Qız qalasının yeni əfsanəsi, yoxsa təhrif
olunmuş tarixi faktlar?
Son zamanlar Azərbaycan tarixinin
müxtəlif sahələri üzrə sanballı elmi
araşdırmalar aparılıb, siyasi, iqtisadi problemlərin,
o cümlədən mədəniyyət məsələlərinin
tədqiqində müəyyən nailiyyətlər əldə
edilib. Lakin bəzən qədim qaynaqların
azlığı, həm də onların birtərəfli tədqiqi
Azərbaycan xalqının tarixinin subyektiv izahına gətirib
çıxarır. Əlbəttə, yazılı
qaynaqların kifayət qədər olmaması Azərbaycan
tarixinin bütün sahələrini və dövrlərini
eyni səviyyədə tədqiq etməyə,
qaranlıq məsələləri işıqlandırmağa
imkan vermir. Belə ki, indiyədək
Bakının tarixinin bəzi məsələləri üzrə
hələ də vahid fikir yoxdur. Çünki Bakı və
İçərişəhərin tarixini subyektiv baxımdan
izah edən və müəyyən siyasi məqsədlər
güdən tendensiyalar uzun müddət öz mövqeyini
saxlamış və təəssüf ki, indi də
saxlamaqdadır.
Müasir zamanda Azərbaycan
xalqının maddi mədəniyyət abidələrinə
alimlər və ictimaiyyət tərəfindən maraq getdikcə
artmaqdadır. Bu, ilk növbədə, xalqın mədəni
irsini dərindən tədqiq etmək istəyindən irəli
gəlir və ümumbəşəri mədəni irsində
onun rolu və yerini müəyyənləşdirmək məqsədi
daşıyır. Son illər ərzində Bakı və
İçərişəhərin öyrənilməsində
yeni addımlar atılıb, qaynaqların
araşdırılması, elmi təhlili xeyli genişləndirilib.
Ölkəmiz müstəqillik əldə
etdikdən sonra arxivlər qismən də olsa
açıldı, tarixi olduğu kimi yazmaq və dərc
etdirmək imkanı yarandı. Lakin təəssüf ki, bəzi
hallarda yanlış məlumatlarla dolu olan yazılar dərc
edilir. Bu günlərdə unikal abidələrdən biri,
dünya mədəniyyəti xəzinəsinin incisi sayılan
Qız qalasına həsr olunmuş yeni bir kitabçanın nəşr
olunduğunu öyrəndik. Doğrusu, bu bizi çox
sevindirdi. Çünki Bakı tarixinə, xüsusilə də,
İçərişəhərə dair yazılan kitablara
böyük ehtiyac var.
İlk dəfə
adı ilə nəzərimizi cəlb edən İlqar Əliyevin
"Qız qalası "Leyli və Məcnun"un məqbərəsidir"
adlı kitabçası Kulturoloji Marketing və İnnovasion
layihələr MMC "Manilti"nin dəstəyi ilə
"Adiloğlu" nəşriyyatında 2009-cu ildə
çapdan çıxıb. Düşündük ki, yəqin burada
İçərişəhərin, xüsusilə də,
Qız qalasının tarixi fərqli nöqteyi-nəzərdən
araşdırılaraq yeni faktlar aşkar olunub. Lakin
yanıldıq.
Qız qalası ilə Nizami Gəncəvinin
"Leyli və Məcnun" əsərinin əlaqəsini
anlaya bilmədik. Kitabçanı oxumağa başladıq.
Çox keçmədi ki, onu nəşrə
hazırlayanların məsuliyyətsizliyini gördük.
Açığı, belə tərtibatda nəşr olunan
kitabın bu qədər səriştəsiz və səhlənkarlıqla
hazırlanmasını gözləmirdik. Axı, hər
şeydən öncə, bu kitab bakılıların,
ümumiyyətlə, bütün azərbaycanlıların
müqəddəs hesab etdikləri İçərişəhərin
adı ilə bağlıdır.
Kitabça ilə
tanışlıq göstərdi ki, burada müəllif
Qız qalasının tarixi haqqında yanlış fərziyyələr
irəli sürməklə yanaşı, bu günə kimi və
əsasən Azərbaycanın müstəqillik dövründə
nəşr olunan əsərlərdə verilən
konsepsiyaları da səhv adlandırıb.
