Dövrün tələbi başqadır

 

Bu günlərdə universitetimizdə idmançılarla görüş keçirildi. Müxtəlif məsələlərdən danışıldı. Söhbət efir məkanındakı hərc-mərclikdən düşdü. Oğlan və qızlarımız akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" ("Azərbaycan" qəzeti, 2 oktyabr 2009) adlı məqaləsində qaldırılan məsələlərin vacibliyini dönə-dönə vurğuladılar. Kollektivimizdə keçirilən digər tədbirlərdə də müasir efir məkanının vəziyyəti barədə çox maraqlı fikirlər səsləndi. Onların bir qismini ümumiləşdirilmiş şəkildə oxuculara təqdim etmək istəyirəm.

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsinin yaratdığı rezonans, əslində, xalqın milli mənəviyyatına olan coşqun marağın əks-sədasıdır. Vaxtında, obyektiv surətdə açılan bu müzakirənin dalğaları xalqın bütün təbəqələrinin düşüncəsinə gəlib çatdı. Başqa sözlə desək, hamının qəlbindən xəbər verdi. Böyük çoxluq, bir növ, dərindən nəfəs alaraq rahatlandı: axır ki...

Çünki bu, heç də adi məsələ deyil. Bu, xalqın milli mənəviyyatı, özünüdərki, adət-ənənəsi, etik normaları haqqında açıq, prinsipial söhbətdir.

Dövlətlə kütləvi informasiya vasitələri arasında maraqlı bir siyasi-ictimai yanaşma, yaxınlaşma prosesi duyulur. Əgər KİV-i dördüncü hakimiyyət kimi qəbul etsək, deməliyik ki, birinci hakimiyyətlə dördüncü hakimiyyətin ali məqsədi eyni nöqtədə birləşir: fəaliyyət istiqamətləri müxtəlif olsa da, hər ikisi xalq üçündür, xalqa xidmət edir. Hakimiyyətdə dövlət birinci və imkanlıdır. Ona görə də birinci hakimiyyət dördüncü hakimiyyətə əl tutaraq onun mövcudluğunu, ayağa qalxmasını təmin etməli, dördüncü hakimiyyət isə xalqın prinsiplərinin, tutduğu yolun, amalının həyata keçirilməsi üçün dövlətə dəstək olmalıdır.

Reallığa müraciət edək: ulu öndər Heydər Əliyev 1998-ci il aprel ayının 6-da senzuranı ləğv etməklə kütləvi informasiya vasitələrinin sərbəst, rahat nəfəs almalarına imkan yaratdı: qorxusuz həyat, qorxusuz söz. Ulu öndərin məqsədini və amalını layiqincə davam etdirən Prezident İlham Əliyev öz sərəncamları və birbaşa dəstəyi ilə KİV-in maddi-texniki bazalarının möhkəmləndirilməsinə, hətta dünya standartlarına cavab verəcək səviyyəyə qalxmasına təkan verdi. KİV əlavə dəyər vergisindən azad olundu, müstəqil qəzetlərin borcları ləğv edildi, Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul olundu. Həmin konsepsiya əsasında da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu, dövlət tərəfindən verilən geniş imkanların, necə deyərlər, qanuniləşdirilmiş maddi və mənəvi avansıdır. Bəs bu qayğı və diqqətin müqabilində KİV öz ali məqsədinə necə münasibət bəsləyir? Öncə Azərbaycan həqiqətlərinin, mənəvi dəyərlərin, milli mentalitetin, adət-ənənələrin təbliği, xalqın maarifləndirilməsi üçün nə kimi tədbirlər görür?

Hamıya bəllidir ki, efir məkanında bu sahədə vəziyyət heç də xoş deyildir. Təkcə ziyalılarda, sənət adamlarında deyil, ümumən geniş xalq kütləsi arasında ciddi narahatlıq, narazılıq yaranmışdı. Bu məsələ gec-tez geniş müzakirə obyekti olmalı idi. Deməli, hazırkı müzakirə, sözün tam mənasında, ictimai sifarişdir. Çox xoş oldu ki, bu mühüm məsələyə subyektiv fikirli ayrı-ayrı adamlar, hər hansı "sadə" bir ziyalı yox, birbaşa dövlət idarəetməsinin çox məsul işçisi akademik Ramiz Mehdiyev münasibət bildirib. Özü də necə münasibət?! Dərin, məntiqli təhlillər apararaq, nöqsanları aşkarlamaqla onun vurduğu ziyanlardan, acı nəticələrdən bəhs edərək qüsurların islah yollarını çox aydın şəkildə göstərib. Əslində, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sözü dövlətin, bütövlükdə xalqın iradəsidir. Akademikin münasibəti isə çox kəskin, çox dəqiq, çox aydındır: Daha bəsdir, gəlin xalqa, xalqın milli mənafeyinə, gənclərin əxlaqına, onların ləyaqətli vətəndaş olmalarına xidmət edək!

