Azərbaycan və İsveçrə münasibətlərinin inkişafında yeni səhifə açılır

 

Təkcə mövcud olduğu regionda yox, həm də dünyada ən dinamik inkişaf edən ölkələrdən biri kimi dəyərləndirilən Azərbaycanın beynəlxalq əlaqələri də günü-gündən möhkəmlənməkdə, mövqeləri daha da güclənməkdədir. Elə bunun nəticəsidir ki, indi təkcə Cənubi Qafqazla bağlı yox, bir çox hallarda bu regionun sərhədlərini aşan və daha böyük coğrafi zonanı əhatə edən bölgə ilə əlaqədar məsələlərdə Azərbaycanın mövqeyi nəzərə alınır, onun mənafeyi ilə hesablaşılır. Bütün bunlar bir daha Azərbaycanın xarici siyasət sferasında nə dərəcədə düzgün olan, ölkənin milli maraqlarına xidmət edən, mövqelərini gücləndirən siyasi kurs həyata keçirdiyini əyani surətdə təsdiqləyir.

 

Qeyd olunanlar fonunda Azərbaycan indi də dünya dövlətləri ilə münasibətlərinin daha da möhkəmləndirilməsi, intensiv inkişaf mərhələsinə qədəm qoyması istiqamətində fəal siyasət həyata keçirməkdədir. Bu mənada Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına rəsmi səfəri xüsusi diqqət cəlb edir. Sözügedən səfər həm iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı, həm də İsveçrənin paytaxtı Berndə "Azərbaycan Mədəniyyəti Günləri"nin rəsmi açılışı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, bu səfərin daha bir mühüm məqamı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk rəsmi səfər xarakteri daşımasıdır. Məhz bu məqam Azərbaycan və İsveçrə arasında münasibətlərin çox uğurla və sürətlə inkişaf etdiyinin mühüm göstəricisi hesab oluna bilər.

Bununla yanaşı, səfər göstərdi ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifə açılır və münasibətlər olduqca böyük perspektivlər vəd edir. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Münasibətlərimizin gələcəyi çox perspektivlidir. Qeyd etmək istərdim ki, son bir neçə il ərzində əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Prezidentlərin səfərləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İsveçrə və Azərbaycan parlamentlərində dostluq qruplarının yaradılması, İsveçrədə Azərbaycanın Mədəniyyət Günləri ikitərəfli əlaqələrin çox mühüm elementləridir. İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir".

Onu da bildirək ki, İsveçrə Azərbaycanı özünün ən etibarlı tərəfdaşlarından biri kimi qəbul etməkdədir və bu Prezident İlham Əliyevin səfəri zamanı ən yüksək səviyyədə etiraf olunub. Bu məsələyə toxunarkən İsveçrə Prezidenti Hans-Rudolf Merts bildirmişdir ki, Azərbaycan onun ölkəsi üçün həm də mühüm enerji təminatçısıdır: "Bu, ən mühüm mənbələrdən biridir. Demək olar ki, təchiz edilən həcm o qədər çox deyildir. Lakin bu, sabit təchizat mənbəyidir".

Elə səfər çərçivəsində diqqət yetirilən əsas məsələlərdən biri iki ölkə arasında enerji sektorunda əlaqələrin daha da gücləndirilməsi olub. Bu sahədə iki ölkə arasında qurulan əlaqələrin böyük potensialı var və Avropada enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan və İsveçrənin ümumi baxışları mövcuddur. Qeyd edilən məqama toxunarkən Prezident İlham Əliyev bildirmişdir ki, nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tezliklə çatdırmağa hazırdır: "Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər".

İsveçrə Azərbaycanın bu ölkə üçün daha böyük həcmdə enerji təchizatçısına çevrilməsində maraqlı tərəf olduğunu açıq şəkildə bəyan edir. Enerji sahəsində əməkdaşlıq Hans-Rudolf Mertslə yanaşı, Prezident İlham Əliyev İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Morits Leuenbergerlə görüşündə də əsas müzakirə mövzularından birini təşkil edib. Bir daha vurğulanıb ki, bu sahədə gələcək əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlər mövcuddur.

Enerji sektoru ilə bərabər, iki ölkə arasında qeyri-neft sektorunda qurulan əlaqələr də uğurla inkişaf etməkdədir. Hazırda Azərbaycanın qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatıran xarici tərəfdaşlardan biri kimi məhz İsveçrənin "Holsim" şirkəti çıxış edir. Bu şirkət Azərbaycanda ən böyük sement istehsalçısı olan "Qaradağ-Sement" ASC-nin əsas səhmdarıdır. Hazırda bu şirkət ölkəmizdə yeni sement zavodunu tikməkdədir. Bu isə ondan xəbər verir ki, Azərbaycan nəinki enerji sektorunda, o cümlədən qeyri-enerji sahəsində fəaliyyət göstərən şirkətlər üçün cəlbedici ölkə olaraq qalır. Azərbaycan və İsveçrə arasında digər iqtisadi sahələrdə də münasibətlər genişlənməkdə, qarşılıqlı maraqlar əsasında yeni birgə layihələr həyata keçirilməkdə, ticarət dövriyyəsi sürətlə artmaqdadır və bu da ikitərəfli əlaqələrin daha yüksək inkişaf mərhələsinə keçməsindən xəbər verir.

Prezident İlham Əliyevin İsveçrəyə ilk rəsmi səfəri çərçivəsində, ən əlamətdar hadisələrdən biri də oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə "Azərbaycan Mədəniyyəti Günləri"nin rəsmi açılışı olmasıdır. Qeyd edək ki, altı həftə ərzində İsveçrədə Azərbaycanın 200-dən çox incəsənət ustası 80 tədbirdə iştirak edəcək və musiqinin klassik, ənənəvi və caz janrlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin Dövlət Pantamim və Kukla teatrlarının çıxışları, Azərbaycan filmlərinin nümayişi, sərgilərin təşkili də "Mədəniyyət Günləri"nin proqramına daxildir. Əlbəttə, bu tədbirlərin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, iki ölkənin mədəniyyətləri arasında yeni körpü yaranır və ümumiyyətlə, ölkəmizin mədəniyyətinin təbliği baxımından olduqca vacib sayılır. Çünki bu tədbir İsveçrədə yaşayanlara Azərbaycanı və onun mədəniyyətini, ənənələrini daha yaxşı tanımaq, eləcə də iki ölkənin bir-birinə daha yaxın olması baxımından yeni imkanlar yaradır. İsveçrə Prezidenti Hans-Rudolf Merts isə Berndə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricilərindən biri kimi dəyərləndirib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və İsveçrə arasında əlaqələr təkcə iqtisadi və siyasi sahələri əhatə etmir, digər müxtəlif sahələr üzrə də inkişaf edir və çoxşaxəli xarakter daşıyır. Qarşıdakı dövr ərzində də dövlətlərarası münasibətlərin uğurla inkişaf edəcəyi heç bir şübhə doğurmur. Çünki bunun üçün hər bir şərait, siyasi iradə, xalqların və ölkələrin rifahı naminə daha sıx əlaqələri qurmaq arzusu var.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 1.