Bitməmiş nəğmə
XX əsrin görkəmli
dramaturqu, yazıçı və şairi Hüseyn Cavidin
istedadlı bəstəkar oğlu Ərtoğrol Cavidin
ömrü qısa olsa da, həyatda silinməz iz qoydu. 1919-cu
il oktyabrın 22-də dünyaya göz açmış Ərtoğrol
cəmi 24 il ömür sürdü, ürəyinin coşub-çağladığı,
yazıb-yaratmaq eşqi ilə
çırpındığı bir vaxtda həyatla
vidalaşdı. O, sənətə - ədəbiyyata, musiqiyə
bağlı bir gənc idi. 8 yaşında ikən Ərtoğrol
poeziyada ilk yaradıcılıq addımlarını atdı,
50-dən çox gözəl şeirlərin müəllifi
idi. Kiçik yaşlarından yaradıcılığa
başlaması, əlbəttə ki, gələcəkdə
onun xalqına, vətəninə dəyərli, layiqli
övlad olacağından xəbər verirdi.
Ərtoğrol Cavid 1940-cı ildə
Azərbaycan Pedaqoji İnstitutunu əla qiymətlərlə
bitirdi. Lakin musiqiyə olan sonsuz məhəbbət onu rahat buraxmırdı.
Sənədlərini konservatoriyaya təqdim edərək bəstəkarlıq
fakultəsinə daxil olub. Ərtoğrol dahi bəstəkar
Üzeyir Hacıbəylidən dərs alaraq bəstəkarlığın
sirlərinə dərindən yiyələnməyə
çalışıb.
Çox keçmir ki, Ərtoğrol
gözəl musiqi əsərlərinin müəllifinə
çevrilir. Bunlardan onun öz sevimli müəllimi Üzeyir
bəyə həsr etdiyi "Doqquz variasiya"sı və
skripka ilə fortepiano üçün "Poema"sı diqqətəlayiqdir.
Gənc bəstəkar vokal janrında da gözəl əsərlər
yaradıb.
Nizami Gəncəvinin 800 illiyi ərəfəsində
o, şairin "Sevgili yar gəlmiş idi..." qəzəlinə
romans yazıb. Həmin əsəri Üzeyir bəy dinlədikdən
sonra Ərtoğrolu ürəkdən təbrik etdi. Bu müvəffəqiyyətin
ardınca isə o, Azərbaycanın xalq şairi Nigar Rəfibəylinin
sözlərinə "Eşq olsun", türkmən
şairəsi Kəminənin sözlərinə
"Leylanın vəsfi", Tahir Rasizadənin sözlərinə
"Səninlə olaydım" kimi gözəl
romanslarını bəstələyir. Gənc bəstəkar
həmçinin 200-dən artıq xalq mahnısını
toplayaraq nota köçürüb: "Kürd
qızı", "Dağlarda çiçək",
"Uca dağlar", "Sona bülbüllər",
"Ceyran bala" və başqalarını.
Bülbül Ərtoğrolun bu
işini belə qiymətləndirir: "Azərbaycan Dövlət
Konservatoriyasının tələbəsi Ərtoğrol Cavid
1940-1941-ci illərdə ştatdankənar işçi kimi Azərbaycan
musiqi elmi-təqiqat kabinetində musiqi və poetik folklorunu
yazmaq, habelə rus dilindən Azərbaycan dilinə mahnı mətnlərini
tərcümə etmək sahəsində
çalışmışdır. Tapşırılan hər
işi səliqəylə və vicdanla
görmüşdür".
Xalqına, vətəninə
ürəkdən bağlı olan Ərtoğrol İkinci
Dünya müharibəsinin ilk günlərində "Cəbhədən
məktub" adlı simfonik balladasını yazıb. 1942-ci
il fevralın 22-də isə o, İkinci Dünya müharibəsində
iştirak etmək üçün ordu sıralarına
çağırılıb və təhsilini
yarımçıq qoymalı olub. Konservatoriyada o, Qara Qarayev,
Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Cahangir
Cahangirov, Süleyman Ələsgərov, Əşrəf
Abbasov, Hacı Xanməmmədov kimi bəstəkarlarla birlikdə
təhsil alıb. Orduya getməmişdən əvvəl Ərtoğrolun
istəkli müəllimi Üzeyir Hacıbəyliyə
yazdığı məktubunda deyilir: "Hörmətli
Üzeyir bəy!
