Çağırılmamış qonaq(lıq)lar

 

Əgər Türkiyə ilə Ermənistan arasında imzalanmış məlum protokolun doğurduğu rezonansı nəzərə almasaq, son günlər ölkə ictimaiyyətinin və KİV-in ən çox müzakirə etdiyi mövzulardan biri, bəlkə də birincisi akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsidir. Mövzunun geniş kütlə arasında yaratdığı əks-səda bir daha sübut edir ki, akademik Ramiz Mehdiyev məqaləsində (məqalə 1 qəzet səhifəsi həcmində olsa da, orada toxunulan və təhlil edilən problemin qloballığı, mövzunun aktuallığı onu analitik əsər adlandırmağa imkan verir) təkcə sıravi tamaşaçının zövqünü oxşamayan televiziya verilişlərindən yox, bütünlükdə dövləti və xalqı narahat edən məsələdən - Azərbaycanın efir məkanının mövcud vəziyyətindən və problemin həlli yollarından söz açıb. Mövcud vəziyyətsə, hamının bildiyi və adıçəkilən məqalədən göründüyü kimi, heç də ürəkaçan deyil.

 

Hələ tələbəykən yolum Azərbaycanın şimal-qərb bölgəsinə - Qax, Balakən, Zaqatala rayonlarına düşərkən gözləmədiyim halla qarşılaşırdım. Görürdüm ki, yerli əhalinin əksər hissəsi qonşu Gürcüstanın televerilişlərinə baxır. Hətta dil baryerinin olması da onları televizorun kanalını yerli tezliklərə keçirmələrinə mane olmurdu. Əvvəl bunu özüm-özümə ölkənin, o cümlədən respublikanın efir məkanında telekanalların sayının azlığı (həmin dövrlər cəmi iki - 1 respublika və 1 mərkəzi televiziya kanalına baxmaq mümkün idi) ilə izah edirdim. Sonra yerli sakinlərlə söhbətdən məlum oldu ki, heç də belə deyilmiş. Sadəcə, sakinlər Gürcüstan telekanalında daha maraqlı verilişlər göstərildiyi üçün ona baxırlar...

İllər ötdü, zaman dəyişdi, Azərbaycan müstəqillik qazandı. Bu dəfə yolum artıq jurnalist kimi Biləsuvar rayonu ərazisindəki keçmiş qaçqın düşərgəsinə düşdü. Ötən əsrin 90-cı illərinin ortaları idi. İlanlar mələşən çöldə torpaq komalar yan-yana düzülmüşdü. Düşərgədə insanların normal yaşamaları demirik, primitiv gün keçirmələri üçün heç nə yox idi. İmkansızlıq böyükdən kiçiyə kimi hamının sifətinə hakim kəsilmişdi. Odur ki, belə şəraitdə həmin torpaq komaların damında peyk antennalarını görəndə təəccübləndim. Axı, necə ola bilər, bir qarın çörəkpulu tapmayan düşərgə sakinlərinə özlərinə həmin dövr heç də ucuz olmayan peyk antennaları qıyırlar? Yəqin ki, kefdən deyildi. Yerli telekanallarda axtardıqlarını tapa bilməyən köçkünlər nə etməli idilər ki? Onlar sadəcə məcbur idilər ki, boğazlarından kəsib peyk antennaları alsınlar.

Yaddaşımda həkk olunmuş bu iki epizodla televiziyanın (həm də radionun) ictimai həyatımızda necə önəmli rol oynadığı, günümüzə necə daxil olduğu bir daha təsdiqlənir. Bu gün "qara qutu" təkcə adi ev əşyası deyil, o, həm də ictimai, siyasi, milli, mənəvi, dünyəvi təfəkkürümüzü formalaşdıran geniş auditoriyaya və texniki imkanlara malik vizual tribunadır. Müasir cəmiyyətdə bu tribunanın əhəmiyyəti o qədər böyükdür ki, demokratik dəyərlərin mövcudluğu baxımından hətta ən müxtəlif ölkələrdə belə onun naşı və yad əllərə düşməsinə imkan verilmir. Əksinə, dövlət və ictimaiyyət öz milli və mənəvi maraqları çərçivəsində həmişə onu diqqətdə saxlayır, lazım gələrsə, söz azadlığı və fikir plüralizminə xələl vurmadan fəaliyyətlərinə redaktələr olunmasının vacibliyini gündəmə gətirir. Akademik Ramiz Mehdiyev bu barədə yazır: "Hazırda dünyanın televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətlərinin əsas şərtləridir".

