Dostluğun, qardaşlığın yeni büsatı

 

"Bizim üçün dost, qardaş ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr qururuq və biz görürük beynəlxalq təşkilatlarda kimlər bizi dəstəkləyir. Bu, çox önəmlidir. Əlbəttə, biz çalışırıq ki, bütün ölkələrlə yaxın münasibətlər quraq və buna nail oluruq. Ancaq ölkəmiz üçün həlledici məqamlarda bizim yanımızda olan ölkələr müsəlman ölkələri olmuşdur. Beynəlxalq təşkilatlarda bizə ən çox dəstək verən ölkələr müsəlman ölkələridir. Biz də, öz növbəmizdə, bütün beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin təşəbbüslərini dəstəkləyirik".

 

İlham ƏLİYEV

 

2007-ci ilin payızında Liviyanın Tripoli şəhərində keçirilmiş İslam ölkələri mədəniyyət nazirlərinin V konfransında qəbul olunan qətnamə əsasında Bakı şəhəri 2009-cu il üçün Asiya regionunda İslam mədəniyyətinin paytaxtı elan edildi. Qətnamədə öz əksini tapan məsələlərdən biri də İslam ölkələri mədəniyyət nazirlərinin növbəti VI toplantısının Bakıda keçirilməsi idi. Qarşılıqlı razılaşma əsasında konfrans bu ilin oktyabr ayında Bakıda keçirildi. Oktyabrın 13-də "Gülüstan" sarayında İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransı işə başladı. Dünyanın 45-dən çox ölkəsindən, eləcə də İSESKO, İPSİKA, Avropa Şurası, TÜRKSOY və digər beynəlxalq təşkilatlardan konfransa 200-dən çox iştirakçı qatılmışdı. Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbriki qonaqların diqqətinə çatdırdı. Təbrikdə deyilirdi: "2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir. Bu il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr vermiş, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb etmişdir".

Cənab Prezidentin dəyərləndirdiyi kimi, respublikamızda hökm sürən tolerantlıq mühiti bizim böyük tarixi nailiyyətimizdir. Məhz dövlətin dəstəyi nəticəsində xalqımız bu ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına, ünsiyyətin qurulmasına daim diqqət yetirib. Bu səbəbdən də xalqların bir-birinə yaxınlaşmasında mədəniyyətlərin qarşılıqlı təsiri böyük rol oynayır. Təbrikdə çatdırılan mühüm fikirlərdən biri də budur: "Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir. Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızda İslam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və abidələr dağıdılmışdır. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi ölkəmizdə həmişə təqdirlə qarşılanmışdır".

Konfransda məhz İslam dünyası mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparıldı, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyən edildi. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri konfransı açarkən ilk növbədə təşkilatçılıq və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi. Bildirdi ki, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan sivilizasiyalararası dialoqa böyük töhfələr vermişdir. Azərbaycan bu gün təkcə İslam deyil, dünya mədəniyyətinin ön sıralarında addımlayan mötəbər və qüdrətli ölkələrdən biridir. Əbdüləziz bin Osman əl-Tuveycri əmin olduğunu bildirdi ki, Azərbaycan 20 ildən artıqdır üzləşdiyi ədalətsiz müharibədən, haqsızlıqdan qalib çıxacaq. O, nitqində dedi: "Bakı İslam mədəniyyətinin paytaxtı elan olunduqdan sonra bu şəhərdə bir çox maraqlı tədbirlər, konfranslar keçirilib. Mən çox fərəhlənirəm ki, Azərbaycan gözəl ölkədir və bu ölkənin də çox qabiliyyətli milləti, qədim mədəniyyəti, adət-ənənəsi və zəngin mədəni irsi var. Bu mədəni cazibə isə bütünlükdə müsəlman ölkələrinin ortaq məxrəcə gəlməsində, onların bir mənəvi çağırış ətrafında birləşməsində, inkişaf etməsində mühüm rol oynayır. Bu işdə Azərbaycanın birinci xanımı, bizim xoşməramlı səfirimiz Mehriban Əliyevanın böyük xidməti və fəaliyyəti var. Əlbəttə, biz Dağlıq Qarabağı da yadımızdan çıxarmamışıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün dəstəyimizi göstərməkdə davam edəcəyik. Allahdan arzumuz budur ki, Azərbaycanın bu gözəl ərazisinə əbədi sülh gəlsin".

İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin V konfransına sədrlik etmiş Liviyanın mədəniyyət naziri Nouri Habeidi ötən iki il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. O, çıxışında təcavüzə, terrora məruz qalmış müsəlman ölkələrinin adlarını çəkdi. Bildirdi ki, İsrail hava qüvvələrinin təcavüzü altında Qüdsdə məscidlər dağıdılıb, ibadətgahlar yandırılıb, insanlarla bərabər maddi mədəni abidələrə böyük ziyan dəyib. Eləcə də Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi hələ də həll edilməyib. Ona görə də bütün sülhsevər qüvvələrin, eləcə də müsəlman aləminin birləşərək haqsızlığa, ədalətsizliyə, müharibəyə, terrora, dini, irqi ayrı-seçkiliyə qarşı birlikdə mübarizə aparması çox vacibdir.

İSESKO-nun nümayəndəsi Abdel Moez Bouxari öz çıxışında İslam mədəniyyətinin tarixində Azərbaycanın özünəməxsus yeri olduğunu faktlarla diqqətə çatdırdı. Natiq son illərdə Azərbaycanda təhsilə, elmə verilən xüsusi diqqətdən və bu sahədə əldə olunan nailiyyətlərdən söz açdı. Fərəhlə bildirdi ki, bu gün Azərbaycan mədəniyyətlərarası dialoq, turizm, incəsənət, mədəni irs və digər istiqamətlərdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Bir sıra problemlərin həllində də Azərbaycan önəmli nümunə göstərir.

Bir neçə çıxışdan sonra məhz bu tədbirdə İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransına sədrlik növbəsi Azərbaycana nəsib oldu. Beləliklə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik missiyasını yerinə yetirməyə başladı. Nazir nitqində söylədi: "2008-ci ilin dekabrında Bakıda Azərbaycan hökumətinin və Avropa Şurasının təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda Avropa və qonşu regionların mədəniyyət nazirlərinin konfransı keçirildi. Konfransa Azərbaycanın təşəbbüsü ilə İSESKO-ya üzv olan 10-a yaxın dövlət və İslam təşkilatları iştirak etdi. Konfransda müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqini nəzərdə tutan Bakı prosesinin əsası qoyuldu. Biz qərara aldıq ki, bu ənənəni davam etdirərək bugünkü konfransa bir sıra Avropa dövlətlərindən də nümayəndələr dəvət edək. Mən çox şadam ki, burada İslam dünyası ilə yanaşı Avropa dövlətlərinin nümayəndələri və Azərbaycandakı səfirlikləri təmsil olunurlar".

İSESKO-nun dəstəyi ilə Bakı İslam mədəniyyətinin paytaxtı elan edildikdən sonra il boyunca bu bayram müxtəlif tədbirlərlə qeyd olunur. Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Tədbirlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin iştirakı ilə keçirilən Mədəniyyət ilinin açılış mərasimi, Beynəlxalq muğam festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət günləri, Şərq-Qərb Beynəlxalq kino festivalı, Şərq-Qərb Beynəlxalq rəqs festivalı, Milli Kitabxana direktorunun II konfransı, İslam Mətbəxi I Beynəlxalq kulinariya festivalı, I Bakı Beynəlxalq kitab sərgi-yarmarkası, "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu və başqa tədbirlər var. Bu yöndə mərasimlər hələ də davam etməkdədir.

İslam mədəniyyəti xalqlarımızın tarixi keçmişi, bugünü və gələcəyidir. Bu həyatı quranlar və yaşayanlar çalışmalıdırlar ki, onun dəyərini artırmaq üçün konkret tədbirlər həyata keçirilsin. Bu istiqamətdə İslam dünyası üçün müştərək mədəniyyət strategiyası qarşılıqlı əməkdaşlığın nəzəri əsaslarını müəyyənləşdirməlidir. Buna görə də Azərbaycan dövləti bütün İslam ölkələri ilə mədəniyyət sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Əbülfəs Qarayev bildirdi ki, İslam ölkələrinin əksəriyyəti ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx və nümunəvi əməkdaşlığımız mövcuddur. Bu istiqamətdə həm Avropa, həm də İslam ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunur. Konfransda dəfələrlə vurğulandı ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mədəniyyət sahəsinə xüsusi diqqət göstərir.

