Hüquqi dövlət quruculuğuna sanballı töhfə
Xalqlarının nicatını
yüksək biliklərdə görən böyük siyasi
liderlər nüfuzlu elm və təhsil məbədlərinə
qayğı göstərmiş, onları ölkənin milli sərvəti
kimi uca tutmuşlar. 1919-cu ildə müsəlman Şərqində
ilk Avropa tipli, dünyəvi ali təhsil ocağı kimi fəaliyyətə
başlayaraq 90 illik yubileyinə şərəflə yetişən,
ilk gündən qarşıya qoyduğu xalqın maarifləndirilməsi,
dövlət idarəetmə sistemi üçün yüksək
ixtisaslı kadrların hazırlanması tək nəcib məqsədə
nail olan Bakı Dövlət Universiteti də hazırkı
inkişaf səviyyəsinə, bir çox uğurlarına
görə özünü məhz ümummilli lider Heydər Əliyevə
borclu sayır.
90 ilə yaxın müddətdə
Bakı Dövlət Universiteti Azərbaycanda yüksək
ixtisaslı milli kadrların hazırlanmasında əvəzsiz
xidmətlər göstərmiş, bir çox ali təhsil
ocaqlarının, o cümlədən Azərbaycan Milli Elmlər
Akademiyasının yaranmasında böyük rol
oynamışdır. Xalqımızın ziyalı təbəqəsinin
və elmi-intellektual potensialının formalaşmasında,
dövlətçiliyin inkişafında müstəsna əhəmiyyət
kəsb etmiş, elmin, mədəniyyətin və ictimai-siyasi
fikrin yüksəlişində sözünü demiş
dövlət xadimlərinin bütöv bir nəsli Bakı
Dövlət Universitetinin auditoriyalarından
çıxmışdır.
Ümummilli liderin müstəqillik
illərində Bakı Dövlət Universiteti ilə
bağlı tarixi qərarlarından biri də 2000-ci ildə
bu nüfuzlu ali təhsil ocağına özünüidarəetmə
- muxtariyyət statusunun verilməsi olmuşdur. Müəyyən
prinsiplər əsasında universitetə belə bir statusun
verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını
qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini,
dünya təhsil sisteminə sürətli
inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin
genişlənməsini təmin etmişdir.
2003-cü ilin 15 oktyabr seçkilərində
layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilmiş
İlham Əliyevin ötən 6 ildəki fəaliyyəti onun
ulu öndərin əsasını qoyduğu mütərəqqi
elm və təhsil ənənələrini də uğurla
davam etdirdiyini və yeni dövrün tələblərinə
uyğun zənginləşdirdiyini təsdiqləyir. Ötən
müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın
sürətləndirilməsinə, cəmiyyət həyatının
bütün sahələrində mütərəqqi
islahatların aparılmasına etibarlı təminat yaradan cənab
İlham Əliyev elm və təhsilin problemlərini də
diqqət mərkəzində saxlamış, ulu öndərin
bu sahədə müəyyənləşdirdiyi prioritetlərin
varisliyini təmin etmişdir.
Dövlət
başçısı praqmatik və realist təfəkkürlü
siyasi lider olaraq hər bir ali təhsil ocağının, o
cümlədən BDU-nun qarşısında bir sıra yeni tələblər
müəyyənləşdirmişdir. Dövlət idarəçiliyi
üçün vətənpərvər, yüksək biliklərə
malik, kreativ gənc kadrların hazırlanması, güclü
insan kapitalının formalaşdırılması, Bolonya
prinsiplərinin tətbiqi yolu ilə Avratlantik məkana
inteqresiya, təhsilin humanistləşdirilməsi kimi vəzifələr
bu baxımdan xüsusi vurğulana bilər. Klassik universitet
kimi müasir elm və təhsil normalarını, innovativ
yenilikləri fəaliyyətində yüksək səviyyədə
tətbiq edən, informativ biliklərə geniş yer verən
BDU-da insan və şəxsiyyət amili daim ön
plandadır. Universitetin rəhbərliyi, o cümlədən
professor-müəllim heyəti gələcəyin ixtisaslı
kadrları olacaq tələbələrin layiqli şəxsiyyət
kimi yetişməsinə, hüquq və
azadlıqlarını düzgün dərk etmələrinə
çalışır. Ali məktəbin məzunlarının
ölkədə həyata keçirilən hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesində
yaxından iştirak etmələrinin, gələcək fəaliyyətlərində
hər zaman qanunu, hüququ əsas tutmalarının vacibliyi
fikri geniş təbliğ edilir. Təqdirəlayiq haldır
ki, bu gün universitetdə hüquq elminin tədrisi yalnız
hüquq fakültəsilə məhdudlaşmır, digər
ixtisas üzrə təhsil alan tələbələrin də
bu sahədə maariflənməsinə ciddi diqqət yetirilir.
