Muzeydə anım günü
Azərbaycanın ilk qadın təyyarəçisi
Leyla Ələsgər qızı Məmmədbəyovanın
anadan olmasının 100 ili tamam olmuşdur. O, 1930-1931-ci illərdə
Bakı aviasiya məktəbində təyyarəçi-təlimatçı
ixtisasına yiyələnərək Bakı aeroklubunda fəaliyyət
göstərmişdir. 1932-ci ildə Moskva Mərkəzi
Aviasiya Məktəbində təhsilini davam etdirmişdir.
İlk dəfə paraşütlə tullanmağı da
Moskvada, Tuşino aerodromunda həyata keçirmişdir.
SSRİ məkanında qadınlar arasında paraşütlə
tullanma yarışlarında L.Məmməbdəyova ikinci yeri
tutmuşdur...
Böyük Vətən
müharibəsi cəbhələrində döyüşmək
L.Məmmədbəyovaya qismət olmamışdır. Lakin
1942-ci ildə o, digər iki aviamütəxəssislə
(Sarenko qardaşları) birlikdə OADKYC-in nəzdində
planet-paraşütçü klubunu yaratmışdır.
Müharibə illərində bu klub 4000-dən çox
paraşütçü-desant, yüzlərlə təyyarəçi
hazırlamışdır. Onun məzunları arasında Sovet
İttifaqı Qəhrəmanı Adil Quliyev də var idiE
Oktyabrın 21-də L.Məmmədbəyovanın
yubileyi münasibətilə Mülki Aivasiya Muzeyində xatirə
tədbiri keçirilmişdir. Tədbirdə Milli Aviasiya
Akademiyasının müəllim və tələbələri
ilə yanaşı, yubilyarın yaxın qohumları və həmyerliləri,
habelə onu yaxşı tanıyan incəsənət
işçiləri iştirak etmişlər.
Xatirə mərasimini giriş
sözü ilə açan muzeyin direktoru Ş.Axundov
yubilyarın şücaət yoluna nəzər salmış,
L.Məmmədbəyova ilə bağlı nadir eksponatlardan və
mətbuatda daim əksini tapan materiallardan
danışmışdır. Qonaqlardan akademik V.Məmmədəliyev,
Veteranlar Şurasının sədri Ə.Baxışov,
qocaman ictimai xadim Ə.Nəzərli, Müdafiə Nazirliyinin
zabiti, şair-publisist A.Qurbani, kino xadimlərindən N.Rzayev,
A.Kazımov mərasimdə çıxış edərək
ilk qadın təyyarəçimiz barədə xatirələrini
söyləmişlər. Yubilyarın oğlu X.Məmmədbəyov
ailə üzvləri adından akademiyanın və muzeyin rəhbərliyinə,
bu gözəl tədbirin təşkilində əməyi olan
bütün əməkdaşlara təşəkkürünü
bildirmişdir.
Xatirə mərasimi
genişmiqyaslı fotosərgi və sənədli filmlərdən
fraqmentlərlə müşayiət olunmuşdur.
Y.KƏRİMOV
Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 6.