Qəribədir ki, bəzi KİV nümayəndələri pafosla danışaraq məhz xalqa xidmət etdiyini bildirir. Hər biri öz əməlini öz arşını ilə ölçmək istəyir. Əsl həqiqət isə özünüdərkdən kənarda qalır. Axı hər bir kütləvi informasiya orqanı xalqa xidməti özü bildiyi kimi, öz bəsit ölçüləri ilə yox, xalqa lazımi tərzdə, onun anladığı, qəbul elədiyi kimi göstərməlidir. KİV içərisində ən geniş auditoriyaya malik olanı məhz televiziyadır. Oxumağı bacaran da, bacarmayan da, qəzet və jurnala həvəs göstərən də, göstərməyən də televiziyaya meyillidir. Çünki televiziya istər-istəməz hər bir evin, ailənin içindədir. Böyüklü və kiçikli də, savadlı və savadsız da, anlayan və anlamayan da, zövqlü və zövqsüz də hər gün saatlarla televiziyanın qarşısında oturur. Onunla həmsöhbət olur. Dünyagörüşü zəif olan hər kəs eşitdiyinə inanır, gördüyünü qəbul edir, müsbət, yaxud mənfi cəhət olsun, onun təsirindən çıxa bilmir. Su damcıları ən qənbər daşın hansı bir nöqtəsinə günlərlə, aylarla düşərsə, istər-istəməz o daşda iz salır, ovuq açır. Televiziyanın "damcıları" isə birbaşa insan beyninə, qəlbinə, mənəviyyatına düşür. Məqsədindən, təlqin elədiyi məsələ və amaldan asılı olmayaraq, o "damlalar" ya xalqın xeyrinə, ya da ziyanına "ovuqlar" yaradır. Akademik Ramiz Mehdiyevin həyəcanı da onunla bağlıdır ki, bu "damcılar" xalqın mənafeyinə olsun, ayrı-ayrı adamların qazanc niyyətinə yox, elin maariflənməsinə xidmət etsin.

Anlamaq lazımdır ki, xarici ölkələrdə yaşayan insanlar, ilk növbədə oradakı soydaşlarımız dövlətimizin müasir çağlardakı fəaliyyəti, xalqın güzəranı, onun tarixi, adət-ənənəsi, mədəniyyəti, musiqisi, ümumilikdə mənəvi dünyası ilə əsasən televiziya vasitəsilə tanış olur, məlumat alır və bununla da nəticə çıxarırlar. Hər bir televiziya verilişi bizim mənəvi aləmimizi hissə-hissə milyonlara çatdırır. Sən öz xalqının mənəvi gözəlliklərini, əzmini, iqtisadi durumunu, dünyagörüşünü, mədəniyyətini necə təqdim edirsən? Çünki hər bir veriliş, onu aparan kiçik bir qrup, əslində, böyük xalqın təmsilçisinə çevrilir.

Televiziya məcazi mənada püxtələşmiş ağsaqqal, müdrik bir ziyalıdır. O, kiçiklə kiçik, böyüklə böyükdür. O, sadə adamların da dili ilə danışa bilir, xalqın aliminə də çevrilir. O, savadlı və zəhmətkeş tədqiqatçıdır. Tarixi öyrənir, araşdırır, təbliğ edir. O, əsl vətənpərvərdir, vətənə, torpağa bağlılığı öyrədir, sevgi, məhəbbət təlqin edir. O, dahi sənətkardır, xalqımızın musiqi, sənət dünyasını açıb göstərir. O, yüksək etika sahibidir. Əsrlərin süzgəcindən damla-damla süzülən, saflaşan, büllurlaşan əxlaqi keyfiyyətləri nəsildən-nəslə ötürür. O, xalqın adət-ənənələrinin bilicisidir. Bu ənənələri yaşadır və yaşatmağı böyük sevgi və qayğı ilə tövsiyə edir. Nəhayət o, xalqın özünü özünə tanıdır. Televiziya məkanında bütün bunlara necə əməl olunur? Akademik Ramiz Mehdiyevin bir dövlət adamı, vətənini, xalqını sevən bir müdrik ziyalı kimi narahat olmasının səbəbi də məhz bundadır.

