Azərbaycan mavi yanacağını dünya qiymətinə satacaq

 

Hazırda davam edən qlobal böhrana baxmayaraq, dünya iqtisadiyyatının enerji daşıyıcılarına tələbatının ödənilməsi əsas məsələlərdən biri kimi gündəlikdən düşmür. Belə bir məqam nəzərdən qaçırılmır ki, iqtisadi böhran aradan qalxdıqdan və dünya iqtisadiyyatı dirçəlməyə başladıqdan sonra enerji təchizatı yenidən aktuallaşacaq. Yaranmış şəraitdə enerji daşıyıcılarının ixracatçısı kimi Azərbaycana beynəlxalq marağın artması təbiidir. Dövlətimizin yeritdiyi energetika siyasəti ötən müddət ərzində uğurla həyata keçirilmiş, irimiqyaslı lahiyələrin gerçəkləşdirilməsi ilə həm ölkənin dünyaya inteqrasiyası sürətlənmiş, həm də milli iqtisadiyyatın yüksək templə inkişafı üçün əlverişli zəmin formalaşmışdır.

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən ötən dövr ərzində təkcə ölkəmizdə yox, həm də bütün Cənubi Qafqaz regionunda baş vermiş köklü iqtisadi dəyişikliklər ilk növbədə Azərbaycanın milli neft strategiyasının reallaşdırılmasının birbaşa nəticəsidir. Hər cür subyektiv və obyektiv çətinliyə, bu və ya digər dövlətin yaratdığı süni maneələrə, bədnam qüvvələrin fitnə-fəsadlarına baxmayaraq, bu strategiya uğurla davam edir və qarşıya qoyulmuş məqsədlər həqiqətə çevrilir. Bu gün Azərbaycan neftini dünya bazarına nəql edən üç boru kəməri fəaliyyətdədir. Milli iqtisadiyyatın lokomotivi rolunu oynayan neft sənayesi cəmiyyət həyatının bütün sahələrinin inkişafına təkan vermiş, nəticə etibarilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsi kimi beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.

Eyni zamanda, ölkəmiz zəngin təbii qaz ehtiyatlarına malikdir. Cəmi bir neçə il əvvəl milli iqtisadiyyatın qaza tələbatını tam ödəmək üçün qonşu ölkələrdən mavi yanacaq idxal etmək lazım gəlirdi. İndi isə Azərbaycan qaz idxalatçısından ixracatçısına çevrilmişdir. Artıq dörd ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya ölkəmizdən qaz alır. Azərbaycan qazının potensial alıcıları isə çoxdur. Söhbət ilk növbədə Avropa ölkələrindən gedir.

Məlumdur ki, dünyada ənənəvi təbii qaz mənbələri getdikcə tükənir. Həm Avropa dövlətləri, həm də digər ölkələr qaz ehtiyaclarını təmin etmək üçün bütün variantları götür-qoy edir, alternativ təchizat mənbələri axtarırlar. Belə bir şəraitdə Azərbaycanda aşkarlanmış təbii qaz yataqları böyük maraq kəsb edir. Ölkənin ümumi qaz ehtiyatı 5 trilyon kubmetrdən çoxdur. Təkcə Xəzərdəki "Şahdəniz" yatağının ehtiyatı 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu yatağı istismar etmək üçün yaradılmış konsorsium layihəyə 20 milyard dollar vəsait qoymağı planlaşdırır. Dünya iqtisadiyyatının indiki böhranlı vəziyyətində bu qədər investisiyanın yatırılması, bir tərəfdən, Azərbaycan qazının nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir, digər tərəfdən, ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzuna dəlalət edir, eləcə də milli iqtisadiyyatımızın gələcək inkişafı baxımından böyük perspektivlər vəd edir.