Təəssüf ki, Azərbaycanın teleradio məkanında fəaliyyət göstərən özəl yayım şirkətlərinin rəhbərləri bu vacib şərtləri yaddan çıxarmışlar. Məqalədə yazıldığı kimi, ölkənin özəl teleradio kanallarında maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları daşıyan verilişlər arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması arxa plana keçmişdir. Həqiqətən belə olmasaydı, ATV telekanalı öz efir vaxtının az qala üçdə birini, "Lider" 16,4, "Xəzər" 12, ANS 11,3, "Space" 8 faizini eyni məzmunlu, daha doğrusu, məzmunsuz şou proqramları ilə doldurmazdı. Məsələ ondadır ki, adlarını çəkdiyimiz telekanallar heç əməlli-başlı şou verilişləri də hazırlaya bilmirlər. Həmin verilişlər daha çox bayağılığı, səviyyəsizliyi, şitliyi və təkrarçılığı ilə seçilir. Sanki bu proqramlar intellektual səviyyəli geniş tamaşaçı kütləsi üçün yox, mətbəxdən çıxmayan evdar qadınlar üçün hazırlanır. Mətbəx demişkən. Televiziyada nə qədər mətbəx verilişləri olar?! Görmüşdük belə verilişlər uzağı həftədə bir dəfə, o da istirahət günləri verilər. Bizim telekanallarsa nə efir vaxtı bilirlər, nə də verilişin mövzusunun fərqinə varırlar. Səhər-axşam həftənin günündən və günün saatından asılı olmayaraq efirdən mətbəx qoxusu gəlir. Hansı toy müğənnisi, özlərinin dili ilə desək, imicini dəyişirsə, yaxud qondarma bir yeni mahnı yazdırırsa, keçir mətbəxə və başlayır yemək bişirməkdən savayı nəyə desəniz ona. Elə bil bu gün Azərbaycan tamaşaçısını ölkədə və dünyada baş verən ən müxtəlif məzmunlu hadisələrdən daha çox onların dedi-qodusu, libası, həyat tərzi maraqlandırır. Şouya aludəlik o yerə çatıb ki, bəzi telekanallar, konkret desək, "Xəzər" TV özünün informasiya proqramını da səhnələşdirilmiş tərzdə təqdim edir. Aparıcıların əl-qol jestləri, yad ləhcə, xəbərlərin yalançı görüntülərlə təqdimatı telekanal üçün müqəddəs sayılan xəbərlər proqramını şou-verilişə çevirir. Aydın hiss edilir ki, "Xəzər" TV Türkiyə kanallarından nə isə götürmək istəyib, amma peşəkarlıq səviyyəsi olmadığı üçün alınmayıb.

Belə verilişləri hazırlayıb geniş auditoriyaya sırıyanların rəhbərləri nəzərə almırlar ki, yayım şirkəti onlara məxsus olsa da, efir vaxtı və məkanı onların şəxsi mülkiyyəti deyil. Bu məkanı onlara verən dövlətin, xidmət etməli olduqları tamaşaçının tələbi başqadır. Əgər Azərbaycan tamaşaçısı və dinləyicisi bu gün yerli verilişlərdən imtina edib informasiya və maariflənmə tələbatını xarici teleradio kanalları vasitəsilə ödəyirsə (bu zaman yaddan çıxarmaq olmaz ki, onlar heç də həmişə bizim efir məkanımıza xoş niyyətlərlə "qonaq" gəlmir), bunun günahı özünü "ən baxımlı", "lider", "birinci" və s. bu kimi qeyri-təvazökar ibarələrlə adlandıran yayım şirkətlərindədir. Həmin şirkətlərin rəhbərləri və yaradıcı (?) heyətə başçılıq edənlər unudurlar ki, tamaşaçı kimi, televiziyanın texniki imkanları da əvvəlki deyil. İndi kabel və peyk antennaları vasitəsilə dünyanın elə telekanalı yoxdur ki, onun yayımladığı verilişlərə baxmaq mümkün olmasın. Belə rəqabət şəraitində öz efir qapısını ucuz-bahalı restoran və toy müğənnilərinin, məişət dedi-qodularının, qrimsiz klounların üzünə taybatay açan telekanalları başa düşmək mümkün deyil! Əslində, belə halların mövcudluğunun səbəbinin maddi maraq olduğu (söhbət heç də verilişlərin reklam gətirməsindən getmir) hamıya məlumdur. Məlum olmayan və başa düşülməyən odur ki, doğrudanmı həmin kanalların başbilənləri "Xeyir ola", "Çal-çağır", "El içində", "Yağ kimi", "Maşın şou", "Kim, harada, necə", "Dostum", "Ay Zaur", "Ulduzlu xəbər", "Günəbaxan", "Toylar kralı", "Bazar" və s. şou-verilişlərə kütləvi baxıldığını güman edirlər? Güman edirlərsə, yanılırlar. Heç olmasa, damlardakı və eyvanlardakı peyk antennalarının, kabel televiziya abunəçilərinin sayını öyrənsinlər, küçəyə çıxıb kiçik sorğu aparsınlar. Onda əmin olacaqlar ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz verilişlərə baxanların sayı həmin proqramlar hazırlanarkən studiyaya gələn tamaşaçıların və iştirakçıların sayından və səviyyəsindən yuxarı deyil.