Bütövlükdə, Azərbaycan
Respublikasının insan hüquq və
azadlıqlarının təminatı sahəsindəki
mühüm fəaliyyəti özünü 3 istiqamətdə
göstərir: beynəlxalq sazişlərə qoşulmaq və
beynəlxalq təşkilatların fəaliyyətində aktiv
iştirak, dövlətdaxili normativ hüquqi aktlar qəbul etmək,
qəbul edilmiş normativ hüquqi aktların beynəlxalq
hüquq normalarının tələblərinə uyğun təkmilləşdirmək.
Təkcə bu günə qədər Azərbaycan
Respublikası insan hüquqları sahəsində 150-dən
çox beynəlxalq müqavilələrin
iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların
(BMT, Avropa Şurası, YUNESKO, Beynəlxalq Əmək Təşkilatı,
MDB, GUAM və s.) üzvüdür.
Xatırlatmaq yerinə düşər
ki, insan hüquqlarının təminatı və qorunması
müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu
öndər Heydər Əliyevin fəaliyyətinin əsası
olmuşdur. 1993-cü ildə ulu öndərin hakimiyyətə
qayıdışından sonra Azərbaycanda insan
hüquqlarının təminatlı sisteminin bünövrəsi
qoyulmuş, milli qanunvericilik sisteminin əsası olan
Konstitusiyanın qəbulu bu prosesdə ciddi dönüş
olmuşdur. Konstitusiya layihəsi üzrə komissiyaya rəhbərlik
edən ulu öndər Əsas Qanunda əksini tapmış
bütün maddələrin insan hüquq və
azadlıqlarına maksimum cavab verməsi məqsədini önə
çəkmişdir.
Sosial hüquqların təminatı
üzrə mühüm beynəlxalq müqavilələrin, o
cümlədən Avropa Sosial Xartiyası kimi nüfuzlu beynəlxalq
müqavilənin iştirakçısı olaraq bu normanın
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilməsi dövlətimizin insan hüquqlarına sadiqliyini
bir daha sübut edir. Azərbaycan iqtidarının həyata
keçirdiyi sosial siyasət proqramları son illər təhsil
işçilərinin də problemlərinə ciddi kömək
etmiş, mühüm çətinlikləri arxada
qoymuşdur. Dövlətin bu siyasəti BDU-nun öz əməkdaşlarına
münasibətində də real təcəssümünü
tapır. Universitetin maliyyə vəsaitləri hesabına əməkdaşlar
üçün hər ay və daim artan əlavə
yardımların verilməsi Azərbaycan Respublikasının
sosial təminat siyasətinin insan hüquqlarına yüksək
hörmət amili üzərində qurulduğuna əyani
sübudur.
Xatırlatmaq lazımdır ki, Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində
mühüm addımlardan biri də ulu öndərin 22 fevral
1998-ci il tarixli "İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmanı,
habelə 18 iyun 1998-ci il tarixli "İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramının təsdiq edilməsi haqqında" sərəncamı
olmuşdur. Bu siyasəti keyfiyyətcə yeni mərhələdə
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən 28 dekabr 2006-cı ildə "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" sərəncam imzalanmışdır.
İnsan hüquqlarının təminatında
təhsil hüququnun reallaşdırılması və
günün tələbləri səviyyəsində
qurulması da son illərdə qəbul olunmuş bir sıra
dövlət proqramlarının tərkib hissələrindəndir.