İ.Əliyev heç bir arxiv sənədinə
və mənbəyə əsaslanmadan Məcnunun
Şirvanşah I Axsitanın oğlu, Leylinin isə Bakı
valisinin qızı olduğunu qeyd edir. O iddia edir ki,
"Şirvanşah Axsitanın oğlunun tərbiyəsi pis
olduğundan, Bakı valisi qızını Axsitanın
oğluna - Məcnuna vermir". Müəllif o dövrün
reallıqlarını kifayət qədər düzgün təsəvvür
etsəydi, belə nəticəyə qəlməzdi. Heç
kim hətta Vali belə, Şirvanşahın oğlunun təklifini
rədd etmək iqtidarında deyildi.
Daha sonra müəllif bir tərəfdən
Məcnunun ərəb əsilli olduğunu qeyd edir, digər tərəfdən
isə onu Şirvanşah Axsitanın oğlu kimi qələmə
verir. Halbuki, Şirvanşah Axsitan fars mənşəli Kəsranilər
sülaləsindən idi. Burada da müəllifin fikri tarixi
reallıqlarla üst-üstə düşmür.
Nizaminin Şirvanşah
Axsitanı tərifləməsi də təsadüfi deyil. XII əsr
ədəbiyyatının xarakterik xüsusiyyətlərindən
biri panegirik poeziyasının inkişafı idi. Nizami bu
güclü ədəbi axından kənarda qala bilməzdi. Axsitan Məcnunun atası olduğu ücün deyil,
Şirvanşah olduğu ücün təriflənir.
Şirvanşah Axsitanın Nizamiyə "Leyli və Məcnun"
poemasını sifariş etməsinin əsas səbəbi elə
ilk növbədə öz adının əbədiləşdirilməsi
istəyindən doğurdu.
İ.Əliyev yazir
ki, Şirvanşah I Axsitan oğlunun sonsuz məhəbbətinin,
yenilməz iradəsinin və onun məhəbbətinə
sadiq qalan sevgilisi Leylinin xatirəsini əbədiləşdirmək
məqsədi ilə Bakıda, onların birgə uyuduqları
qəbirin üzərində məqbərə ucaldır. Daha sonra müəllif
həmin məqbərənin Qız qalası olduğunu
bildirir. Öz fikrini təsdiqləmək üçün
müəllif, tarix elmləri doktoru Kamil Fərhadoğlunun
araşdırmalarına istinad edir və onun 22.10.2006-cı il
tarixli "Şirvanşahlar saray kompleksi, saray məscidinin
girişində təsadüfi aşkar olunmuş qəbir
haqqında məlumat"ını əsas gətirir.
Lakin bu məlumatla tanış
olduqda və açıq şəkildə "məlumat"ın
adından da bəlli olduğu kimi, bu qəbir Qız
qalasında yox, saray məscidinin girişində aşkar
olunub. Bildiyimiz kimi, əgər Qız qalası Leyli və Məcnunun
məqbərəsi olsaydı, bu məzar qalanın altında
olmalı idi. İ.Əliyev daha sonra "məlumat"ı
oxucuların diqqətinə çatdırır:
"Qəbirdə üz-üzə
basdırılmış 2 insan skeletinin birincisinin ayaq
sümükləri şərq, kəllə sümüyü
qərb tərəfdə yerləşir, üzü şimala
baxır. O, müsəlman dini qaydalarına görə dəfn
olunmuşdur. İkinci insan skeleti tam tərsinə yerləşib.
Onun ayaq sümükləri qərb, kəllə
sümüyü isə şərq istiqamətində dəfn
olunmuşdur. Onun üzü cənub-qərbə, məscidin
mehrabı istiqamətinə baxır... 1964-cü ildə
Şirvanşahlar saray kompleksində bərpa işləri
zamanı bəhs etdiyimiz qəbir çox güman ki, aşkar
olunub. Qəbrin içində, şimal tərəfdəki
divarda açılmış deşik bu fikri söyləməyə
əsas verir. Hətta onu da demək olar ki, qəbri
araşdırmaq məqsədi ilə, hansısa bir alətlə
içəridəki skeletin sümüklərini
qarışdırmışlar".
