Seçki təşkilatçılarının maarifləndirilməsi işi davam edir

 

İnsan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə BMT-nin Nizamnaməsində öz əksini tapmışdır. Beynəlxalq insan hüquqlarının sonrakı inkişafı insan hüquqları haqqında müqavilələrin, bu sahədə beynəlxalq mexanizm və prosedurların inkişaf etdirilməsi ilə əlamətdardır. İnsan hüquqlarının müdafiəsinin tərkib hissəsi olan seçki hüququ haqqında beynəlxalq universal və regional standartlar BMT Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sində, 1966-cı ildə qəbul etdiyi "Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"da, 1950-ci ildə qəbul olunmuş "İnsan hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyası"nda, 1952-ci ildə qəbul edilmiş "Qadınların siyasi hüquqları haqqında Konvensiya"da, 1992-ci ildə qəbul olunmuş "Milli, etnik, dil və dini azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"də, 1993-cü ildə İnsan hüquqları üzrə Ümumdünya Vyana Konfransında qəbul edilmiş "Vyana Bəyannaməsi və Hərəkət proqramı"nda, ATƏT çərçivəsində qəbul olunmuş siyasi öhdəlik xarakterli sənədlərdə və başqa bu kimi beynəlxalq müqavilə, saziş, konvensiya və qətnamələrdə öz ifadəsini tapmışdır.

 

İnsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. 1998-ci ilin 18 iyununda ümummilli lider Heydər Əliyevin "İnsan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı" haqqında imzaladığı sərəncamın icrası ilə əlaqədar ölkədə bir sıra qanunvericilik və institusional islahatlar həyata keçirilmiş, yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmışdır.

Azərbaycan öz müstəqilliyini möhkəmləndirməklə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti yolu ilə inamla irəliləməkdədir. Odur ki, həyatın bütün sahələrində dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlət və vətəndaş cəmiyyəti arasında əlaqələrin daha da inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi zərurəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006 - cı ildə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalaması ilə nəticələndi.

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət həyatının ən mühüm sahələrinə dair öz rəyini referendum (ümumxalq səsverməsi) yolu ilə bildirməsidir. Seçkilərin və referendumun keçirilməsi vətəndaşların yaşadığı cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakına şərait yaradan ən kütləvi tədbirlərdir. Demokratik və şəffaf keçirilən seçkilərdə və referendumlarda iştirak seçicinin siyasi mədəniyyətinin, hüquq düşüncəsinin və mədəniyyətinin formalaşmasına meydan açır, eləcə də xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsinə zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğu və xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməsi təsbit olunmuşdur. Seçki hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara verilmiş ən mühüm hüquqlardan biridir. Əsas qanunda təsbit olunmuş seçki hüquqlarının həyata keçirilməsi isə seçki qanunvericiliyi ilə tənzimlənir.

Seçki hüququ hər bir vətəndaşın ayrılmaz, toxunulmaz və pozulmaz hüququdur. Bu hüquqdan istifadə isə hər bir vətəndaşın azad iradəsinin ifadəsidir və onu reallaşdırmaqla hər bir insan öz vətəndaşlıq mövqeyini bildirmiş olur.

Vətəndaşların seçki hüquqlarının pozulması müvafiq hüquqi məsuliyyət doğurur. Mərkəzi Seçki Komissiyası Avropa Şurasının Venesiya Komissiyası ekspertlərinin iştirakı ilə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasına dair iki təlimat hazırlayıb qəbul etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 2008-ci ildə edilmiş əlavəyə əsasən seçki (referendum) keçirilərkən vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupu yaradılır.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu seçmiş və xalqımız demokratiyanın inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atmağa başlamışdır. 1993-cü il oktyabrın 3-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri respublikamızda demokratik seçki ənənəsinin təməlini qoymuşdur.

Sonrakı illər ərzində Azərbaycanda demokratik seçki mühitinin formalaşdırılması və seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

1997-ci ildən respublikamızda beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin hazırlanması işlərinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, 2001-ci ildə Avropa Şurasının üzvü olduqdan sonra isə Avropa Şurasının Venesiya Komissiyası ilə səmərəli əməkdaşlığı intensiv hal almışdır. Nəticədə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmiş və bu, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

2003-cü ilin Prezident, 2004-cü ilin bələdiyyə seçkiləri və 2005-ci ildə Milli Məclisə seçkilər göstərdi ki, artıq Azərbaycanda mükəmməl seçki qanunvericiliyi bazası mövcuddur. Bu onu göstərir ki, respublikamızın seçki sistemi təkmilləşir, inkişaf edir və beynəlxalq standartlara uyğunlaşdırılır.