2008-ci ildə universitetin yeni tədris korpusunun müasir səviyyədə
inşa edilərək istifadəyə verilməsi BDU-ya
yüksək diqqət və qayğının bariz təcəssümü
olmaqla, ölkədə elm və təhsilin inkişafı
naminə həyata keçirilən məqsədyönlü tədbirlər
sisteminin məntiqi davamı kimi qiymətləndirilə bilər.
BDU-nun digər korpuslarının da əsaslı təmir edilməsi
ölkə vətəndaşlarının təhsil
hüququnun daha səmərəli həyata keçirilməsinə
mühüm töhfədir.
Əhalinin hüquqi yardım
alması, eyni zamanda, gələcəyin
hüquqşünaslarının peşə vərdişlərinə
yiyələnməsi məqsədilə ali təhsil müəssisələrinin
hüquq fakültələri nəzdində hüquq
klinikalarının yaradılması da Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planında öz əksini
tapmışdır. Konseptual əhəmiyyətli bu sənəddən
irəli gələn vəzifənin gerçəkləşdirilməsi
üçün BDU-da "Hüquq Klinikası"
yaradılmışdır. "Hüquq
Klinikası"nın fəaliyyəti çox səmərəli
istiqamətləri əhatə edir, əhalinin hüquqi maarifləndirilməsində,
onlara hüquqi yardımın göstərilməsində
xüsusi yer tutur. "Hüquq Klinikası"nın işinə
bu sahədə tanınmış mütəxəssislərin,
xarici və yerli alimlərin, həmçinin praktik
işçilərin cəlb edilməsi onun səmərəliliyini
daha da artırır.
BMT Baş Məclisinin
"İnsan hüquqları sahəsində maarifləndirmə",
"İnsan hüquqları sahəsində təhsil",
YUNESKO-nun "Davamlı inkişaf naminə təhsil"
proqramlarına, habelə Milli Fəaliyyət Planına
uyğun olaraq insan hüquqları üzrə tədris vəsaitlərinin
- ədəbiyyatların hazırlanması və nəşri
də BDU-da yüksək səviyyədə yerinə yetirilir.
Xüsusi vurğulamaq lazımdır ki, təkcə 2006-2009-cu
illərdə insan hüquqları sahəsində 10-dan
çox dərslik universitetin maliyyə vəsaiti hesabına nəşr
edilmiş və tələbələrin istifadəsinə
verilmişdir.
Milli Fəaliyyət
Planının tərkib hissəsi kimi orta və ali məktəblərdə
insan hüquqlarının tədrisinə diqqətin
artırılması, bu məqsədlə tədris
proqramlarının təkmilləşdirilməsi də BDU-nun
əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla
bağlı, bütün fakültələrdə
keçirilən "Hüququn əsasları" fənnində
insan hüquqları probleminə xüsusilə geniş saatlar
ayrılır. Beynəlxalq münasibətlər və beynəlxalq
hüquq, o cümlədən hüquq fakültələrində
insan hüquqları ilə əlaqədar tədris proqramında
10-a yaxın müstəqil fənlər (insan
hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi,
Avropa hüququ, beynəlxalq humanitar hüquq, əhali və
miqrasiya problemləri, Avropa İnsan hüquqları və s.) tədris
proqramına daxil edilməklə, yüksək səviyyəli
mütəxəssislər tərəfindən tədris edilir.
İnsan hüquqları sahəsində
dövlət proqramlarında nəzərdə tutulan ali təhsil
və elm ocaqlarında insan hüquqları və
azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin
aparılması da BDU-nun fəaliyyətində mühüm
yer tutur. 1999-2009-cu illərdə Bakı Dövlət
Universitetində 5 doktorluq və 40-a yaxın namizədlik
dissertasiyası bilavasitə insan hüquqları probleminin
ayrı-ayrı aspektlərinə həsr edilmişdir. Eyni
zamanda, insan hüquqları istiqamətində elmi-tədqiqat
işləri hər il bu sahədə ixtisaslaşmış
kafedraların (Beynəlxalq ümumi hüquq, Beynəlxalq
xüsusi hüquq və Avropa hüququ, Konstitusiya hüququ və
s.) əsas elmi fəaliyyətinin mühüm istiqamətləridir.