Müəllif
"məlumat"ı oxuyaraq, belə bir "nəticəyə"
gəlir ki, skeletin baş-ayaq basdırılmasının səbəbi,
gənclərin günahlarına görə, mərhumlara
hörmətsiz yanaşaraq, onların ruhlarını təhqir
etmək məqsədi güdürmüş.
İ.Əliyev daha sonra "Leyli
və Məcnun" əsərində Leylinin məzarı üzərində
ölmüş Məcnunun yalnız sümüklərinin
qaldığını və sümüklərin Leylinin qəbrində
dəfn olunduğunu qeyd edir. Nizami Gəncəvinin
əsərində qeyd olunan bu hadisəni əsas götürən
müəllif, belə bir qənaətə gəlir ki,
"skeletin sümükləri hansısa bir alətlə
qarışdırılmayıb, o basdırılarkən belə
bütöv deyildi".
Müəllif sonra davam edir:
"Axsitanın ölümündən sonra hakimiyyəti ələ
keçirmiş Axsitanın qardaşı Şahənşah o
qəbrə "hörmətsiz" yanaşaraq, onu
"Şah məscidi"nin girişində ayaqaltı pillə
kimi yerləşdirir".
İ.Əliyevin bu fikri daha əvvəl
irəli sürdüyü qənaətini təkzib edir. Müəllifin
fikrindən belə çıxır ki, bu qəbrin yeri
sonradan dəyişilərək məscidin girişində yerləşdirilmişdir.
Belə olduqda müəllifin qəbirdəki
sümüklərdən birisinin dağınıq olması səbəbi
kimi irəli sürdüyü versiya inandırıcı
çıxmır. Əgər bu qəbirdəki insanlar məscidin
girişindəki qəbrə sonradan
köçürülübsə, deməli, hər iki
insanın sümükləri dağınıq olmalı
idi. Onu da xatırladaq ki, müəllifin qeyd etdiyi yerdə
1918-cı ildə ermənilər tərəfindən qətlə
yetirilən məscidin axundu Hacı Mir Mövsüm Hacı
Mir Qasım oglu Qasımzadə dəfn olunub.
Müəllif Qız qalası ilə
üzbəüz Xanəgah (Bazar yeri) adlanan ərazidə
"əmanət qəbirlərin" aşkarlanmasını
da qalanın sevgililərin məqbərəsi olduğu fikrini
təsdiqləyən bir arqument kimi gətirir. Lakin qeyd etmək
lazımdır ki Xanəgah ərazisində aşkarlanan "əmanət
qəbirlər" orta əsrlərdə İçərişəhərdə
sufi şeyxlərinin yaşayıb, fəaliyyət qöstərdiklərini
təsdiqləyir. Xanəgahlar, adətən, karvan-ticarət
yollarının üzərində yerləşirdilər. Xanəgah
kompleksinə türbə, karvansara, hamam, məscid, ovdan və
s. ictimai binalar da daxil olurdu. Sufi şeyxləri ölümlərindən
sonra orada dəfn olunurdular və şeyxlərin məzarının
ətrafında fəxri dəfnlər kecirilir, onların
müridləri dəfn olunurdu. İllər keçdikcə
bura müqəddəs yerə, ziyarətgaha çevrilirdi.
Kamil müəllim abidənin ziyarətgah olduğunu deyəndə
məhz bunu nəzərdə tutmuşdur. Bu ərazidə
bütün sadaladıgımız abidələrin yerləşməsi
orta əsrlərdə bu məkanda xanəgahın fəaliyyət
göstərməsi fikrini sübut edir.
İ.Əliyev yazısında
dini məsələlərə də toxunur və yenə də
yanlışlıqlara yol verir. Müəllif yazır: "...
tarixin ən dahi insanlarından hesab edilən Axura Mazda (Zərdüşt)
odlar yurdu Azərbaycanda doğulub, daim alışıb yanan Azərbaycan
torpağından ilham alıb, bu odun möcüzəsinə
inanaraq atəşpərəstliyin təməlini
qoymuşdur".
Burada müəllif zərdüştlik
dinində Uca Tanrı olan Axura Mazdanı "dahi insan" kimi
göstərir və onu Zərdüşt peyğəmbərlə
eyniləşdirir. Daha sonra, o, Zərdüştün atəşpərəstliyin
təməlini qoyduğunu qeyd edir. Halbuki, Zərdüşt
peyğəmbərin təbliğ etdiyi din bir olan Tanrıya
inam əsasında qurulub. Atəşpərəstlik
xüsusiyyətləri isə bu dinə sonradan, Zərdüştün
ölümündən sonra əlavə olunub.