Əsgərliyə getməzdən
əvvəl sizinlə görüşmək istədimsə də,
qismət olmadı. Yeganə narahatçılığım
anam və bacımın acınacaqlı halıdır. Rica
edirəm, keçirdiyimiz səmimi dərs illəri və
ümidli gələcək xatirinə mümkün ola biləcək
yardımınızı əsirgəməyin. Anam uşaq
bağçalarında işləyə bilər. Bacım həm
bağçada, həm də ibtidai məktəbdə dərs
(matematika, dil) deyə bilər. Lakin ən lazımi məsələ
çətin hallarda nəzər etmək, ürək vermək,
mənəvi yardımdır. Zənn edirəm rədd etməzsiniz.
Hörmətlə: Ərtoğrol".
Bu məktubu Üzeyir bəyə
Ərtoğrolun bacısı Turan xanım apardı. Əlbəttə,
Üzeyir bəy tələbəsinin bu istəyini ürəyində
qoymazdı. Stalin repressiyasının tüğyan etdiyi,
özbaşınalıq və qanunsuzluqların hökm
sürdüyü illərdə Üzeyir bəy çətinliklərə,
qadağalara məhəl qoymayıb köməyini Cavid ailəsindən
əsirgəmədi. Turan xanımı Radio Verilişləri
Komitəsinə işə düzəltdi.
Tələbə dostu və
görkəmli sənətkar Fikrət Əmirovun Ərtoğrol
Cavid haqqında yazdıqlarından: "Ərtoğrol mənim
ən yaxın, ən əziz dostum, yoldaşım idiE
Ömrüm boyu çox insanlarla
qarşılaşmışam. Ərtoğrol həyatda
qarşıma çıxan ən təmiz, ən nəcib, ən
gözəl insanlardan idi. Onun bütün varlığı sənətlə-musiqiylə,
ədəbiyyatla yoğrulmuşdu. Həyatının
yalnız bircə məqsədi və qayəsi vardı... sənət,
yaradıcılıq... Biz çox yaxın dost idik - hər
yerdə birgə olardıq -konservatoriyada, konsertlərdə,
tamaşalarda... Mənə elə gəlir ki, bu dostluğumuz,
bu mehribanlığımız hər ikimizin əziz müəllimi
olan Üzeyir Hacıbəylinin diqqətindən
yayınmamışdı və o, bu dostluğa, bu ülfətə,
etibara sevinirdi. Onun erkən ölümü musiqimiz
üçün böyük itki idi, şəxsən mənimçünsə
ən yaxın, ən munis bir dostumun, sirdaşımın
itkisi idi..."
1943-cü ildə vərəm xəstəliyinə
tutulan Ərtoğrol Cavid Tbilisi xəstəxanasında vəfat
edib. Bibisi oğluna göndərdiyi son məktubların birində
yazırdı: "Hörmətli Abbas bibioğlu!
Ata və ananın
ölümü münasibətilə dərin təəssüratımı
bildirirəm. Nə etməli ki, ataların ən ağır dərd
saydığı ölüm və ayrılıq bu günlərdə
bizə də qismət oldu. Lakin daha ağır dərd
ayrı düşüb qəriblikdə həsrətlə
ölməkdir".
Ərtoğrol
Cavidin anadan olmasından 90 il keçir. Çox az ömür
sürməsinə baxmayaraq, parlaq bir iz qoyub getmişdir. Onun
özündən sonra əlyazmaları arasında iki natamam
opera: "Şeyx Sənan" və "Məhsəti",
yazacağı baletdən "Adajio", "Babəkin
andı" simfonik poeması və bir sıra vokal, instrumental
əsərləri qalmışdı. Biz onun
yaratdıqlarından daha artıq yarada biləcəkləri
haqda düşünür və çox heyifsilənirik. Onun bu yarımçıq
qalmış ömrü qönçə ikən solan gülə
bənzəyir...
Aytən HEYDƏROVA,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin
kiçik elmi işçisi
Azərbaycan.- 2009.- 22
oktyabr.- S. 6.