Bu zaman əsas elmi istiqamətlər kimi qadın və
uşaqların hüquqlarının müdafiəsi, insan
hüquqlarının müxtəlif kateqoriyaları üzrə
(mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) tədqiqatlar,
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq,
Avropa Məhkəməsi praktikasının geniş tətbiqi
istiqamətində araşdırmalar, miqrasiya problemləri,
Avropa presedent hüququnun öyrənilməsi və s.
xüsusi yer tutur. Əldə edilən nəticə və təkliflər
mühüm dövlət orqanlarına yönəldilir ki, bu
da universitetin insan hüquqlarının təmini işinə
mühüm töhfələrindəndir. 2009-cu ildən
Bakı Dövlət Universitetində tətbiq edilən universitetdaxili
"50+50" qrant layihələrinin mühüm bir qismi insan
hüquqları sahəsində tədqiqatları nəzərdə
tutur.
Milli Fəaliyyət Planına
uyğun olaraq insan hüquqları sahəsində
ixtisaslaşmış milli və beynəlxalq elmi-tədqiqat və
tədris müəssisələri ilə əməkdaşlığın
formalaşdırılması və təkmilləşdirilməsi
ali məktəbin fəaliyyətinin əsasını təşkil
edir. MDB və Avropa dövlətlərinin aparıcı
institutları ilə sıx əməkdaşlıq edən
BDU bu istiqamətdə aparıcı alimlərin qüvvəsindən
daim səmərəli istifadə edir. Bu əməkdaşlıq
bir neçə formada həyata keçirilir - mühüm
istiqamətlərdən biri isə xarici alimlərin
iştirakı ilə birgə müdafiə
şuralarının təşkilidir. Dissertasiya müdafiələrinə
Ukrayna, Rusiya, Polşa və Gürcüstan alimlərinin dəvət
edilməsi artıq ənənə halını
almışdır. İnsan hüquqları sahəsində
Rusiyanın tanınmış alimlərindən olan hüquq
elmləri doktorları, professorlar K.A.Bekyaşev, Y.M.Kolosov,
R.M.Valeyev, S.A.Qureyev, ukraynalı alimlərdən
L.D.Timçenko, V.N.Denisov, A.A.Merejko, Gürcüstan alimlərindən
L.A.Aleksidze, M.O.Kvaçadze və başqaları daim Bakı
Dövlət Universitetində elmi kadrların yetişdirilməsində
yaxından iştirak edirlər.
Universitetdə xarici alimlərin
iştirakı ilə insan hüquqları sahəsində
mühazirələrin təşkili və tələbə
auditoriyası üçün mühazirə yeniliklərinin
işlənilməsi ikinci mühüm istiqamətdir. Nəhayət,
Bakı Dövlət Universitetinin insan hüquqları sahəsində
ixtisaslaşmış əməkdaşları müntəzəm
olaraq dünyanın aparıcı təhsil müəssisələrində
elmi ezamiyyətlərə və təkmilləşdirməyə
göndərilir. Hər il BDU-nun insan hüquqları və
beynəlxalq hüquq sahəsində ixtisaslaşmış
mütəxəssisləri beynəlxalq hüquq
assosiasiyalarının tədbirlərində iştirak edir,
müxtəlif elmi konfranslarda geniş elmi məruzələrlə
çıxış edirlər. 1999-cu ildən başlayaraq həmin
ənənə yüksək səviyyədə davam olunur. Bu
işdə Fransanın müxtəlif universitetləri,
İsveçrənin İnsan hüquqları İnstitutu,
Moskva Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
universitetləri və s. xüsusi yer tutur. Bununla da, ən
müasir elmi yeniliklərin Bakı Dövlət Universitetində
tətbiqi uğurla reallaşır.