Söz düşmüşkən, bu tamaşaçılar və iştirakçılar barədə. Redaksiyamızın yerləşdiyi "Azərbaycan" nəşriyyatı ilə ölkədə şou kanalı kimi tanınan ATV-nin binası qonşu olduğundan yolumuz tez-tez həmin ərazidən düşür. Yəqin telekanalın qapısı qarşısındakı əsasən uşaqlardan və bir neçə "növbətçi" qadından ibarət izdihamı o tərəfdən keçənlər müşahidə etmiş olarlar. Bəli, onlar şou-proqramları yeri gəldi-gəlmədi "alqış"larla müşayiət edən, belə demək mümkünsə, tamaşaçılardır. Özü də daimi. Çünki özünə və vaxtına hörmət edən şəxs belə verilişdə epizodik də olsa görünmək istəmir. O ki qaldı şou-proqramların qonaqlarına, onlar da əsasən verilişlərin və aparıcıların səviyyəsindən yüksək olmur. Amma bəzi istisnaları nəzərə almasaq. Bilmirəm, bizim özümüzü nəyin hesabına olursa-olsun tanıtdırmaq istəyimizdəndir, ya nədəndir, bir də görürsən, heç bir ictimai yük daşımayan, sosial əhəmiyyət kəsb etməyən ucuz şou-verilişdə ölkənin elə nüfuzlu söz və sənət adamı iştirak edir ki, onu qınamaqdan savayı əlac qalmır! Belə şəxslər anlamalıdırlar ki, onların bayağı şou-proqramlarda iştirakı həmin verilişlərin reytinqinin yüksəlməsinə hesablanırsa, özlərinin nüfuzunun düşməsinə səbəb olur. Xalq, yəni tamaşaçı heç vaxt ölkənin nüfuzlu söz sahibini, hörmət etdiyi sənətkarı haqqında iyrənc söhbətlər dolaşan birisi ilə eyni verilişdə, eyni kürsüdə görmək istəmir, onların eyni mövzuda söz güləşdirməyini qəbul etmir. Unutmaq olmaz ki, illər boyu qazanılan hörmət-izzəti yarım saatlıq səviyyəsiz şou-proqramda iştirak etməklə itirmək mümkündür. Xüsusən də adları çəkilən telekanalların bu hörmət-izzəti SMS-lə təyin etdiyi vaxtda.

Bəli, təəssüf ki, bizim şou-kanallar müasir telekommunikasiyanın son nailiyətlərindən olan SMS-i də özlərinin gəlir, toy müğənnilərinin isə "nüfuz" alətinə çeviriblər. Bəlkə də təəccüblənmək lazım deyil. Çünki səsi yalnız səsli-küylü toylarda eşidilən "toylar kralı və kraliçası", bir-iki dəfə efirə çıxmaqla özünü "ulduz" hesab edən "star"lar yalnız SMS-lərə güvənə bilərlər. O da qohum-qardaşlarının, dost-tanışlarının, hətta özlərinin göndərdiklərinə. Müxtəlif şou-proqramlarda toplanan minlərlə SMS-dən telekanalların əldə etdikləri gəlirin hesablanması isə bizim işimiz deyil. Bunun üçün gəlirlərin haqq-hesabını aparan vergi orqanları mövcuddur. Amma nədənsə bu məsələdə şəffaflıq yoxdur.