Konfrans öz işini "Dialoqla mədəni müxtəlifliyin təşviqi" mövzusunda "dəyirmi masa" ilə davam etdirdi. Konfrans iştirakçılarının nəzərinə çatdırıldı ki, "Dialoq paytaxtı" ideyası haqqında düşünərkən Bakı şəhəri bu statusu ilk olaraq üzərinə götürə bilər. Jurnalistlərlə keçirilən mətbuat konfransında İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qətiyyətlə bildirdi ki, Bakı artıq "Dialoq paytaxtı"dır. Əbülfəs Qarayev bu inamın qarşılığı olaraq ümidlə söylədi ki, Azərbaycan dövləti konfransda irəli sürülən təşəbbüsləri daha da inkişaf etdirəcək. 2011-ci ildə ölkəmizdə "Ümumdünya mədəniyyətlərarası dialoq forumu" bu işlərin zirvəsinə çevriləcək. Təbii ki, bu forum yenə də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə reallaşacaqdır.

Konfransın ikinci günü daha da məhsuldar keçdi. Tədbirdə bir sıra mövzularda məruzələr dinlənildi, layihələr müzakirə olundu, qətnamələr qəbul edildi və yekun sənədlər imzalandı. Ən yaddaqalan məqamlardan biri isə ölkə Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransının nümayəndələrini qəbul etməsi oldu. Bakıda keçirilən bu mərasimə böyük əhəmiyyət verən Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirdi ki, Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi böyük şərəfdir. Biz bunu böyük qürur hissi ilə dilə gətiririk. Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür, mədəniyyət ocaqları təmir olunur, sıradan çıxanlar bərpa edilir, yeniləri tikilir, qədimlik qorunmaqla müasirləşmə gedir. Prezident dedi: "...Azərbaycanın çox zəngin tarixi və mədəniyyəti vardır. Biz 18 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Ancaq müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni irsimizi, tarixi irsimizi saxlaya bilmişik, qoruya bilmişik. Abidələri qoruya bilmişik, ana dilimizi qoruya bilmişik, milli və dini adət-ənənələri qoruya bilmişik. Bu gün Azərbaycanın uğurlu inkişafı üçün bizim milli-mənəvi dəyərlərimiz çox böyük rol oynayır".

Liviya, İraq, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Sudan, Tacikistan, Yəmən Ərəb Respublikası, Tatarıstan və digər ölkələrdən gəlmiş qonaqlar, İSESKO, İPSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının nümayəndələri, Avstriya, Vatikan, Gürcüstanın təmsilçiləri qonaqpərvərliyə, xüsusi diqqətə və qayğıya görə Azərbaycan dövlətinin başçısına öz minnətdarlıqlarını bildirdilər. Görüşə yekun vuran cənab İlham Əliyev söylənilən xoş sözlərə görə təşəkkürünü bildirərək dedi: "Əminəm ki, Bakıda keçirdiyniz günlər sizin üçün xoşdur və burada müzakirə olunan məsələlər, aparılan söhbətlər, danışıqlar gələcəkdə bizim birliyimizi daha da gücləndirəcəkdir". Konfransın yekunu mühüm qətnamələrlə yadda qaldı. 2024-cü ilədək İslam mədəniyyətinin paytaxt şəhərlərinin müəyyənləşdirilməsi üçün verilən təkliflər müzakirə edildi. Bizim üçün xoş və yaddaqalan tarixi məqamdır ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi qərara alındı. Eləcə də konfransda Ermənistanın işğalı nəticəsində Azərbaycan abidələrinin dağıdılması İSESKO-nun qətnaməsinə daxil edildi. İşğal edilmiş ərazilərdə abidələrin dağıdılmasının araşdırılması ilə bağlı İSESKO-da xüsusi komitənin yaradılması qərara alındı. İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin növbəti VII konfransı isə 2011-ci ilin okytabr ayında Əlcəzairin Klemsan şəhərində keçiriləcəkdir.