Bütövlükdə, ayrı-ayrı dövrlərdə keçirilmiş seçkilərin və seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili göstərir ki, 1995-ci ildən sonra keçirilmiş seçkilər uyğunluğuna görə əvvəlki seçkilərdən xeyli fərqlənir. Seçkilər sahəsində böyük tərəqqinin əldə edilməsinə baxmayaraq, etiraf edək ki, bir sıra çatışmazlıqlar da qalmaqdadır. Bu baxımdan, 2005-ci ildə Milli Məclisə keçirilmiş seçkilər belə nöqsanların aradan qaldırılmasına yönəlmiş bir sıra yeni tədbirlərlə yadda qalmışdır.

2005-ci ilin noyabrında parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə biləcək əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının öhdəsinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il mayın 11-də "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncam imzalamışdır. Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanunazidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunması və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələri və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən exit poll prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi, seçici vəsiqələrinin vaxtında çatdırılması, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapmışdır.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti sərəncam imzalamışdır.

Mərkəzi Seçki Komissiyası bu sərəncamlarda üzərinə qoyulmuş bütün vəzifələri yerinə yetirməklə yanaşı, seçki rəsmilərinin müvafiq təlim kurslarından keçməsi üçün yerlərdə treninqlər təşkil etmiş və zonalar üzrə seminar-müşavirələr keçirməklə seçki praktikasının daha da təkmilləşdirilməsinə səy göstərmişdir.

Məhz görülmüş tədbirlərin nəticəsidir ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar bu seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.

Ancaq unutmaq olmaz ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən islahatlar dərinləşir, cəmiyyətin həyatı yeniləşir və beynəlxalq aləmə sıx inteqrasiya olunur. Bu isə vətəndaş hüquq və azadlıqlarını ön plana çəkir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı ildə imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamda ölkə həyatının bir çox sahələrində islahatların aparılması və hüquqi maarifləndirmə işinin genişləndirilməsi xüsusi vurğulanır. Milli Fəaliyyət Planının IV bölməsində - "Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində tədbirlər" bölməsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə konkret vəzifələr qoyulmuşdur. Seçki komissiyalarının üzvləri üçün mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin aparılmasına dair maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası geniş müzakirələr aparmış, bir sıra konkret tədbirlər həyata keçirmiş və həmin sənədin tələblərinə uyğun respublika işçi qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir.

Mərkəzi Seçki Komissiyası sözügedən sərəncamın icrasını davam etdirərək, bu sahə üzrə uzunmüddətli tədbirlər planı hazırlayıb və seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların bütün seçki təşkilatçılarını əhatə etməsini nəzərdə tutmuşdur. 2007-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş kursların davamı olaraq 2007-ci ilin dekabr ayında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də regionlarda müvafiq kurslar keçirildi. Kurslarda mühazirələrin oxunmasına tanınmış hüquqşünaslar və mütəxəssislər, habelə Mərkəzi Seçki Komissiyasının üzvləri dəvət edilmişdilər. Həmin kurslarda Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və seçkilərlə bağlı digər normativ-hüquqi aktların geniş izahına diqqət ayrılmışdır. Odur ki, 2008-ci ilin Prezident seçkilərində, habelə 2009-cu ildə keçirilən referendumda seçki komissiyalarının işinin daha ciddi və daha peşəkar təşkilinin şahidi olduq.

Səsvermənin təşkilində yeni addımların tətbiq olunması - bir sıra seçki məntəqələrində veb-kameraların quraşdırılması seçki komissiyalarının işində aşkarlığın təmin edilməsi baxımından dünya təcrübəsində çox az rast gəlinən tədbirlərdən biridir. Yerli və beynəlxalq müşahidəçilərin rəylərinə əsasən, məhz bu seçkilərdə kiçik nöqsanların olmasına baxmayaraq səsvermə prosesi seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir.

Etiraf edilməlidir ki, 2008-ci ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələri prezidentliyə digər namizədlər tərəfindən də qəbul edilmiş, bu seçkilərin qanunauyğun keçirilməsi qeyd olunmuşdur. Odur ki, prezidentliyə keçmiş namizədlər Prezident seçilmiş İlham Əliyevi təbrik etməklə bunu ölkədə seçki mühitinin daha da yaxşılaşdırılmasının nəticəsi kimi qəbul etmişlər.

Seçki prosesinin təşkilində mühüm istiqamətlərdən biri seçicilərin, seçki təşkilatçılarının və xüsusilə, məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinin seçki qanunvericiliyi sahəsində hüquq mədəniyyətinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdir. 2009-cu ilin sentyabr ayında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar mərhələli şəkildə həyata keçirilmişdir. Aşağı seçki komissiyalarının üzvlərinə seçki hüququ və seçki prosesi üzrə dərin biliklərin verilməsi Mərkəzi Seçki Komissiyasının əsas vəzifələrindən biridir.