Lakin neft ixracından fərqli olaraq, Azərbaycan qazının dünya bazarlarına nəqli sahəsində böyük çətinliklər mövcuddur. Qeyd edildiyi kimi, xarici investorlar qaz yataqlarımızın istismarı üçün böyük məbləğdə vəsait qoymağa hazırdırlar, üstəlik, potensial alıcılar çoxdur. Azərbaycan təbii qazını Avropa ölkələrinə satmaq istəyir və bu ölkələr də mavi yanacağımızı dünya qiymətinə almağa hazırdır. Hələ üç il əvvəl Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalanmışdır. O vaxtdan bəri iki tərəf arasında enerji məsələləri müxtəlif səviyyələrdə dəfələrlə müzakirə olunmuş, qarşılıqlı faydalı əməkdaşlıq barədə fikir birliyinə nail olunmuşdur. Amma Avropa bazarına qaz nəqlini həyata keçirmək üçün hələ də süni əngəllər yaradılır və bu əngəlləri dəf etmək mümkün olmur. Çox təəssüflər olsun ki, həmin maneələri yaradan başqa bir ölkə yox, Türkiyədir. Qardaş ölkə həm qazımızı dünya qiymətindən xeyli ucuz qiymətə almaq istəyir, həm də tranzit haqqını əsassız yerə qaldırmaq niyyətindədir.

Respublika Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında yaranmış şəraiti qiymətləndirmiş və vəziyyətə aydınlıq gətirərək dövlətimizin ədalətli, prinsipial mövqeyini bir daha ortaya qoymuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, kommersiya məsələlərində hər bir ölkə öz maraqlarından çıxış edir: "Amma öz maraqlarımızı güdməklə bizim tərəfimizdən təklif olunan məsələ dünya praktikasına əsaslanır: həm qiymət, həm də tarif faktları baxımından". Prezident məsələni dəqiq qoyur: "Heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdəbir hissəsinə, 30 faizinə satır. Hansı ölkə öz təbii resurslarını xüsusilə indiki şəraitdə dünya qiymətinin 30 faizinə satır və buna razı ola bilər?.. Biz istəyirik ki, qazımız dünya qiymətinə olmasa da, heç olmasa, ona yaxın qiymətə alınsın. Rusiya qazının qiymətinə bərabər olmasa da, heç olmasa, ondan bir 8 faiz, 10 faiz aşağı olsun, daha 50 faiz yox. Hansı ölkə buna razılaşar?"

Dövlət başçısının bəyanatından göründüyü kimi, Azərbaycan qeyri-adi heç nə tələb etmir: "Biz öz resurslarımızı ixrac edəndə təbii olaraq istəyirik ki, buna normal qiymət verilsin. Özü də söhbət şişirdilmiş qiymətdən getmir, dünya qiymətindən gedir".

Hər hansı məhsulun alqı-satqısından söhbət gedəndə heç bir mübahisə yaranmır, çünki qiyməti bazar diktə edir. Təbii qazın qiyməti və tranzit haqqı da onun kimi. Bu mənada qardaş Türkiyənin reallıqdan çox uzaq alış qiyməti və tranzit haqqı tələb etməsi başadüşülən deyil. Qardaşa güzəşt edərlər, amma bu qədər də yox. Bəlkə də, ümid edirlər ki, Azərbaycan əlacsız qalıb Molla Nəsrəddinsayağı ticarətə razı olacaq. Amma əbəs yerə. Prezident İlham Əliyevin qəti şəkildə bəyan etdiyi kimi, "Azərbaycan təklif olunan qiymətlə heç kimə öz qazını satmayacaq".

