Elmin inkişafına təkan verən ocaq

 

Ölkənin iqtisadi potensialının formalaşdırılmasında Azərbaycan elmi mühüm əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alan ulu öndər Heydər Əliyev elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, tariximizin öyrənilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması, mədəniyyətimizin dirçəldilməsi sahələrində bir sıra qərarlar qəbul etmişdir. Ümummilli liderin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası statusu verməsi akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, xalqımızın mədəni-mənəvi təşəkkülündə oynadığı rolu və akademik elmin ölkənin tərəqqisinin əsas təminatçısı olduğunu bir daha təsdiqləmiş oldu.

AMEA-da elmi-tədqiqat mövzularının yerinə yetirilməsi əsasən 5 il müddətinə planlaşdırıldığına görə alimlər tərəfindən 1996-cı ildən başlayaraq aparılan elmi tədqiqatların böyük hissəsi 2000-ci ildə başa çatmışdır.

1996-2000-ci illərdə mövcud çətinliklərə baxmayaraq, riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər daha da inkişaf etdirilmiş, keçmiş ideologiyadan azad olmuş tarix, ədəbiyyat, dil, incəsənət, iqtisadiyyat, fəlsəfə, hüquq elmləri yeni demokratik dövlətin möhkəmlənməsinə öz töhfələrini vermişdir.

Cəmiyyətin inkişafında elmin rolu çox yüksək olduğu üçün Heydər Əliyev onun inkişafından ötrü ardıcıl tədbirlər görmüşdür. Azərbaycan MEA-nın statusu və nizamnaməsi haqqında imzaladığı 4 yanvar 2003-cü il tarixli fərmanları da görülən işlərin növbəti mərhələsi idi.

Ulu öndər 2002-ci il avqustun 7-də Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə AMEA-nın Naxçıvan bölməsinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.

2003-cü ilin oktyabrından başlayaraq Heydər Əliyevin elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə göstərdiyi diqqət və qayğı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın Rəyasət Heyəti bu elm ocağında islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadrların məsuliyyətinin artırılması, elmi və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra qərarlar qəbul etmiş və konkret tədbirlər həyata keçirmişdir.

2000-2008-ci illər ərzində akademiyanın elmi istiqamətləri və elmi- tədqiqat işlərinin planları ekspertizadan keçirilmiş, onun strukturunun təkmilləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər görülmüşdür. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri dayandırılmış, şöbə və laboratoriyalar ləğv edilmiş, bir sıra institutlar birləşdirilmiş, yeniləri yaradılmışdır.

Son onillikdə akademiyanın elmi müəssisələrində 1263 problemin 3758 mövzusu üzrə 3406 elmi-tədqiqat işi aparılmış və 1186 mühüm elmi nəticə alınmışdır. 2064 nüsxədən artıq kitab, 101187 məqalə, tezis və məruzə, o cümlədən 5300-dən çox məqalə xarici ölkələrdə çap edilmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq tirajı 6,5 milyon olan 148 adda 262 əsər latın qrafikası ilə çap edilərək idarə, müəssisə və təşkilat kitabxanalarına paylanmışdır. Akademiyada həmçinin bir neçə ensiklopediya və yüzlərlə monoqrafiya işıq üzü görmüş, 8 doktorluq, 553 namizədlik dissertasiyası müdafiə edilmişdir.

AMEA bu illər ərzində xeyli uğur qazanmış, öz elmi potensialı ilə respublikanın sürətli sosial-iqtisadi inkişafında yaxından iştirak etmişdir. Elm ocağının idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Fundamental tədqiqatlar, əsasən neft-qaz emalı və neft kimyası sahələri, respublikamızın torpaq örtüyünün, flora və faunasının, bioresurslarının, zəngin genefondunun öyrənilməsi, riyazi modelləşdirmə, informasiya texnologiyaları, proqram təminatı, Azərbaycanın çoxəsrlik tarixi, mədəniyyəti, zəngin irsi, ölkənin sosial-iqtisadi tərəqqisi elmin özünün məntiqi inkişaf tələblərindən irəli gələn istiqamətlərdə aparılmışdır.

Alimlər xarici ölkələrin elm adamları ilə birgə əməkdaşlıq edərək uğurlu nəticələrə nail olmuşlar. AMEA-nın yüzlərlə əməkdaşı müxtəlif simpozium və elmi-praktik konfranslarda iştirak etmişdir.

