Bakıda Azərbaycanın uzunmüddətli iqtisadi
inkişafı üzrə forum keçirilmişdir
Oktyabrın 21-də Bakıda,
"Gülüstan" sarayında Azərbaycanın
uzunmüddətli iqtisadi inkişafı üzrə forum
keçirilmişdir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə və Dünya Bankının
icraçı direktoru xanım Nqozi Okonco-İvealanın sədrlik
etdikləri tədbirdə hökumətin, Prezident
Administrasiyasının və Milli Məclisin yüksək səviyyəli
nümayəndələri, həmçinin Avropa ölkələrinin
və ABŞ-ın tanınmış iqtisadçıları
iştirak etmişlər.
Forumu giriş sözü ilə
açan Baş nazirin müavini Abid Şərifov ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə
başlanmış və hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi
islahatlar, müxtəlif sahələrdə həyata
keçirilən irimiqyaslı layihələr,
sahibkarlığın inkişafı istiqamətində
görülən tədbirlər barədə ətraflı məlumat
vermişdir.
Bildirilmişdir ki, son beş ildə
ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye
istehsalı 2,8 dəfə artmışdır. Dünyadakı
qlobal maliyyə böhranına və bir sıra xarici ölkələrdə
iqtisadi artım tempinin enməsinə baxmayaraq, Azərbaycanda
bu ilin doqquz ayında ÜDM 6,1 faiz, sənayedə məhsul
istehsalı 5 faiz, kənd təsərrüfatında isə 3
faiz artmışdır. Əhalinin gəlirləri təxminən
10 faiz çoxalmış, orta aylıq əmək haqqı 15
faiz artmış, inflyasiya isə cəmi 2,1 faiz olmuşdur.
Aparılan düzgün siyasət nəticəsində
manatın məzənnəsi sabit saxlanılmış, bu
siyasət nəticəsində əhalinin banklarda qoyduğu əmanətin
məbləği 11 faiz artmışdır.
A.Şərifov diqqətə
çatdırmışdır ki, Dünya Bankının
ötən il dərc etdiyi hesabata görə, Azərbaycan 181
ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş,
biznes mühitinin yaxşılaşdırılması üzrə
dünyada lider ölkə adını qazanmışdı.
Belə mühüm nailiyyətlər isə respublikanın
iqtisadi və sosial həyatında son illərdə
islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi,
beynəlxalq aləmdə əldə edilən uğurlar və
s. nəticəsində mümkün olmuşdur.
Tədbirin
iştirakçıları son illərdə Azərbaycanın
orta gəlirli ölkəyə çevrilməsini və
yoxsulluğun azaldılması istiqamətində əldə
etdiyi əhəmiyyətli tərəqqini
vurğulamışlar. Onlar həmçinin Azərbaycanın
infrastrukturun təkmilləşdirilməsi sahəsində əldə
etdiyi uğurları qeyd etmiş və bildirmişlər ki, bu
uğurlar ölkənin gələcək inkişafında
böyük əhəmiyyətə malik olacaqdır.
Azərbaycanın qlobal miqyasda rəqabətə
davamlı iqtisadiyyata malik olan yuxarı orta gəlirli ölkəyə
çevrilməsi üçün görülən tədbirlər
barədə fikir mübadiləsi aparılmışdır.
İqtisadiyyatın şaxələndirilməsi,
iqtisadi artım və iş yerlərinin yaradılmasında
qeyri-neft özəl sektorun rolunun artırılması məsələləri,
Azərbaycanın insan kapitalının şaxələndirmə
strategiyasında mühüm rolu nəzərə alınaraq
onun genişləndirilməsi, yerli və xarici investisiya təşəbbüslərinin
təşviqində və tarazlaşdırılmış
regional sosial-iqtisadi inkişafın təmin olunmasında
hökumətin rolunun gücləndirilməsi, qeyri-neft
büdcə kəsirinin tədricən azaldılması və
dayanıqlı səviyyəyə
çatdırılmasına şərait yaratmaq
üçün fiskal siyasətin davamlılığı və
səmərəliliyə diqqət yetirilməsi məsələləri
də müzakirə edilmişdir.
Xanım Nqozi Okonco-İveala
bildirmişdir ki, forum Azərbaycanın sosial-iqtisadi
inkişafını davam etdirmək üçün zəruri
olan iqtisadi siyasət və institusional islahatların prioritetlərini
açıq şəkildə müzakirə etmək
üçün əla imkan yaratmışdır. Əsas
prioritetlər isə infrastrukturun
yaxşılaşdırılmasının davam etdirilməsi
və regional inkişaf, insan kapitalına sərmayələr
və qeyri-neft sektoruna xarici birbaşa investisiyaların cəlb
olunmasıdır. Bu addımlar iqtisadiyyatın şaxələndirilməsinə
və qlobal iqtisadiyyatda Azərbaycanın mövqeyini qorumaq
üçün zəruri olan bünövrəni
formalaşdırmağa gətirib çıxaracaqdır.
Forum həmçinin Dünya Bankının Azərbaycanla
2011-2014-cü illər üzrə Tərəfdaşlıq
Strategiyasının elementlərini müəyyənləşdirməyə
də kömək etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 22
oktyabr.- S. 2.