 

 

Konfrans iştirakçılarının arzu və təklifləri

 

 

Əbdüləziz Xoca Mühiddin, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri:

 

- İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı görüşü yaddaşımda əbədi yaşayacaq. Çox möhtəşəm və xüsusi əhəmiyyətə malik konfransa ev sahibliyi edən paytaxtınız elmi və mədəni potensialını nümayiş etdirməklə həm də bu şəhərin sakinlərinin, qədim tarixi və mədəni dəyərləri ilə öyünən xalqın bir çox millətlərə örnək olası qonaqpərvərliyini də böyük ürək açıqlığı ilə ortaya qoydu.

Bakıya hər gəlişim şəxsən mənim üçün əsl bayrama çevrilir. Elə bil təzələnir, ruhən dincəlirəm. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın incisi sayılan Bakı günbəgün gözəlləşir, daha da parlaq olur. Qədim memarlıq elementləri müasir arxitektura cizgiləri ilə zənginləşdikcə bu şəhərin füsunkarlığı daha da artır. Təbii ki, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq bu şəhərə qismət olub və Bakı bu titula yiyələnməklə öz əbədiyaşarlığını bir daha əyani sübut edib.

Son illər İslam ölkələri mədəniyyətlərinin yaxınlaşması yolunda mühüm addımlar atılır. Bu işdə Azərbaycan Prezidentinin, eləcə də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Budəfəki görüşdə biz bunun bir daha şahidi olduq. Güman edirəm ki, xalqların və mədləniyyətlərin yaxınlaşması prosesinin sürətləndirilməsində VI konfransın mühüm xidmətləri olacaq.

 

Xalida TOUMİ, Əlcəzairin mədəniyyət naziri:

 

- İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI Bakı konfransı artıq tarixə çevrildi. Biz hamılıqla bu möhtəşəm hadisəyə imza atdıq. Azərbaycanın paytaxtı gözəl Bakı şəhəri İslam ölkələri mədəniyyət nazirlərinin növbəti görüşünə olduqca ciddi hazırlaşmış, qonaqların normal fəaliyyəti və istirahəti üçün bütün şərait yaradılmışdır. İslam mədəniyyətinə, ədəbiyyatına, həyat tərzinə və məişətinə böyük ehtiramla və ciddiliklə yanaşan Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi islahatlar, mədəni quruculuq işləri bu xalqın böyük və şöhrətli keçmişindən, gələcəyə olan nikbin və sarsılmaz inamından xəbər verir. Neft Bakısı kimi tanınan paytaxtınız həm də dünyada seçilən müasir, komfort şəhər, daha doğrusu, meqapolis olaraq konfrans iştirakçılarını heyran etdi. Bakıda son vaxtlar möhtəşəm tədbirlərin keçirilməsi Azərbaycanın dünya birliyində layiqli yer tutduğunun bariz ifadəsidir. Xalqınıza, Azərbaycana və onun paytaxtına heyranam. Fürsət düşdükcə bu şəhərin qonağı olacağam. Bakı məni həmişə qoynuna səsləyir və bu çağırışı cavabsız qoymaq günahdır.

Növbəti - İslam Ölkələri Mədəniyyət Nazirlərinin VII konfransının bizim ölkəmizdə keçirilməsi qərara alındı. İnanın ki, mənim səmimi sözümdü. Bu işdə Bakı bizim üçün bir nümunə oldu. İndiyə qədər baş tutan konfranslarda Avropa dövlətlərindən qonaqlar iştirak etməyib. Azərbaycanlı dostlarımız bu işdə də örnək oldular.

 

Riyad Haassan AĞA, Suriyanın mədəniyyət naziri:

 