Cari ilin sentyabr ayının 7-dən 12-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Bu kurslarda mühazirə oxumaq üçün müvafiq dövlət, habelə ədliyyə, prokurorluq, məhkəmə orqanlarının və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri dəvət olunmuşlar. Mərkəzi Seçki Komissiyasının hüquqşünas üzvləri mühazirələr oxumuş və seminar-məşğələlər aparmışlar. Seminarların keçirilməsinə Mərkəzi Seçki Komissiyası Katibliyinin xüsusi təlim keçmiş treninq qrupunun üzvləri də cəlb olunmuşlar.

Tədris kurslarından əlavə, Azərbaycanda fəaliyyət göstərən İFES və ATƏT-in Bakıdakı nümayəndəliklərinin rəhbərləri ilə görüşlər zamanı seçicilərin seçkilərə inamının artırılması sahəsində dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr bir daha vurğulanmış, komissiyaların işində aşkarlığın təmin edilməsi, yerli və xarici müşahidəçilər, habelə KİV nümayəndələri üçün seçki komissiyalarının iclaslarını izləmək və seçkiqabağı prosesdə, səsvermə günü, habelə səslərin hesablanması zamanı və səsvermənin nəticələrinə dair protokolların onlar tərəfindən əldə edilməsinə Seçki Məcəlləsinə uyğun olaraq şəraitin yaradılmasının məcburiliyi qeyd edilmişdir.

Kurslar başa çatdıqdan sonra Dövlət İdarəçilik Akademiyasının akt zalında Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirakı ilə komissiyanın sədri Məzahir Pənahov və Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov dairə seçki komissiyalarının sədrlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları bitirmələri barədə sertifikatlar təqdim etmişlər.

Mərkəzi Seçki Komissiyası kursların komissiya üzvlərinin seçki sahəsində peşə hazırlığının artırılması və maarifləndirmə işinin güçləndirilməsi istiqamətində çox mühüm addım olduğunu və məntəqə seçki komissiyalarının sədrləri üçün də belə kursların təşkil edilməsini məqsədəuyğun hesab etmişdir.

Cari ilin sentyabr ayının 23-dən 25-dək regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları, habelə rayon icra hakimiyyətlərinin nümayəndələri, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxsləri mühazirələr söyləmişlər. Bu kurslara dairə seçki komissiyalarının sədrləri rəhbərlik etməklə yanaşı, mövzular üzrə seminarlar da keçirmişlər.

Qarşıdan gələn bələdiyyə seçkilərinin hazırlanması prosesində Mərkəzi Seçki Komissiyası Katibliyi treninq qrupunun üzvləri məntəqə seçki komissiyalarının üzvləri üçün səsvermə gününə dair məntəqə seçki komissiyası üzvlərinin vəzifələrinin və seçki prosedurlarının Seçki Məcəlləsinin tələblərinə uyğun aparılması ilə əlaqədar treninqlər keçirəcəkdir.

Mərkəzi Seçki Komissiyasında ixtisasartırma və maarifləndirmə işinin təşkili, seçki təşkilatçılarının praktiki bacarıqlarının artırılması məqsədilə planlaşdırılmış ardıcıl, uzunmüddətli tədbirlər həyata keçirilir. Bu tədbirlərin hazırlanması və həyata keçirilməsi Mərkəzi Seçki Komissiyası sədrinin müavininə həvalə edilmişdir. Bu istiqamətdə aparılan işlər Mərkəzi Seçki Komissiyasının iclaslarında müntəzəm olaraq müzakirə edilir və yekunlaşdırılır.

Ümumiyyətlə, maarifləndirmə işinin təşkilinə və onun həyata keçirilməsinə Mərkəzi Seçki Komissiyasının üzvləri, katibliyin məsul əməkdaşları və dairə seçki komissiyalarının sədrləri cəlb olunurlar. Belə tələb bu kateqoriya seçki təşkilatçılarının özlərinin də biliklərinin artırılmasına zərurət yaradır.

Mərkəzi Seçki Komissiyasının üzvləri üçün fərdi məsuliyyət şəraiti yaradılmışdır.

Azərbaycan Respublikasında 2009-cu il dekabr ayının 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsinə dair çoxsaylı təlimat, qayda və izahlar, seçki sənədləri formaları hazırlanmış və çap olunaraq aşağı seçki komissiyalarına çatdırılmışdır.

İnanırıq ki, keçirilən bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən sərəncamlarının bundan sonra da yüksək səviyyədə icrasına, seçki praktikasının daha da təkmilləşdirilməsinə, seçki rəsmilərinin bilik və hazırlığının artırılmasına, hüquq maarifçiliyinin əhatə dairəsinin daha da genişləndirilməsinə güclü təkan verəcəkdir.

 

 

İradə HACIYEVA,

Mərkəzi Seçki

Komissiyası Katibliyi

Hüquq şöbəsinin müdiri

 

Azərbaycan.- 2009.- 27 oktyabr.- S. 7.