Doğrudur, dahi Heydər Əliyev böyük uzaqgörənliklə, müstəqilliyin memarı, azad, hüquqi dövlətin başçısı kimi senzuranı ləğv etdi. Bu, yalnız bir ali mətləbə xidmət edir: azad sözə, sərbəst düşüncəyə geniş meydan açır. Bu o deməkdir ki, yaradıcı adamlar çəkinmədən ürək sözünü, müxtəlif məsələlərə öz münasibətlərini açıq-aydın söyləyə bilsinlər. Hamı və hər kəs fikirlərini sərbəst surətdə cəmiyyətə çatdırsın, inkişafımıza mane olan nə varsa, hamısını aşkarlasın, milli mədəniyyətimizin qorunmasında, gənclərin layiqli övlad kimi yetişmələrində fəallıq göstərsin. Senzuranın ləğvinin düzgün dərk edilməsi özü ziyalılıq, yüksək şüurluluq, zəngin mənəviyyat tələb edir. Azad söz heç də "nə istəyirsən söylə" demək deyil, azad söz daha böyük düşüncə, daha ağıllı ölçü-biçi, daha fəal yaradıcılıq, əsl vətəndaşlıq deməkdir. Dərk olunmalıdır ki, senzura dövlət tərəfindən ləğv edilsə də, ondan daha güclü senzura mövcuddur: vətənə, xalqa məhəbbətdən irəli gələn vicdan senzurası! Əlinə qələm, yaxud kamera alan hər kəs ilk öncə fikirləşməlidir: mən bununla xalqıma nə deyirəm, vətənimə necə xidmət edirəm? Oxuculara, tamaşaçılara, xüsusən gənclərə nəyi təbliğ edir, nəyi aşılayıram? Kim bunu anlamırsa, xalqın adından danışmağa onun heç bir mənəvi haqqı yoxdur!

Universitetimizdə xalqımın uşaqlıqdan təzəcə ayrılmış, lakin uşaqlıq xüsusiyyətlərindən hələ heç də tamamilə uzaqlaşmamış, gəncliyə yenicə qədəm qoyan oğlan və qızlar təhsil alırlar. Universitet təkcə təhsil vermir, həm də tərbiyə edən müəssisədir. Gəncliyin kövrək addımları bu elm-təhsil məbədində bərkiyir. Onların xarakterləri, zövqləri, dünyagörüşləri burada formalaşıb nizamlanır. Bu gənc oğlan və qızlar gündə beş-altı saat müəllim-tərbiyəçilərin nəzarətində olurlarsa, onlar vaxtlarını daha çox evdə, ekran qarşısında keçirirlər. Bu mənada televiziya çox fəal təsir qüvvəsi, ikinci tərbiyəçidir. Televiziya verilişləri güclü təsir vasitəsi olaraq birinci tərbiyəçinin məqsədyönlü fəaliyyətini daha da möhkəmləndirməyə xidmət etməlidir. Onların arasındakı hər hansı ziddiyyət, təzad gəncliyə mənfi təsirini göstərə bilər və göstərir də. Bir çox telekanallar, bir çox televiziya verilişləri gənclərə nəyi təlqin edir? Fərdi şəxslərin timsalında giley-güzarlar, lüzumsuz ailə intriqaları, mənasız söz yığınından ibarət boş-boş danışıqlar, bəsit musiqili ara mahnıları və istedadsız "sənətçi"lərin zövqsüz ifaları, ədalı, iddialı xanımların çəkişmələri... Bütün bunlar gəncliyin dünyagörüşünə, mənəvi aləminə, zövqlərinə olduqca mənfi təsir göstərir. "Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir", - deyən akademik Ramiz Mehdiyev haqlı olaraq digər ölkələrin aparıcı telekanallarına diqqət yetirməyi tövsiyə edir: "Məsələn, Rusiyanın birinci kanalının "Umniki i umnitsı", STS kanalının "Samıy umnıy" verilişləri kifayət qədər populyar və geniş tamaşaçı auditoriyası qazanmış proqramlardır".