- Azərbaycan xalqı yaradıcı xalqdır, sülhsevər və qonaqpərvərdir. Bu dəfə də dediklərimin şahidi olduq. Allah bütün nemətlərini bu yerlərdən, bu xalqdan əsirgəməyib. Bakılı dostlarımla çoxlu söhbətlərim oldu. Bildirdilər ki, ölkə rəhbərliyi insanların rahat yaşayışı, sosial güzəranının yaxşılaşdırılması, normal fəaliyyəti üçün əməli iş görür. Mədəniyyət xadimləri, yaradıcı adamlar üçün də hər cür şərait yaradılıb. Lakin insanlar bir problemdən narahatdır - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən. Azərbaycan xalqı problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin işğal olunmuş torpaqların azad edilməsi üçün hərb yolu da istisna deyil. İndi hər bir azərbaycanlı bu yerlərdə sülh göyərçinlərinin pərvazlanacağı günü səbirsizliklə gözləyir. Sülh, əmin-amanlıq olan yerdə inkişaf da olar, sərbəst yaşayıb-yaratmaq da. Bu istəyin reallaşacağı günü gözləyən azərbaycanlılarla İslam ölkələrinin sülhsevər xalqları həmrəydirlər. İslam həmişə sülhün, barışığın tərəfdarıdır. VI konfransda bu amal bir daha bəyan edildi. Biz Bakıdan məhz bu arzularla ayrılırıq və növbəti gəlişimizdə niyyətimizin gerçəkləşdirilməsinin əyani şahidi də olarıq, inşallah!

 

Robert PALMER, Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru:

 

- Konfrans iştirakçıları ilə söhbətlərimizin baş mövzusu Azərbaycanın qədim və təkrarsız mədəniyyəti, əxlaqi və mənəvi dəyərləri, insanların qonaqpərvərliyi, sülh və əmin-amanlıq arzuları, körpələri açıq səma altında böyütmək, böyük dünyaya pərvazlandırmaq niyyətləri idi.

Konfrans günlərində imkan düşdükcə biz Bakının meydanlarını, bağ və xiyabanlarını gəzir, muzeylərinə baş çəkirdik. Qədim Şərq memarlığının həmişəyaşar inciləri, memarlıq üslubunda tikilən binalar, müasir arxitekturanın son nailiyyətləri əsasında ucaldılan imarətlər, yaraşıqlı prospektlər, fontanlar, başlıcası isə səmimi, gülərüz insanlar Bakının əsl obrazını xarakterizə edən silinməz naxışlardır. Bu şəhərdə yaşamaq, işləmək, mən deyərdim ki, əsl xoşbəxtlikdir. Vətənimə qayıdanda Azərbaycan mədəniyyəti, mətbəxi, yaşam tərzi barədə mətbuatda, televiziya və radioda çıxış edəcək, inkişafın Bakı modeli barədə fikirlərimi diqqətə çatdırmağa çalışacağam.

 

Hamid bin Əbdüləziz əl-QAFARİ, Qətər Dövlətinin mədəniyyət və incəsənət naziri:

 

- Azərbaycanı, eləcə də Bakını bütün dünyada əsl tolerantlıq nümunəsi kimi tanıyırlar. Sizdə dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəsə, hər hansı millətin nümayəndəsinə göstərilən doğma münasibət digər ölkələr üçün də örnək olmalıdır. Monoetnik dövlət yaradan Ermənistanın siyasi rəhbərliyi təkcə Bakıda 20 mindən çox erməninin sərbəst yaşamasından, dolanışıq tapmasından, yəqin ki, xəbərsiz deyillər. Ermənistanın işğalçı dövlət olmasından, erməni vandalizmi nəticəsində Qarabağda viran qoyulmuş tarixi mədəniyyət abidələrinin aqibətindən, ekoloji və mənəvi terrordan İslam ölkələrində də yaxşı xəbərdardırlar və bütün bunların qarşısının alınması istiqamətində İslam Konfransı Təşkilatı tədbirləri çərçivəsində geniş iş aparılır. Dünyanın lider dövlətləri sırasında getdikcə möhkəmlənən Azərbaycana hər sahədə dəstək olmaq, yeri gəlsə yardım göstərmək, sosial-iqtisadi və mədəni sahələrdə, siyasi arenada əməkdaşlığı genişləndirmək inkişaf etmiş İslam ölkələrinin, bir növ, borcuna çevrilməlidir.

