AzərTAc-ın fotomüxbiri beynəlxalq fotomüsabiqənin qaliblərindən biridir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbiri İlqar Cəfərov Yaponiyada keçirilmiş nüfuzlu "Nikon Photo Contest İnternational-2009" fotomüsabiqəsinin qaliblərindən biri olmuşdur. Bu münasibətlə "Nikon" şirkətinin hədiyyəsi - ən müasir fotokamera Bakıda ona təqdim edilmişdir.

İndiyədək müxtəlif müsabiqələrdə uğur qazanmış AzərTAc-ın fotomüxbiri bu müsabiqəyə "Bodibildinq üzrə çempion" fotosunu göndərmişdi. Bu əsər sərbəst mövzuda çəkilmiş şəkillər arasında ikinci yeri tutmuşdur.

Qeyd edək ki, 1969-cu ildən bəri təşkil olunan "Nikon" Beynəlxalq fotomüsabiqəsi dünyada ən nüfuzlu və böyük müsabiqələrdən sayılır. Burada peşəkar fotoqraflarla yanaşı, həvəskarlar da iştirak edirlər. Builki müsabiqə gərgin rəqabəti ilə diqqəti cəlb etmişdir. İ.Cəfərovun əsəri 153 ölkədən 18 min iştirakçının təqdim etdiyi 51 min şəkil arasından seçilmişdir. Bu foto 2006-cı ildə Bakıda Səməd Vurğun adına Rus Dram Teatrında keçirilən bodibildinq üzrə Azərbaycan kuboku uğrunda yarışda çəkilmişdir. Şəkildə Avropa çempionu Vüqar Verdiyev əks olunmuşdur.

Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçilən İ.Cəfərov bir neçə beynəlxalq fotomüsabiqənin, o cümlədən "Biz idmanı seçirik!" (Rusiya) və "Təmiz dünya-2008" (Avstriya) müsabiqələrinin qalibi, digərlərinin isə mükafatçısı olmuşdur.

 

 

Azərbaycan.- 2009.-20 oktyabr.- S.9.