Bu səpkidə çoxlu dəyərli nümunələr tapmaq, maraqlı mövzular tövsiyə etmək mümkündür. Yeri gəlmişkən yalnız birini misal çəkmək istəyirəm. Olmazmı ki, qəriblikdə yaşamış XIX əsr Azərbaycan şairəsi Ağabəyim ağa Ağabacının yazdığı "Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" epiqraflı proqramlar hazırlansın? Universitetimizin hər bir auditoriyasında Qarabağ mövzusuna, onun dərd-sərinə, erməni vəhşiliklərinə, Xocalı faciəsinə qayıdış müəllim-vətəndaş ünsiyyətinə, adətinə çevrilib. Ayrı-ayrı rayon və şəhərlərimizin işğal olunmasına həsr edilmiş anım günlərində tələbələrimizin təşkil etdikləri səhnəciklər uzun müddət kollektivi öz psixoloji, mənəvi duyum məngənəsində saxlayır, bədii təəssürat Qarabağ dərdlərini beyinlərə bir daha həkk etdirir. Valideynləri Qarabağ sakinləri olmuş gənclər, Azərbaycanın müxtəlif bölgələrində dünyaya göz açmış oğlan və qızlar cənnətməkan Qarabağın ecazkar təbiətindən, bərəkətli torpaqlarından, bir növ, xəbərsizdirlər. Gərək bu boşluğun doldurulmasında televiziya kanalları öz sözünü desin. Mənasız, insanda ikrah hissi oyadan, "populyar sayılan", zövqləri korlayan, gəncliyin tərbiyəsini yavaş-yavaş, hiss edilmədən içindən ovub yeyən, onun məcrasını mənəviyyatsızlığa, manqurtluğa yönəldən verilişlərin yerinə Qarabağ haraylı proqramların tərtibi və təqdimi xalqa, yeni yetişən nəslə ciddi təsir göstərərək gözəl bəhrə verməzmi?

Televiziya bütün təlim-tərbiyə müəssisələrindən müqayisəedilməz dərəcədə daha böyük təsir gücünə malik tərbiyə məktəbidir. Səlis natiqliyin, axıcı, anlaşıqlı danışmağın, fikri dəqiq, aydın çatdıra bilməyin auditoriyasıdır. Milli mədəniyyətimizə, əxlaqımıza uyğun gələn, həm də zövqlü geyim nümunələri, rəftarı, davranış tərzini göstərən, təbliğ edən bir səhnədir. Onu eyni vaxtda milyonlar seyr edir. Bu baxımdan mövzuların müəyyən edilməsində, aparıcı kadrların seçilməsində, verilişlərin tərtibində yalnız və yalnız həqiqi istedada üstünlük verilməlidir.

Unutmaq olmaz ki, televiziya insanların istirahət, dinclik, rahatlıq, zövqalma mənbəyi olduğu kimi, həm də çox güclü təsir gücünə malik təbliğat vasitəsidir. O, sözün əsl mənasında, qeyd edildiyi kimi, "milli, siyasi, iqtisadi, sosial, mədəni, mənəvi təhlükəsizlik konsepsiyalarının prioritet istiqamətinə çevrilmişdir".

Təsadüfi deyil ki, gündəlik eşitdiyimiz ən çox təkrarlanan ifadələrdən biri, lap elə birincisi məhz televiziya ilə bağlıdır: "Televiziyadan eşitdim", "Televiziya dedi". Yəni, adamlar istər mətbuatın və istərsə də televiziyanın sözünə inanırlar. Gəlin bu inamı qırmayaq. Əslində, bu inam həyatda real təsdiqini tapmalı, televiziya şirkətləri bütün sahələrdə işlərini bu fonda qurmalıdırlar. Qoy hər bir vətəndaş hər bir məsələdə televiziyaya bir ağsaqqal, bir ziyalı, bir alim, bir tərbiyəçi kimi yanaşıb böyük inam və etibarla "Qoy görək televiziya nə deyir?" ifadəsini işlətsin. Müasir dövrümüzün tələbi belədir!

 

 

Elman MƏMMƏDOV,

Gəncə Dövlət Universitetinin rektoru,

professor

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 9.