Analoji vəziyyət ölkənin radio kanallarında da hökm sürür. Necə deyərlər, "həmin dalğa, həmin koordinat". Radioqəbuledicini hansı FM tezliyinin dalğasına keçirirsən, eyni musiqi, müğənnilərin qeyri-səmimi söhbətləri, aparıcıların əcaib ləhcələri efiri başına götürüb. Bu yerdə kiçik bir haşiyə çıxım. Paytaxtdan 100-150 kilometr aralanırsan, qonşu ölkələrin, o cümlədən İran və Ermənistanın radiokanalları bizim efir məkanında meydan sulamağa başlayır. Hamısı da ictimai-siyasi verilişlər səsləndirir. İnformasiya mübarizəsinin gücləndiyi vaxtda onları başa düşürük. Amma başa düşmürük ki, bizim efir sahiblərimiz niyə bu mübarizədə yalnız musiqi və şou-verilişlərlə iştirak edirlər. Bu irad telekanallara da aiddir. Hamısının peyk rabitə sistemi ilə yayımlandığı indiki zamanda 1-2 kanaldan savayı qalanlarının gecə saatlarında verilişlərini dayandırmağını anlamaq olmur. Anlamaq olmur ki, niyə saat fərqi nəzərə alınarsa, məsələn, avropalıların televizor qarşısında oturduqları zaman Azərbaycan telekanallarının yayımlandığı tezliklərdə yalnız fasiləsiz "fit" səsi gəlməlidir. Halbuki həmin "fit" səsini Avropa dillərində ölkəmizi bütün sahələrdə təbliğ edən verilişlərlə əvəz etmək mümkündür.

 

* * *

 

Kim nə deyir-desin - orta nəsil Azərbaycan jurnalistləri üçün örnək rus jurnalistikasıdır. Bütün mənfi və müsbət cəhətləri ilə birlikdə. Hələ tələbəlikdən müəllimlərimiz bizə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi Azərbaycan jurnalistikasının klassiklərini öyrənməklə bərabər, həmin dövrün müasir rus jurnalistikasını da mənimsəməyi tövsiyə edirdilər. Bu, heç də Moskvanın yerlərdə həyata keçirdiyi ideoloji siyasətlə bağlı deyildi. Söhbət rus (mərkəzi sovet) jurnalistikasının məzmunundan daha çox formasından gedirdi. Məzmun bəlli idi - hakim kommunist ideologiyasının, Leninin dediyi kimi, təbliği, təşviqi və təşkili. Formaya gəldikdə isə, rus jurnalistikası fərqlənirdi. Bu jurnalistika yalanı həqiqət kimi təqdim etməyi bacarmaqla yanaşı, ictimai rezonans doğuran, aşağıları maraqlandıran, narahat edən və düşündürən, yuxarılarınsa gözünü açan, diqqətlərini problemlərin həllinə yönəldən ideoloji vəzifənin öhdəsindən ustalıqla gəlirdi. Hətta rus dilini zəif bilənlər həmin dövrdə "Literaturnaya qazeta", "Komsomolskaya pravda", "Arqumenti i faktı", eləcə də o illərin partiya və sovet qəzetləri sayılan "Pravda" və "İzvestiya" müntəzəm oxuyurdular. Eyni zamanda, mərkəzi telekanalın verilişlərinə də maraqla baxılırdı. Təsadüfi deyil ki, adlarını sadaladığımız qəzetlərin hamısı hələ də oxucuların etibar etdiyi sevimli nəşrlərdir. Mərkəzi televiziya isə bu gün Rusiya Federasiyasının ictimai kanalı kimi fəaliyyətini davam etdirir.

Bəlkə də bəzilərinin siyasi məna verəcəyi bu xatırlatmanı təsadüfən etmədim. Sözümün canı var və bu da ondan ibarətdir ki, geniş müzakirə mövzusuna çevrilmiş Azərbaycanın efir məkanı üçün xarici ölkə teleradiolarının timsalında nümunələr var. İnformativ, siyasi-ictimai, sosial-iqtisadi, mədəni-kütləvi verilişlərdən tutmuş şou-proqramlaracan bugünkü çoxsaylı əcnəbi, o cümlədən rus teleradio kanalları bizim yayım şirkətləri üçün məktəbdir. Görüb-götürmək (əlbəttə ki, yaxşılarını) eyib deyil, eyib görüb öyrənməməkdir. Bir də eyib geniş ictimaiyyətin qınaq obyektinə çevrilməkdir. Bu səbəbdən, akademik Ramiz Mehdiyevin adıçəkilən məqalədə tövsiyə etdiyi kimi, "...televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər".

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 5.