Azərbaycan-Misir əlaqələrinin inkişafı
üçün geniş potensial imkanlar var
Əlaqələrimizin uzun tarixi
var. Xalqlarımız əsrlər boyu əməkdaşlıq
etmişlər. Lakin yalnız müstəqillikdən sonra Azərbaycan
beynəlxalq birliyin üzvünə çevrildi və biz
aramızda ikitərəfli münasibətlər qurmağa
başladıq.
Bu günə qədər bizim
çox yaxşı nailiyyətlərimiz, çox möhkəm
siyasi dialoqumuz, güclü iqtisadi inkişaf üçün
yaxşı perspektivlərimiz və humanitar sahədə əməkdaşlıq
imkanlarımız olubdur.
İlham ƏLİYEV
Süətli inkişaf tempinə görə bir
çox dövlətləri üstələyən Azərbaycanda
bu gün aparılan məqsədyönlü, siyasət
respublikamızın dünya dövlətləri arasında
yerini daha da möhkəmləndirir. İstər ölkə
daxilində, istərsə də respublikadan kənarda yürüdülən
siyasət nəticəsində əldə edilən nailiyyətlər
ardıcıl xarakter alır, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan inkişaf strategiyası
uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham
Əliyevin yürütdüyü dolğun siyasət və
dünya ölkələri ilə əməkdaşlıq nəticəsində
həm daxili, həm xarici imkanlarımız xeyli genişlənir.
Son illər Azərbaycan beynəlxalq aləmdə özünə
layiqli yer tutur. Müstəqillik əldə edildikdən sonra
dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığın
yaradılması xarici siyasətin əsas prioritetlərini təşkil
edir. Bu baxımdan Misir Ərəb Respublikası
da mühüm yerlərdən birini tutur. 1994-cü ildə
ümummilli lider Heydər Əliyevin, 2007-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevin Misirə rəsmi səfərləri
iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin
genişlənməsinə səbəb olub.
2007-ci ilin mayında Azərbaycan
Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına səfər
etmişdi. Səfər zamanı Misir və Azərbaycan
respublikaları arasında bir çox sənədlər
imzalanmışdı. Azərbaycan Respublikasının
Abşeron rayonu və Misir Ərəb Respublikasının
Qalubiyyə vilayəti arasında dostluq və əməkdaşlığa
dair anlaşma memorandumu da həmin sənədlərdəndir.
Anlaşma protokolundan sonra Misirdən bir qrup nümayəndə
heyəti Abşeron rayonunda olmuşdur. Memorandumun şərtlərindən
biri də Misirdə Azərbaycan parkının
yaradılması, orada ulu öndər Heydər Əliyevin abidə
kompleksinin ucaldılması və həmin küçəyə
ölkəmizin adının verilməsi idi. Eyni zamanda,
Abşeron rayonunda Qalubiyyə küçəsi
salınmalı, park yaradılmalı və orada Misir Prezidenti
Hüsni Mübarəkin heykəli qoyulmalı idi. Artıq bu
şərtlər yerinə yetirilib.
2008-ci ilin sentyabrında
Abşeron rayonunda olarkən Misirin birinci xanımı Syuzan
Mübarək bu şəhərdə Misirin Qalubiyyə şəhərinin
adını daşıyan küçədə yerləşən
Azərbaycan-Misir parkında oldu. Misirin birinci xanımı
parkın mərkəzində Hüsni Mübarəkin şərəfinə
ucaldılan abidəni ziyarət etdi, onun adını
daşıyan Xırdalan şəhər 9 nömrəli ərəbtəmayüllü
orta məktəbdə oldu. Syuzan Mübarək
onun adını daşıyan bu təhsil ocağında
olmasından fərəh duyduğunu deyərək ölkəsində
də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
adını daşıyacaq məktəbin inşa
olunacağını söyləmişdi. Misirin birinci
xanımı məmnun qaldığını bildirərək
qeyd etmişdi ki, bu təhsil ocağı ölkələrimiz
arasında əlaqələrin daha da inkişafına təkan
verəcəkdir. Azərbaycanı Misirə sıx dostluq və
qardaşlıq telləri bağlayır. Bu münasibətlərin
təməli iki dahi şəxsiyyət - Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev və Misir
Prezidenti Hüsni Mübarək tərəfindən
qoyulmuşdur.
Həmin dövrdən
başlayaraq iki qardaş şəhər arasında yüksək
səviyyəli səfərlər və görüşlər
keçirilir. Belə görüşlərdən biri də
Abşeron rayonunun icra başçısı Zakir Fərəcovun
rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə
Misirə növbəti səfəridir.
Nümayəndə heyəti
öncə 15 milyon əhalisi olan Qalubiyyə vilayətindəki
7 hektarlıq ərazidə salınan Azərbaycan- Misir dostluq
parkına gələrək ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət etdi. Sonra nümayəndə heyəti
Qalubiyyə şəhərində Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın adını daşıyacaq məktəbin
açılışında iştirak etdi. Onu
da qeyd edək ki, Misirdə ilk dəfədir xarici ölkə
vətəndaşının adına məktəb inşa
edilir. Üçnövbəli bu yaraşıqlı dördmərtəbəli
təhsil ocağı Misirdə yeni tipli yeganə məktəbdir.