 

Doktor Mahir Dali İbrahim əl-Caffer, İraqın mədəniyyət naziri:

 

- Axşamüstü Muğam Mərkəzinə konsertə gedirdik. Sahildən nəvəsi ilə gəzməkdən gələn yaşlı qadın nümayəndə heyətimizə yaxınlaşaraq haradan gəldiyimizlə maraqlandı. İraqın adını eşidən kimi gözləri doldu. Siz də bizim kimi terrordan, basqılardan əziyyət çəkirsiniz. Allah bütün müsəlmanları qorusun! Onun bu sözləri hamımızı kövrəltdi. Doğrudan da Bakı çox doğma şəhərdir. Burada adam özünü rahat hiss edir. Qürur hissi keçirirsən ki, müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda sizlərlə görüşdük. Nəinki Şərqin, mən deyərdim ki, bütün dünyanın maraq göstərəcəyi, can atacağı belə gözəl bir paytaxtın qonağı olduq. Bakı nə qədər qədim, yaşlı və qocadırsa, bir o qədər də cavan, gənc, bəlkə də yenicə doğulmuş bir fidana bənzəyir. Buranın sakinləri çox mehriban və qonaqpərvərdirlər.

Xanım Fatima Salem ALHACI, Liviya, Əsmariyyə Universitetinin təmsilçisi:

- Burada olmağımdan çox məmnunam. Xüsusilə də Azərbaycan qadınlarının azad, sərbəst, müstəqil olmaları məni sevindirdi. Öyrəndim ki, müsəlman ölkələri içərisində ziyalı xanımlarının sayına görə Azərbaycan ön sıralarda gedir. Bilirsiniz bu nə deməkdir? Dünyaya uşaq gətirən ananın savadlı, bilikli olması gələcəyin firavanlığından xəbər verir. Nahaq yerə deməyiblər ki, qadını savadlı, dünyagörüşlü olan ailədə bitkin övladlar yetişər. Hər sahədə mən qadınların öncül olduqlarını müşahidə etdim. Qurani-Kərimdə də qadına, anaya həmişə yüksək qiymət verilib. Bəzilərinə elə gəlib ki, İslam qadınların ictimai həyatda fəaliyyət göstərməsinə mane olur. Azərbaycanda belə məngənələr tarixin arxivinə çoxdan atılıb. Həqiqətən də ölkənizdə qadınlar firavandırlar. Bütün sahələrdə öz istedadlarını göstərməyə qadirdilər. Xüsusilə də ölkənizin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti nəinki İslam dünyasının, bütün bəşəriyyətin fəxarət duyduğu məqamlardır.

İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI Bakı konfransının nümayəndələri qəzetimizə verdikləri eksklüziv müsahibələrdə Azərbaycana, ölkəmizin paytaxtı Bakı şəhərinə vurğunluqlarını gizlətmir, bu yerlərə yenidən gəlmələri ilə bağlı arzularını dilə gətirirdilər. "Bu ölkədə yaşamaq, işləmək olduqca xoşdur. Siz öz vətəninizlə, xalqınızla fəxr etməkdə haqlısınız".

...Mərasim başa çatdıqdan sonra mədəniyyət nazirlərinin VI konfransının iştirakçıları Heydər Əliyev Fondunda oldular. Onlar ulu öndərin həyatını, müxtəlif anlarını əks etdirən ekspozisiyalara, fotoşəkillərə, sənədlərə maraqla baxdılar. Qonaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə tanış olduqda öz məmnunluqlarını, heyrətlərini gizlədə bilmirdilər. Onlara maraqlı gələn cəhətlərdən biri bu idi ki, Heydər Əliyev Fondu təkcə ölkədə deyil, beynəlxalq arenada nəhəng layihələr həyata keçirib. Xatirə kitabına ürək sözlərini yazan mərasim iştirakçıları ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya nailiyyətlər arzulayır, onun gördüyü xeyirxah işləri alqışlayırdılar.

Nümayəndələrin təəssüratları çox zəngin idi. Həm konfrans yüksək səviyyədə keçirildi, həm qonaqlara böyük diqqət və qayğı göstərildi. Onlar yalnız Azərbaycanın milli-mənəvi dəyərləri, maddi mədəniyyəti, musiqisi ilə deyil, həm də mətbəxi ilə yaxından tanış oldular. İslam Konfransı Təşkilatına üzv Dövlətlərin Mədəniyyət Nazirlərinin VI konfransının iştirakçıları Bakıdan bir daha buraya qayıtmaq arzusu ilə ayrıldılar.

 

 

Flora XƏLİLZADƏ,

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.-20 oktyabr.- S. 10.