Kütləvi informasiya vasitələrində
insan hüquqları sahəsində məsələlərin
geniş işıqlandırılması, televiziya və radio
saatlarının təşkili, qəzetlərdə hüquq
guşəsinin yaradılması, insan hüquqları sahəsində
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi
işində təhsil ocağının əməkdaşlarının
yaxından iştirakı da mühüm məqam kimi
vurğulanmalıdır. Xatırlatmaq istərdik ki, 2009-cu il
18 martında Konstitusiyaya əlavə və dəyişikliklərlə
bağlı keçirilmiş ümumxalq referendumu ərəfəsində
respublikada aparılan hüquqi maarifləndirmə və təbliğat
işində BDU-nun mütəxəssisləri də
yaxından iştirak etmişlər. Konstitusiyaya əlavə və
dəyişikliklərin zərurətdən irəli gəldiyi,
vətəndaşların hüquq və azadlıqlarının
daha etibarlı təminatına xidmət etdiyi konkret müddəalar
üzrə ictimaiyyətə şərh olunmuşdur.
İxisaslaşmış
kitabxanaların yaradılması Milli Fəaliyyət Planı
ilə ali məktəblər qarşısında müəyyənləşdirilmiş
mühüm vəzifələrdən biridir. Dünyanın
müxtəlif regionlarının jurnal və ədəbiyyatlarını
birləşdirən Bakı Dövlət Universitetinin
geniş kitabxana sistemi ilə yanaşı, ayrı-ayrı
fakültələrdə ixtisaslaşmış
kitabxanaların yaradılması diqqət mərkəzindədir.
On ildən çoxdur ki, tələbələr Beynəlxalq
münasibətlər və beynəlxalq hüquq fakültəsinin
ayrıca ixtisaslaşmış kitabxanasında müxtəlif
dillərdə (ingilis, fransız, alman, rus, türk və s.)
geniş ədəbiyyatlardan bəhrələnə bilirlər.
Əsasən insan hüquqları sahəsində vəsaitlərdən
ibarət olan kitabxananın fondu ildən-ilə zənginləşdirilir.
Universitetdə insan
hüquqlarının müxtəlif aspektləri ilə
bağlı keçirilən elmi-praktik konfranslar xarici alimlərin
iştirakı ilə geniş diskussiyalar yaradır. Məsələn,
BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
ildönümü ilə bağlı hər il dekabrın
10-da keçirilən müxtəlif səviyyəli
konfranslarda insan hüquqları sahəsində maraqlı məruzələr
dinlənilir. Kofrans materialları çap edilməklə, tələbələrə
əyani vəsait kimi paylanılır. 2005-ci ildən Bakı
Dövlət Universitetində - Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi məqalələrinin
dərci üçün tövsiyə etdiyi - "Beynəlxalq
hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və
praktiki jurnal nəşr edilir. Həmin jurnal respublikada beynəlxalq
hüquq və insan hüquqları sahəsində
ixtisaslaşmış mühüm nəşrlərdəndir.
Jurnalın redaksiya heyətinə dünyanın müxtəlif
dövlətlərinin (Rusiya, Ukrayna, Gürcüstan, Almaniya və
b.) aparıcı alimləri daxil edilmişdir. İldə 4 dəfə
buraxılan jurnalın mühüm və əsas hissələrindən
biri də özündə geniş tədqiqatları birləşdirən
"İnsan hüquqları" bölməsidir.
BDU rəhbərliyinin təklifi
ilə 2009-cu tədris ilindən "İnsan
hüquqları" adlı ixtisaslaşmış magistratura
pilləsinin açılması da universitetin Azərbaycan
dövlətinin apardığı uğurlu insan
hüquqları siyasətinə ciddi dəstək verdiyini əyani
surətdə göstərir. Tədrisin ingilis dilində
aparılması nəzərdə tutulan "İnsan
hüquqları" adlı ixtisaslaşmış magistratura
pilləsində əsasən dövlətin dəstəyi ilə
xaricdə təhsil almış, insan hüquqları sahəsində
ixtisaslaşmış azərbaycanlı mütəxəssislər
dərs deyəcəklər. Bu magistratura pilləsi eyni zamanda,
xarici vətəndaşların da diqqətini cəlb
etmişdir. Odur ki, gələcəkdə BDU digər xarici təhsil
ocaqları ilə əməkdaşlıq siyasətini
inkişaf etdirəcək, əcnəbi tələbələrin
universitetə axınını sürətləndirəcəkdir.