Şəhərin görkəmli yerində inşa edilən
1600 yerlik bu təhsil müəssisəsində
şagirdlərin təlim-tərbiyəsi ilə yüzdən
artıq müəllimin çalışacağı
bildirildi. O da nümayəndə heyətinin nəzərinə
çatdırıldı ki, təhsil ocağında
hazırlıq, əlil uşaqlar və ümumtəhsil
şöbələri üç növbədə fəaliyyət
göstərəcək. Məktəbdə sinif otaqları,
kitabxana, müxtəlif fənlərin laboratoriyaları,
kompüter otaqları, texniki avadanlıqlarla tam təmin
edilmiş idman zalı var. Məktəbin foyesində
Azərbaycan-Misir dostluğunu əks etdirən, Azərbaycan
Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə,
mədəniyyətə, səhiyyəyə göstərdiyi
diqqət və qayğını əks etdirən fotoşəkillər
nümayiş olunur. Azərbaycan nümayəndə heyətinin
rəhbəri Zakir Fərəcov çıxış edərək
misirli həmkarlara respublikamızda aparılan quruculuq işləri
barədə geniş məlumat verdi. Z.Fərəcov bildirdi
ki, ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu ardıcıl inkişaf proqramı Azərbaycanda bu
gün ölkə başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz bunun nəticəsində
respublikamız dünya birliyi dövlətləri arasında
özünə layiqli yer tutur. Ölkənin inkişafına
təkan verən dövlət proqramları, beynəlxalq tədbirlərdə
yaxından iştirak, dünya miqyaslı layihələrdəki
yeri respublikamızı regionun lider dövlətinə
çevirmişdir. Müharibə şəraitində
yaşamasına baxmayaraq, artıq öz yurd-yuvalarından
qaçqın düşən ölkə vətəndaşları
hərtərəfli təmin edilmiş qəsəbələrə
köçürülmüşdür. Onların normal həyata
başlamaları üçün yeni iş yerləri
açılmışdır. Natiq Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətlərin
sivilizasiyasına verdiyi yüksək qiymətdən,
respublikamızın mədəni, elmi inkişafındakı
rolundan söz açdı. Dünya mədəniyyətinin
bir parçası olan Azərbaycan muğamının
inkişafına göstərdiyi qayğını diqqətə
çatdıran Z.Fərəcov misirlilərin də ona
ehtiramla yanaşmalarına görə mərasimə
toplaşanlara minnətdarlığını bildirdi.
Daha sonra Azərbaycan nümayəndə
heyəti və Qalubiyyə vilayətinin qubernatoru Ə.
Hüseyn məktəbdə yaradılan şəraitlə
yaxından tanış oldular. Məktəbdə təhsil alan
şagirdlərlə səmimi söhbət aparıldı,
kompüter və coğrafiya otaqlarına baxış
keçirildi. Azərbaycan nümayəndə
heyətinin rəhbəri Zakir Fərəcov şagirdlərə
təhsillərində yeni uğurlar dilədi, respublikamızın
inkişafını özündə əks etdirən
fotoşəkilləri və azərbaycanca-ərəbcə
lüğəti Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseynə
hədiyyə etdi. Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseyn
təhsil ocağına Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın adının verilməsi haqqında sərəncamı
Zakir Fərəcova təqdim etdi.
* * *
Keçən il
Türkiyənin Bursa vilayətinin Yıldırım bələdiyyəsi
ilə Xırdalan bələdiyyəsi arasında
qardaşlıq müqaviləsi imzalanmışdı. Bursa şəhərində
ümummilli lider Heydər Əliyevin abidə kompleksinin
ucaldılması qərara alınmışdı. Bir neçə
gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcovun rəhbərlik
etdiyi nümayəndə heyəti Bursa şəhərinə
səfər etmişdir. Qapalı Qaya yaşayış massivində 2,5 hektar ərazidə
Heydər Əliyev parkı salınmışdır. Həmin
parkda ulu öndər Heydər Əliyevin büstünün
açılışı olmuşdur. Ümummilli liderin şərəfli
ömür yolundan söz açan mərasim
iştirakçıları türk-Azərbaycan dostluğunun əbədi
olduğunu dönə-dönə
vurğulamışdılar. Yıldırım bələdiyyəsinin
sədri Özgən Kəskin çıxışında onu
da bildirmişdi ki, yaxın gələcəkdə parkın
bir hissəsinə görkəmli oftalmoloq akademik Zərifə
Əliyevanın adı veriləcək. Tədbirdə o da
vurğulanmışdı ki, iki qardaş xalqın
dostluğunu heç bir qüvvə sarsıda bilməz.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Akif ƏLİYEV
Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 8.