Bakıda Beynəlxalq Caz festivalı açılmışdır

 

Oktyabrın 21-də "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz festivalının təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülmüşdür. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış etmişlər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir.

Bildirilmişdir ki, həftə çərçivəsində paytaxtımızın sakinləri və qonaqları Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistanın və digər ölkələrin tanınmış caz qruplarının geniş konsert proqramlarını dinləyəcəklər. Bakı Caz Mərkəzində, Aktyor evində, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək bir-birindən maraqlı konsertlərdə, məşhur "Savab", "Richard BONA", "Branford MARSALIS", "Jazzinho", "Hard Jazz Knights" və digər caz qruplarının ifaları musiqisevərlər üçün əsl hədiyyə olacaqdır.

Nazir vurğulamışdır ki, cazsevərlərə Şərq və Qərb ənənələrini təcəssüm etdirən musiqi nömrələri təqdim olunacaqdır.

Gecədə Ü.Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən parçalar səsləndirilmişdir. Orkestri əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimov idarə etmişdir.

Bakı Beynəlxalq Caz festivalına oktyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ABŞ-ın "Branford MARSALIS" qrupunun ifası ilə yekun vurulacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 2.