Sevil Əliyeva: "Mən bu musiqini sadəcə olaraq eşidirəm"

 

Rusiyalı alt ifaçısı, SSRİ xalq artisti, dirijor, "Novaya Rossiya" Dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, "Solistı Moskvı" kamera ansamblının bədii rəhbəri, dirijoru və solisti Yuri Başmet və Azərbaycanın tanınmış bəstəkarı, Müslüm Maqomayevin repertuarındakı bir sıra məşhur mahnıların müəllifi Sevil Əliyeva müştərək layihə üzərində işə başladıqlarını elan etmişlər. 2010-cu ildə həyata keçiriləcək Rusiya-Azərbaycan müştərək musiqi layihəsi gələn il kompakt disk yazılması və onun təqdimatı ilə əlaqədar konsertlə başa çatacaqdır.

Yuri Başmet və Sevil Əliyeva bu barədə jurnalistlərə oktyabrın 20-də təşkil edilmiş Bakı-Moskva videokörpüsündə məlumat vermişlər.

Başmet demişdir: "Layihə gələn il həyata keçiriləcəkdir".

Söhbət Sevil Əliyevanın yazdığı və Yuri Başmetin rəhbərliyi ilə "Novaya Rossiya" orkestri tərəfindən ifa ediləcək instrumental musiqidən gedir.

Sevil xanımın sözlərinə görə, musiqi artıq hazırdır. Bəstəkar deyir: "Bu, musiqi sədalarının çox gözəl kombinasiyası olmalıdır. Yuri Başmetlə birgə yaradacağımız musiqinin necə olacağını təsvir edə bilmirəm, mən onu sadəcə olaraq eşidirəm".

Sevil xanım demişdir ki, bu layihənin ideyası məhz ona məxsusdur və Yuri Başmetin həmin layihədə iştirak etməyə razılıq verməsinə görə ona çox minnətdardır.

Bəstəkar maestroya müraciətlə demişdir: "Sizinlə işləmək mənim üçün böyük şərəfdir. Sizin ifa etdiyiniz alətdə nə isə bir məxsusilik vardır. Buna görə də hiss edirəm ki, mənim musiqimin Yuri Başmetin ifasında alt alətində səslənməsi arzusu gerçəkliyə çevrilə bilər. Bu, bir yenilik olacaq, bütün musiqi yeni tərzdə səslənəcəkdir".

Sevil Əliyevanın sözlərinə görə, layihədə Azərbaycan melodiyaları səslənəcəkdir.

Bəstəkar demişdir: "Mən özümə çox tənqidi yanaşan, tələbkar adamam. Buna görə də layihənin hazırlanmasının və təşəkkülünün hər bir mərhələsində iştirak edəcəyəm, axı mən müəllifəm".

Maestro da öz növbəsində əmin olduğunu bildirmişdir ki, bu layihə bir növ simbioz olacaqdır.

"Çox qeyri-adi musiqidir. Nəticəni səbirsizliklə gözləyirəm", - deyən Yuri Başmet Azərbaycan musiqisini çox yüksək qiymətləndirdiyini xüsusi vurğulamışdır.

Layihə müəlliflərinin dediklərinə görə, nəticə etibarilə müasir instrumental musiqi ilə Azərbaycan folklor motivlərinin sintezi alınmalıdır.

Sevil Əliyevanın sözlərinə görə, musiqiyə marağı olmasını təsadüfən aşkar etmiş, valideynləri isə onun musiqi qabiliyyətinin inkişafına şərait yaratmışlar. Bəstəkarın yeganə diskindəki mahnılar Müslüm Maqomayevin və Radmila Karaklaiçin ifasında yazılmışdır. M.Maqomayevin vəfatından sonra daha mahnı bəstələməyəcəyinə söz vermiş Sevil Əliyeva deyir: "Müslüm Maqomayev kimi nadir müğənni və gözəl insan olmamışdır və olmayacaqdır. O, ailəmizin çox yaxın dostu idi, onun ölümü bizim üçün çox böyük itki oldu". Bəstəkar demişdir ki, indi o, yalnız instrumental musiqi yazır.

Telekörpüdə qeyd edilmişdir ki, təqdimat konserti gələn il Moskvada olacaqdır. Bundan əlavə, qastrol səfərləri də istisna edilmir, Sevil xanımın Vətəni Azərbaycanda da mütləq konserti olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 7.