Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21- Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu yaxınlarda Dünya Bankının nümayəndə heyəti ilə görüşünü xatırlayan Prezident İlham Əliyev həmin görüş zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd etdi. Azərbaycan ilə Dünya Bankı arasında məhsuldar əməkdaşlığın gələcəkdə müvəffəqiyyətlə davam edəcəyinə ümidvar olduğunu vurğulayan dövlətimizin başçısı bu baxımdan Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Azərbaycana səfəri çərçivəsində Bakı şəhəri ilə yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirən Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İveala paytaxtımızın çox gözəl şəhər olduğunu, Bakı ilə tanışlığın onda xoş təəssürat oyatdığını vurğuladı. Azərbaycan Prezidentinin Dünya Bankı ilə əməkdaşlığa dair fikirlərinə toxunan qonaq dedi: "Sizin Dünya Bankı ilə əməkdaşlıqdan necə razı qaldığınızı eşitməkdən çox şadam. Dünya Bankının Azərbaycanın tərəfdaşı ola bilməsindən böyük şərəf hissi duyuruq".

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-22  oktyabr.- S. 1.