Dövlətimizin iqtisadi inkişafı təqdir olunur

 

Özəl sektorun inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirmişdir. Milli iqtisadiyyata sərmayə qoyuluşunun təşviqi də son illər həyata keçirilən iqtisadi siyasətin prioritet xəttinə çevrilmişdir.

Yeridilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında ön sıralarda olduğunu son illərdə müxtəlif beynəlxalq təşkilatların hazırladıqları hesabatlar da təsdiqləyir. Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.

Davos Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ı respublikamızda əlverişli biznes və investisiya mühitinin mövcudluğunu bir daha təsdiqləyir. Hesabata əsasən, respublikamız rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Məlumdur ki, dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Davos Forumunun hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. 30 ildən artıq müddətdə dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin iqtisadiyyatının davamlı inkişafını, uzunmüddətli çiçəklənməsini şərtləndirən amilləri araşdırır. 2004-cü ildə dövlətlərin rəqabətə davamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılmış və Qlobal Rəqabət İndeksi kimi Ümumdünya İqtisadi Forumuna təqdim edilmişdir.

Dövlətlərin rəqabətə davamlılığı - Qlobal Rəqabət İndeksi 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim (insan kapitalı), texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və mükəmməl işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir. Davos Forumunun yaydığı sənəddə qeyd edilir ki, Azərbaycanın 34-cü pillədən 13-cü pilləyə irəliləməsi ilk növbədə makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisititi və dövlət borclarının azaldılması ilə bağlıdır.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri "Doing Business-2010" reytinqində isə Azərbaycan investisiya cəlbediciliyinə görə 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabat müəllifləri hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir. Hesabatda Azərbaycan biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olmuşdur. Müqayisə üçün bildirək ki, həmin reytinqdə Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yerləri tutmuşdur.

Şübhəsiz, hər iki hesabatda Azərbaycanda əlverişli biznes və investisiya mühitinin mövcudluğu faktının xüsusi vurğulanması bir sıra real əsaslara söykənir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən yerli və xarici sahibkarların hamisinə çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlıq fəaliyyətinin genişlənməsinə diqqət artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Prezidenti hələ 1 fevral 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar vermiş, sonrakı mərhələdə bu məqsədlə imzaladığı bütün fərman və sərəncamların icrasını daim diqqət mərkəzində saxlamışdır. Həmin görüşdən az sonra, 11 fevral 2004-cü ildə imzalanaraq qüvvəyə minmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmlənməsini, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır.

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı" da sahibkarlığın inkişafına xüsusi diqqət ayırır. Proqramda xüsusi qeyd olunur ki, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması, kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi, sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi, ticarət yarmarkalarının yaradılması, yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması və s. mühüm vəzifələr qarşıya qoyulmuşdur.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirilməsi faktının önə çəkilməsi təsadüfi deyildir. Azərbaycan Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmışdır, 2009-cu il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanılmışdır.

"Vahid pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artmış, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində "İslahatçı ölkə" elan edilmişdir.

Xatırlatmaq yerinə düşər ki, ixracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa İttifaqının "CSP+" proqramlarına da daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına Avropanın 27 ölkəsinə, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzvolma ilə bağlı işlər davam etdirilmiş, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılmış, 2 ölkə ilə ikitərəfli protokol imzalanmışdır.

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması isə ölkəyə investisiya axınının təşviqi sahəsində həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət, eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə onlarda inam və etimadın güclənməsinə nail olmalıdır. Eyni zamanda, şirkət Azərbaycanın sənaye potensialının güclənməsi yönumündə müəyyən addımlar atır.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.

2009-cu ilin 6 ayında isə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr üstünlük təşkil etmişdir. Bunun 82,4 faizini daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir.

2010-cu ildən Azərbaycanda bir sıra sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır. Gələn ilin yanvarından fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması nəzərdə tutulur. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

Respublika Prezidenti İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Azad sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımlar həm də demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 3.