Təbii ki, belə bir şəraitdə Azərbaycan mavi yanacağı satmaq üçün alternativ bazarlar axtarır. Söhbət ilk növbədə qonşu ölkələrdən gedir. Artıq Azərbaycan qazının alqı-satqısı haqqında Rusiya ilə müqavilə bağlanmışdır. Gələn il yanvarın 1-dən etibarən şimal qonşumuz ölkəmizdən təbii qaz idxalına başlayacaq. Əvvəlcə ildə 0,5 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Gələcəkdə ixrac olunan mavi yanacağın həcminin artacağı gözlənilir. Bu sövdələşmə hər iki tərəf üçün sərfəlidir. Əvvəla, iki ölkə qonşu olduğundan tranzit məsələsi ortadan qalxır. İnfrastruktur da mövcuddur və bəzi texniki məsələləri həll etdikdən sonra nəqlə başlamaq olar. Digər tərəfdən, Rusiyanın təklif etdiyi qiymət Azərbaycanı qane edir. Odur ki, bu sahədə ikitərəfli əməkdaşlığın perspektivləri nikbinlik doğurur. Yeri gəlmişkən, qaz alqı-satqısı haqqında sözügedən müqavilənin siyasi xarakter daşıdığını iddia edənlər də var. Amma bəri başdan qeyd etmək lazımdır ki, bu cür iddiaların heç bir əsası yoxdur. Azərbaycanın Rusiyaya ixrac edəcəyi qazın həcmi çox azdır, qonşu ölkənin həmsərhəd bölgəsinin - Şimali Qafqazın ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur. Yəni, qaz nəqli sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirməyə qadir olan hansısa sövdələşmədən danışmaq yersizdir. Digər tərəfdən isə, yaranmış vəziyyətdə Rusiyanın təklifini qəbul etməmək Azərbaycanın maraqlarına zidd olardı, çünki qeyd olunduğu kimi, mavi yanacağın Avropaya nəqlini reallaşdırmaq üçün süni maneələr hələ də mövcuddur və onları aradan qaldırmaq üçün uzun müddətdir aparılan danışıqlar nəticə vermir. Ona görə də Azərbaycan qazını satmaq üçün münasib qiymət təklif edən alıcı axtarır. Belə bir alıcı peyda olursa, ondan imtina etmək məntiqli görünərmi?

O da məlumdur ki, Rusiya Avropanın əsas qaz təchizatçısıdır və inhisarçı mövqeyini qoruyub saxlamaq istəyir. Avropa isə Rusiyanın qaz asılılığından qurtulmaq istəyir, qaz təchizatı marşrutlarını şaxələndirmək əzmindədir. Azərbaycan bu tipli işlərə qarışmır və belə bir niyyəti də yoxdur. Avropanın qaz təchizatının davamlılığını təmin etmək Azərbaycanın yox, qitə olkələrinin öz problemidir. Ölkəmiz nə az, nə çox, istənilən alıcıya öz qazını münasib qiymətə satmaq istəyir, vəssalam.

Özü də Azərbaycan qazına maraq göstərən təkcə Rusiya deyil. Cənub qonşumuz İran da ölkəmizdən mavi yanacaq idxal etmək təklifi ilə müraciət etmişdir. Bu təklif də diqqətəlayiqdir. Hər şeydən əvvəl ona görə ki, həm tranzit problemi yoxdur, həm də infrastruktur mövcuddur. Təbii ki, gələcək danışıqlar zamanı kommersiya şərtləri hər iki tərəfi qane etsə, müvafiq saziş imzalanacaq.

Bununla belə, Azərbaycan qazının Avropa bazarına ixracı məsələsi gündəlikdən çıxarılmayıb. Alternativ variant kimi, mavi yanacağın Gürcüstan limanlarından Şərqi Avropaya nəqli variantı nəzərdən keçirilir. Əlbəttə, bu, kifayət qədər mürəkkəb marşrutdur və onu reallaşdırmaq üçün ciddi araşdırmalar aparmaq lazım gələcək. Artıq bu layihə Azərbaycan və Rumıniya rəhbərləri arasında geniş müzakirə edilmişdir. Bolqarıstan da layihəyə maraq göstərir. Başqa sözlə, rəsmi Bakı çıxış yolları axtarmaqda davam edir və şübhə etməmək olar ki, belə yollar tapılacaq.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 3.