Üzeyir Hacıbəyli şəcərəsi: Məhbubə Paşayeva və başqaları

 

Köhnə tanışım, Üzeyir Hacıbəyli şəcərəsindən olan həkim Gülzar xanım İbrahimova günlərin bir günü mənə zəng vurub hal-əhval tutduqdan sonra əsas məsələnin üstünə gəldi. Dedi ki, mənim bir yaxın qohumum vaxtilə müğənni kimi radioda səsini lentə yazdırıb. Məni o lentlərin taleyi maraqlandırır.

Düzü, uzun illər radionun musiqi redaksiyasında çalışsam da, sonradan sıx əlaqəm olsa da, xanımın soraqladığı müğənni Məhbubə Paşayeva haqqında ilk dəfə idi ki, eşidirdim. Elə həmin andan musiqi redaksiyasının arxivi ilə maraqlandım və nə yaxşı ki, Məhbubə Paşayevanın radionun fondunda olan ifaları ilə yaxından tanış oldum. 1967-ci ildə həmin mahnılar fortepianonun müşayəti ilə lentə alınmışdır.

Müxtəsər sayı da təxminən belədir: Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyası, "Arşın mal alan"dan Gülçöhrənin ariyası, "Şah Abbas və Xurşudbanu" operasından Xurşudun təsnifi, xalq mahnısı "Yar bizə qonaq gələcək", bayatılar üstündə "Qarabağ şikəstəsi".

Bu ifaların kölgədə qalmasının səbəbi çox sadə olmuşdur. Mahnıların pasportu (musiqi dilində belə adlanır) xalq musiqisi şöbəsində, xalq musiqisi ifaçılarının pasportları arasında qaldığından janrına görə diqqətdən kənarda qalmışdır.

Məhbubə xanımın lent yazıları klassik üsluba yaxın olduğundan öz sahibini tapmamışdır. Bəs Məhbubə Paşayeva kimdir?

O, 1905-ci ildə Şuşa şəhərində anadan olub. Təxminən 5-6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə - dayısının yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Məhbubə Paşayeva haqqında qısa məlumat bununla bitir. Lakin söhbətimizin əvvəlində xatırlatdığımız Gülzar xanım bir çox mətləblərə aydınlıq gətirdi.

Bəlli oldu ki, Üzeyir Hacıbəyli Məhbubə xanımın dayısıdır. O, Üzeyir Hacıbəylinin böyük bacısı Sayad xanımın kiçik qızıdır. Üzeyir Hacıbəylinin bacısı uşaqlarının tərbiyəsində müstəsna rolu olub. Onların təhsil almasında, ailə qurmasında yaxından iştirak edib. Üzeyir Hacıbəyli onlara nəinki dayılıq, hətta atalıq edib. Onlar bir yerdə yaşayıblar. Ona görə də bacısı Sayad xanım dul qalandan sonra onu dörd uşağı ilə Bakıya gətirib öz mənzilində saxlamışdır. Bu, təxminən 1909-10-cu illərə təsadüf edir. Həmin vaxtdan bu ailə bir yerdə yaşamışdır. Hazırkı ev-muzeyi yerləşən binada...

Məhbubə xanımın istedadı üzə çıxandan sonra Üzeyir bəy onun barəsində düşünməyə başlamışdı. Nəhayət, "Koroğlu" operasını yazarkən Xanəndə qızı Məhbubə üçün nəzərdə tutmuşdu. Məhbubənin səsi üçün məhz bu ariyanı yazmışdı. Nəticə isə daha uğurlu alınmışdı.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Məhbubə Paşayeva həmin ariyanı paytaxt tamaşaçıları qarşısında ifa etmişdi. Həmin ifaya görə ona qızıl saat da bağışlamışdılar. Məhbubə xanımın digər bir istedadı diqqətdən yayınmırdı. Son dərəcə gözəl tikişlər tikirdi, üzərinə zərif naxışlar düzürdü. Bu əl işlərini əsasən öz rolları üçün hazırlayırdı. Ən maraqlısı odur ki, Məhbubə xanımın sonralar işlədiyi və "Koroğlu" operasında istifadə olunan yaxalıqlar, sinəliklər, araxçınlar bəstəkarın ev-muzeyinə hədiyyə edilmişdir. Bu gün də nadir eksponat kimi muzeyin bir guşəsində qalmaqdadır.

Məhbubə Paşayeva mövzusu üzeyirşünaslıqda digər maraqlı məqamları da üzə çıxartdı. Çox təəssüf ki, Məhbubə Paşayevanın övladı olmayıb, yetirmələri də qalmayıb. Lakin onun bu yığcam repertuarı Azərbaycan ifaçılıq məktəbindən unudulmaz nişanədir.

Xüsusilə opera sənətimizin keçdiyi bu möhtəşəm yolda özünəməxsus ifa tərzi olan Məhbubə Paşayeva öz dəst-xəttini göstərə bilmişdir. Gülzar İbrahimova da Üzeyir Hacıbəyli ailəsinin bir üzvüdür. Lakin onun anası Dilbər xanım haqqında ətraflı danışmağa dəyər. Dilbər xanım Azərbaycan Teleradio Verilişləri şirkətinin musiqi kollektivlərində uzun bir yaradıcılıq yolu keçmişdir. Xor və xalq çalğı alətlərinin ifasında bir çox xalq mahnılarını lentə yazdırmışdır. Həmin lent yazıları radionun fonotekasında qorunub-saxlanılır. Dilbər İbrahimova Üzeyir bəyin böyük bacısının kiçik nəvəsidir. Musiqiçi ailəsində böyüdüyünə görə onun övladları da, demək olar ki, musiqi savadı alıblar. Gülzar xanımın söhbətindən yadımdadır ki, bizim ailəmiz mütləq musiqi savadı almalı idi. Belə də oldu. Anamın böyük bacısı Zivər xanım İbrahimova məşhur arfaçı kimi respublikada tanınırdı. Konservatoriya təhsili alıb. Sonra uzun müddət 2 nömrəli musiqi məktəbinin direktoru olub. Düz 22 il oroda çalışıb. Bu müddət ərzində həmin məktəb respublikada aparıcı musiqi ocağı kimi nümunə göstərilirdi.

