edəcəklər... Rayon üçün böyük hadisədir. Bizdə indi belə gözəl komplekslər, eyni zamanda, qəsəbələrdə tikilir".

 

İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, saf niyyət deməkdir. İdmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi məqsədi isə Azərbaycanın sağlam, firavan sabahı uğrunda çoxşaxəli fəaliyyətin mühüm tərkib hissəsi kimi diqqəti çəkir. Ümumi şəkildə ifadə etsək, dövlət başçısı İlham Əliyevin idmana qayğı siyasətinin də əsasında məhz bir məqsəd dayanır: ölkə vətəndaşlarını istər fiziki, istər mənəvi baxımdan daim sağlam görmək.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 4.