Ölkə başçısı İlham Əliyevin AMEA-nın inkişafı, fəaliyyətinin gücləndirilməsi, əməkdaşlara fəxri adların və Prezident təqaüdlərinin verilməsi, əməkhaqlarının artırılması və digər məsələlərlə bağlı imzaladığı sərəncamlar bütövlükdə bu elm ocağının fəaliyyətinin daha da təkmilləşdirilməsinə, genişləndirilməsinə təkan vermişdir.

Ölkəmizdə elmi inkişafı xalqımızın firavan gələcəyini təmin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyev 2005-ci il dekabrın 14-də akademiyanın 60 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycanda bu müddət ərzində güclü elmi məktəb yarandığını, təməlli elmi potensialın formalaşdığını və görkəmli, peşəkar elm xadimlərinin respublikanın inkişafında böyük rol oynadığını qeyd etmiş, alimlərin, ziyalıların ölkənin elitası olduğunu, onların dünyagörüşünün, mövqeyinin, fəaliyyətinin Azərbaycanın inkişaf dinamikasını, perspektivlərini müəyyən etdiyini vurğulamışdır. Dövlət başçısı çıxışında fundamental elmin inkişafının böyük əhəmiyyət kəsb etdiyini və bu sahədə ölkənin əhəmiyyətli uğurlar qazandığını, elm sahəsində islahatların aparılmasının vacibliyini xüsusi vurğulamışdır. Ölkə Prezidenti elmin gələcək inkişafının dövlətin daim diqqət mərkəzində olduğunu, Azərbaycan MEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacağını, elm və təhsil sferası üçün mühüm olan bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirmişdir.

Ölkə başçısının "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 23 yanvar 2003-cü il tarixli və "Aspirantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 1 fevral 2007-ci il tarixli sərəncamları ilə akademiya sistemində çalışan işçilərinə əməkhaqlarının və aspirant, magistr və tələbələrin təqaüdlərinin 50 faiz, digər sərəncamla isə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının əməkdaşlarının maaşlarının 25 faiz artırılması alimlərimizin zəhmətinə verilmiş yüksək qiymət, gənc alimlərə böyük qayğının təzahürü kimi dəyərləndirilməlidir.

AMEA elmi-tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi məqsədilə konkret tədbirlər həyata keçirir. 2008-ci il yanvarın 23-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən hazırlanmış, yüksək poliqrafik səviyyədə Almaniyada çap olunmuş, Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" xüsusi cildinin təqdimatı keçirilmişdir. Xüsusi cild Azərbaycanın qədim tarixi, müasir həyatı, təbii sərvətləri, geosiyasi mövqeyi, elm, təhsil, mədəniyyət, idman sahələrində nailiyyətləri və s. haqqında məlumatları əks etdirir.

Dövlət başçısının "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 10 aprel 2008-ci il tarixli sərəncamına əsasən, ölkə elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyası yaradılmışdır. Bu komissiyaya respublikada 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanı və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramını hazırlayıb təsdiq olunmaq üçün ölkə başçısına təqdim etməklə bağlı xüsusi tapşırıq verilmişdi.

Prezident İlham Əliyev 4 may 2009-cu ildə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Artıq AMEA öz işini bu proqram əsasında qurur.

AMEA nüfuzlu beynəlxalq təşkilatların üzvüdür və onların işində daim fəal iştirak edir. Bir sıra ölkələrin elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar, kadr və informasiya mübadilələri aparır. AMEA-nın alimləri beynəlxalq təşkilatların qrantlarını almaq üçün sanballı müsabiqələrin iştirakçısı olur. Nəticədə 200-ə yaxın patent, bir o qədər də qrant alınmışdır.

Akademiyanın əsas elmi potensialı, hər şeydən öncə Azərbaycanın elmi-texniki və sosial-iqtisadi inkişaf problemlərinə cavab verən üstün fundamental tədqiqatlara yönəlmişdir.

Ölkə elminin, onun flaqmanı olan AMEA-nın ən ülvi məqsədi və vəzifəsi Azərbaycan xalqına, dövlətin möhkəmləndirilməsinə, xalqımızın rifahına və tərəqqisinə yüksək səviyyədə xidmət etməkdir.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 6.