Anam isə ilk illərdə skripka sinfinə daxil olub. Lakin bu sahəni yarımçıq qoyub. Özünə başqa bir sənət yolu seçib. Məlum olmuşdu ki, anamın gözəl səsi var, bu yöndə daha çox uğur qazana bilər. Beləliklə, o, vokal sənəti ilə məşğul olmağa başladı. Anamın qardaşı Ramiz İbrahimov isə violonçellə məşğul olardı. Mən özüm və bacım piano sinfini bitirmişik. Bir sözlə, bu ailədə heç kəs musiqidən kənarda qalmayıb. Anamın musiqiyə, xüsusilə vokala marağını görüb sevinən Üzeyir bəy 1946-cı ildə təşkil olunmuş "Sazçı" qızlar ansamblında məşğul olmasını məsləhət bilib. Mən hələ körpə idim, anamın çaldığı sazı bu saat da xatırlayıram. O, saz çalıb-oxuyurdu. Az sonra ansambl fəaliyyətini dayandırdı. Yalnız 50-ci illərin əvvəllərində ansambl yenidən fəaliyyətə başladı. Bəstəkar Qənbər Hüseynlinin rəhbərliyi ilə fəaliyyət göstərən ansamblın da ömrü uzun sürmədi. 1956-cı ildə anam Azərbaycan Televiziya və Radiosunun xorunda işləməyə başladı. Düz 87-ci ilə qədər orada çalışdı. İndi təqaüddədir.

1942-ci ildə Hüsü Hacıyev küçəsindəki "Monolit" binasında Üzeyir Hacıbəyliyə mənzil verdilər. Bütün ailədən ayrılıb Məleykə xanımla təzə mənzilə köçəndə Üzeyir bəy öz bacısı qızından xahiş elədi ki, mən Zivəri tək qoya bilmərəm, ona öyrəşmişəm, icazə ver onu özümlə aparım. Belə də oldu. Zivər bu ailənin övladına çevrildi. Məleykə xanım da ona möhkəmcə alışdı. Təzə mənzildə ona atalıq edən Üzeyir bəylə az ömür sürən qızcığaz nə az, nə çox - düz iyirmi dörd il Məleykə xanıma övladlıq etdi. Bu o demək idi ki, Zivər xanım bu ailənin yeganə varisi sayılırdı. Ona görə də Məleykə xanım haqlı olaraq Üzeyir bəyin ev-muzeyinin açılmasında Zivərin köməyinə daha çox bel bağlayırdı.

1966-cı ildə Məleykə xanım Zivərin qucağında dünyasını dəyişərkən ona demişdi: "Üzeyir Hacıbəylinin ev-muzeyini görə bilmədim. O vaxt ruhum şad olar ki, bu işi sən başa çatdırasan".

Üzeyir bəy rəhmətə gedəndən sonra Zivər xanım Məleykə xanımı tək qoymadı, ona övladlıq etdi. Gülzar xanım xatırlayırdı: "Son illər Məleykə xanım ağır xəstə idi. Xalam məktəbdə direktor işləsə də, onun bütün əziyyətlərinə dözürdü. İndiki Mərkəzi Klinik Xəstəxanada yatanda onun çarpayısı başından əl çəkməzdi. Belə bir vəfalı insan, təbii ki, Üzeyir Hacıbəyli sərvətinə də biganə qala bilməzdi. Yaxşı yadımdadır. Biz onunla birgə ailəlikcə Üzeyir Hacıbəylinin muzey üçün yarıyacaq bütün nümunələrini göz bəbəyi kimi qoruyan Zivər xanımın gecə-gündüz ev-muzeyi barədə necə həyəcan keçirdiyini görürdük. Lakin bu muzeyi açmaq o vaxt müəyyən problemlərlə qarşılaşırdı. Əvvəlcə belə fikir vardı ki, Üzeyir bəyin son mənzilində - "Monolit"də açılsın bu muzey. Lakin sonralar belə qərara gəlindi ki, onun keçmiş yaşadığı mənzildə - hazırkı ev-muzeyinin yerində bu niyyət həyata keçirilsin. Belə də oldu. 1975-ci ildə Şamil Əzizbəyov küçəsindəki mənzilində bəstəkarın anadan olmasının 90 illiyi ərəfəsində bu arzu həyata keçdi. Əlbəttə, bu, hamının arzusu idi. Xüsusilə həmin gün Üzeyir bəyin və Məleykə xanımın ruhları şad olurdu".

Üzeyir Hacıbəylinin ev-muzeyinin açılmasında əvəzsiz xidməti olmuş Heydər Əliyev muzeyin açılışında iştirak edərkən Zivər xanım onu ev sahibi kimi qəbul etmişdi. Onun muzeyə təqdim etdiyi Üzeyir Hacıbəylinin ev əşyaları Heydər Əliyevin böyük marağına səbəb olmuş və minnətdarlıq duyğularını bəstəkarın varislərinə yetirmişdi.

 

 

Telman QARAYEV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 7.