Bakıda "BakuBuild-2009" 15-ci yubiley Beynəlxalq inşaat sərgisi açılmışdır

 

Oktyabrın 21-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin birgə təşkilatçılığı ilə "BakuBuild-2009" 15-ci yubiley Beynəlxalq inşaat sərgisi açılmışdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini Elxan Əsədov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, İTE Group PLC şirkətinin MDB ölkələri və Türkiyə üzrə direktoru Edvard Stroon, Türkiyənin və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Hulusi Kılıç və Kerolin Braun çıxış edərək bildirmişlər ki, belə sərgilərin keçirilməsi dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyətə malikdir, xarici investisiyaların, müasir texnologiyaların ölkəyə cəlb edilməsinə böyük təsir göstərir. Azərbaycanda son illər iqtisadiyyatın sürətli inkişafı, davamlı ictimai-siyasi sabitlik xarici dövlətlərin qabaqcıl şirkətləri üçün onu daha cəlbedici edir. Dünya maliyyə böhranına baxmayaraq, iqtisadi islahatların geniş vüsət aldığı Azərbaycan bütün sahələrdə, o cümlədən tikinti sahəsində yüksək templə inkişaf edir. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, sərgi onun iştirakçıları üçün səmərəli olacaq, yeni layihələrin, müqavilələrin yaranmasına, əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

Qeyd edilmişdir ki, inşaat sərgisində dünyanın 27 ölkəsindən 270-dək şirkət iştirak edir və onlardan 30 faizi ilk dəfə sərgidə təmsil olunur. Sərgi Heydər Əliyev adına İdman-Konsert Kompleksinin daxili pavilyonunda və kompleksə bitişik bayır meydançalarda yerləşmişdir.

Sərginin dörd il ardıcıl olaraq "UFİ" - Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görüldüyü qeyd olunmuşdur.

Bildirilmişdir ki, universallığı ilə seçilən sərgi artıq 15 ildir ki, Qafqazda ən iri inşaat sərgisi olaraq keçirilir. İştirakçılar ən yeni tikinti texnologiyaları və təkmilləşdirilmiş inşaat xidmətləri ilə tanış olacaq, yerli və xarici tikinti şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı qazanacaqlar.

Sərgi çərçivəsində bir sıra ixtisaslaşdırılmış seminarlar, peşəkar görüş və müzakirələr, yeni texnologiyalar və inşaat sənətinə həsr olunmuş təqdimatlar təşkil ediləcək, "Bakıda şəhərsalma siyasəti: Reallıq və perspektivlər" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir.

Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ticarət və Sənaye Palatasına, Azərbaycan Memarlar İttifaqına, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına sərginin təşkilinə göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunmuşdur.

"BakuBuild-2009" 15-ci Beynəlxalq inşaat sərgisi ilə yanaşı, "Caspian MebelExpo" 7-ci mebel, interyer və dizayn sərgisi də açılmışdır. Burada mətbəx, yataq və qonaq otaqları mebelləri, eləcə də mebel istehsalı üçün geniş çeşiddə aksesuarlar və plitələr təqdim olunur.

Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra onun ekspozisiyaları ilə tanışlıq başlanmışdır.

Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, İtaliya, Almaniya, Finlandiya, Yunanıstan, Rusiya, Lüksemburq, Polşa və digər ölkələri təmsil edən çoxsaylı şirkətlər də iştirak edirlər.

Səudiyyə Ərəbistanı Krallığı, Niderland Krallığı və Rumıniya şirkətləri Bakı sərgisində ilk dəfədir ki, iştirak edirlər. İran və Litva isə öz milli stendlərini təqdim edirlər.

Sərginin ekspozisiyalarında geniş çeşiddə sanitariya texnikası, pəncərə və qapılar, işıqlandırma, interyer elementləri, bəzək-naxış materialları, döşəmələr, yaşıllaşdırma, tikinti texnikası vardır.

Sərgi oktyabrın 24-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 6.