Ölkədə rəqabət
qabiliyyətli iqtisadi sistemin formalaşdırılması,
davamlı inkişafın təmin edilməsi baxımından
müasir tələblərə cavab verən kadrlara
ehtiyacın ödənilməsi, Azərbaycan gənclərinin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil alması üçün lazımi şəraitin
yaradılması, istedadlı gənclərin dünyanın
aparıcı ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi dövlət
başçısı İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biridir. Bu sahədə
mütəşəkkilliyin və səmərəliliyin
artırılmasına yönəlmiş 16 aprel 2007-ci il
tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nda BDU-nun da yaxından iştirakı təmin
olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin
18 iyun 2007-ci il tarixli fərmanı ilə hər il iyunun 18-də
Azərbaycan Respublikasında "İnsan hüquqları
günü" qeyd edilir. Artıq iki ildir ki, həmin gün
Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili
(Ombudsman) Aparatının və BDU-nun bu sahədə ixtisaslaşmış
mütəxəssislərinin iştirakı ilə universitetin
fakültələrində insan hüquqları ilə əlaqədar
tədbirlər həyata keçirilir. Tədbirlərdə
maarifləndirmə işi aparılır, dövlətin
uğurla həyata keçirdiyi insan hüquqları siyasətinə
elmi nəzər salınır. Ümumilikdə, universitet
ombudsman aparatı ilə sıx və səmərəli əməkdaşlıq
edir, birgə tədbirlər, konfranslar keçirir. BDU eyni
zamanda, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il
tarixli fərmanı əsasında insan hüquq və
azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin
aparılması, elmi tövsiyələrin hazırlanması,
bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi
məqsədilə AMEA-nın nəzdində
yaradılmış İnsan Hüquqları üzrə Elmi-Tədqiqat
İnstitutu ilə də sıx əməkdaşlıq edir.
Azərbaycanın Avropa ailəsinin
tamhüquqlu üzvü kimi Bolonya prosesinə qoşulması
insan hüquqlarının tərkib hissəsi olan təhsil
hüququnun həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Son illərdə Bolonya prosesi tələblərinin yerinə
yetirilməsi istiqamətində BDU rəhbərliyi tərəfindən
mühüm addımlar atılmışdır. Tədris
proqramlarının yeni sistemdə
formalaşdırılması, müəllim-tələbə
münasibətlərinin düzgün, şəffaf istiqamətdə
qurulması sahəsində atılan addımlar nəinki insan
hüquqlarının təminatına, eyni zamanda, dövlətin
bu yöndə götürdüyü öhdəliklərin
tam yerinə yetirilməsinə ciddi töhfədir.
Azərbaycan Prezidenti İlham Əliyev
ilk növbədə respublikada hüquqi-siyasi və iqtisadi
islahatların vəhdət şəklində
aparılacağını vurğulamış, bu istiqamətdə
ardıcıl və sistemli tədbirlər həyata
keçirmişdir. Dövlət başçısı vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində
daha böyük uğurlar qazanmaq üçün ilk növbədə
məhkəmə-hüquq sisteminin demokratikləşməsinə,
bu sahədə yüksək mənəvi-əxlaqi
normaların təmin olunmasına çalışır.
Şübhəsiz, buna nail olmaq üçün həm də
hüquqşünas kadrların hazırlığı prosesi
yeni dövrün tələbləri səviyyəsində
davam etdirilməlidir. Respublikada ali hüquq təhsilli kadr
hazırlığında dominant mövqeyə malik Bakı
Dövlət Universitetinin professor-müəllim heyəti bu zərurəti
düzgün dəyərləndirir, dövlət
başçısının, eləcə də universitet rəhbərliyinin
qarşıya qoyduğu vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışır.
Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin
professoru, hüquq
elmləri doktoru
Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 4.