İ.Əliyev həmçinin,
yazı boyunca tez-tez müqəddəs kitablardakı ayələrdən
istifadə edib. Mövzuya aid olmayan bu ayələr bəzən
yanlış izah olunub. Məsələn, müəllif
Qız qalasının üzərində səhər və
axşam qatar-qatar quşların uçuşmasını,
bunun ilin bütün fəsillərində, əsasən, yaz
aylarında müşahidə edilməsini maraqlı hallardan
biri adlandırır və analoji vəziyyətə ziyarətgahlarda,
müqəddəs yerlərdə və ya digər
sitayiş məkanlarında rast gəlindiyini bildirir. Daha sonra
yazıda Ən-Nur surəsinin 41-ci ayəsi verilir:
"Məgər göylərdə
və yerdə olanların, qanadlarını açıb
(qatar-qatar) uçan quşların Allahı təqdis edib
şəninə təriflər dediyini görmürsənmi?!
Allah onlardan hər birinin duasını, şükür-sənasını
bilir. Allah onların nə etdiklərini biləndir".
Müəllif bu müqəddəs
kəlamlardan belə bir nəticəyə gəlir ki, Qız
qalası və onun yerləşdiyi ərazi ziyarətgah olub. Halbuki, bu ayədə ziyarətgah və ya hər
hansı bir müqəddəs yer haqqında heç bir
şey deyilmir. Əslində, ayədə aydın
göründüyü kimi, yerdə və göydə
olanların (mələklər, insanlar və cinlərin),
uçan quşların qüdrətli olan Allahın şəninə
təriflər söyləməsindən
danışılır. Ümumiyyətlə, müəllifin
abidənin tarixşünaslığından da məlumatı
qeyri ciddidir. Qalanın üzərindəki kitabə
haqqında danışan İ.Əliyev bu yazının əvvəllər
"Məsud ibn Davudun qülləsi" kimi, daha sonralar isə
Sara Aşurbəyli tərəfindən düzgün olaraq
"Məsud ibn Davudun qübbəsi" kimi oxunduğunu qeyd
edir.
Müəllifin nəzərinə
çatdırmaq istərdik ki, qalanın üzərindəki
yazını S.Aşurbəyli yox, ilk dəfə N.Xanıkov
oxuyub və "Qübbeyu Məsud bini Davud" tərcüməsini
məhz N.Xanıkov edib. Ə.Ələsgərzadə və Ə.Salamzadənin,
məşhur epiqrafçı M.Nemətin, C.D.Kərimzadənin, M.Ə.Nəbiyevin,
D.Axundovun və başqa alimlərin araşdırmalarında
Qız qalasının tarixinə və təyinatına dair
bir neçə elmi fikirlər və mülahizələr var.
Lakin müəllif, kitabçanı nəşr etdirərkən,
bu əsərlərlə taniş olmayıb və çoxlu
sayda yanlış fərziyyə irəli sürüb.
Təəssüflə
qeyd etməliyik ki, heç bir tarixi faktlara əsaslanmayan bu
kitabçanın nəşrində çox böyük tələskənliyə,
səriştəsizliyə, məlumatsızlığa və
ciddi nöqsanlara yol verilibdir. İ.Əliyevin mülahizələri
ciddi bir mənbəyə əsaslanmadığı
üçün heç bir elmi əhəmiyyət kəsb etmir və tarixi reallıqdan
uzaqdır. Gəldiyi nəticələr isə məntiqi təfəkkürə
sığmır. Azərbaycanın tarixi, o cümlədən
Bakı və "İçərişəhər"in
adı ilə bağlı nə varsa, hamısı sənədlərə
əsaslanaraq, yüksək səviyyədə, məsuliyyətlə
hazırlanmalı və xalqa
çatdırılmalıdır.
Vəfa QULİYEVA,
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq
Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzin
direktoru, tarix elmləri doktoru
Orxan ƏLİZADƏ,
elm şöbəsinin tarix üzrə
baş elmi işçisi,
tarix elmləri namizədi
Azərbaycan.- 2009.- 21 oktyabr.- S. 7.