Meşə mühafizəsinin görkəmli təşkilatçısı

 

Mehdi Mustafayev otuz ildir ki, dünyasını dəyişib. Azərbaycanda meşə təsərrüfatının inkişafından söhbət düşəndə birincilər sırasında o da yada düşür. Xüsusən indi - anadan olmasının 95 illiyi ərəfəsində təbiətin böyük vurğunu Mehdi Mustafayev dərin ehtiram və məhəbbətlə xatırlanır. Mehdi Həsən oğlu Mustafayevin adı bizim üçün həm də ona görə əzizdir o, ömrünün sonuna kimi Azərbaycan təbiətinin mühafizəsindəki fədakar əməyi ilə universitetimizə şərəf gətirmişdir.

Mehdi Mustafayev 1914-cü ildə Qazax rayonunun Tatlı kəndində anadan olmuşdur. Valideynlərini erkən itirdiyinə görə gənc yaşlarından zəhmətə qatlaşmışdır. 1929-cu ildə Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Gəncəyə gəlir və kənd təsərrüfatı texnikumuna daxil olur. 1931-ci ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indi Dövlət Aqrar Universiteti adlanır) təhsilini davam etdirir. Gənc mütəxəssis bir müddət Kənd Təsərrüfatı Nazirliyinin təcrübə məntəqəsində işləyir, sonra Şamaxı rayonunda aqronom vəzifəsində çalışır. Onun fəallığı, işgüzarlığı çoxunun diqqətini cəlb edir. Elə buna görə də 1940-cı ildə Samux rayonunun Qarayeri savxozuna direktor təyin olunur. Burada gənc aqronomun iş qabiliyyəti, təşkilatçılığı, vətənpərvərliyi tam aydınlığı ilə üzə çıxır.

Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir. Oradan qayıdandan sonra isə Azərbaycan KP MK-da bir sıra məsul işlərdə, ən çox isə kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində çalışır.

Mehdi Mustafayev 1947-1948-ci illərdə Tovuz rayonunda partiya komitəsinin birinci katibi olmuşdur. Onun gəlişi ilə rayon yeni yüksəliş yoluna qədəm qoymuş, ən mürəkkəb şəraitdə çox yüksək göstəricilər əldə etmişdir. Dövlətin bütün tapşırıqları artıqlaması ilə yerinə yetirilirdi.

Bu fəal, işgüzar insanın ictimai həyatda yeni yüksəliş dövrü başlanır. 1948-ci ildə meşə təsərrüfatı naziri vəzifəsinə irəli çəkilir. Sonralar Kənd Təsərrüfatı Nazirliyi ilə Meşə Təsərrüfatı Nazirliyi birləşəndə Mehdi Mustafayev nazir müavini təyin olunur. 1966-cı ildən ömrünün sonunadək - 1979-cu ilə kimi Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifəsində işləmişdir.

Harada, nə işdə çalışmasından asılı olmayaraq Mehdi Mustafayev həmişə xalqın, dövlətin təəssübünü çəkmiş, Azərbaycan təbiətinin mühafizəsi üçün əlindən gələni etmişdir.

Mehdi Mustafayev həmişə, hər yerdə işgüzarlığı, bacarığı, təşkilatçılığı, yenilik hissi, xalqa və torpağa sədaqəti ilə fərqlənirdi. Azərbaycanda meşələrin mühafizəsi və bərpası, yaşıl massivlərin salınması, yeni-yeni ağac növlərinin əkilməsi, əslində, vahid meşə mühafizəsi sisteminin yaradılması bilavasitə Mehdi Mustafayevin adı ilə bağlıdır. Yeri gəlmişkən, bəzi faktları xatırlatmaq istəyirik.

Mehdi Mustafayevin rəhbərliyi ilə Şəki rayonunun Kiş çayı vadisində, Oğuz və Beyləqan rayonlarında yüzlərlə hektar sahədə qoz bağları salınmışdır. Onun layihəsi əsasında Mil, Muğan, Şirvan düzənliklərində meşə təsərrüfatları yaradılmışdır.

Mehdi müəllim ayrı-ayrı zonaların xüsusiyyətlərini, torpaq-iqlim şəraitini, eləcə də ölkəmizin tarixi bağçılıq və meyvəçilik ənənələrini çox gözəl bilirdi. Azərbaycanın qədim və ənənəvi sərvətlərindən olan nar ağaclarını geniş yaymağa çalışırdı. Narın əsas məkanı olmuş Kür qırağı boyunca, Şirvan zonasında 1300 hektar sahədə nar bağları salınmış, bunun üçün Göyçay və Ağdaşın ən yaxşı nar növlərindən əkin materialı kimi istifadə edilmişdir.

Respublikanın bəzi rayonlarında eroziyaya uğrayan dağ yamaclarının mühafizəsinə xüsusi fikir verirdi. Bu məqsədlə onun təşəbbüsü ilə mühafizə zolaqlarının salınması üçün Orta Asiyadan quraqlığa davamlılığına görə xüsusi fərqlənən püstə ağacı və kol cinsləri gətirilmişdi. Bundan başqa, eroziya ilə mübarizədə sumax, itburnu kimi kol cinslərindən geniş istifadə olunması da M.Mustafayevin adı ilə bağlıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Xəzərsahili zonada - Abşeron yarımadasında üç min hektara yaxın qumlu sahələrdə bərkitmə, yaşıllaşdırma işləri görülmüşdür. Ulu öndərin tapşırığına əsasən, 1970-ci ildən başlayaraq Abşeronda 30 min hektar sahənin yaşıllaşdırılması üçün layihə hazırlanmış, Abşeronda Eldar şamı, nar, əncir kimi qiymətli ağaclara geniş meydan verilmişdır. Ceyranbatan su anbarının ətrafına müxtəlif ağac və kollardan yaşıl sipər çəkilmişdir. Mehdi Mustafayev ildə azı beş-altı dəfə meşə salınan ərazilərə gələr, pay-piyada gölün ətrafını dolanar, əkilən ağacların becərilməsi, suvarılması ilə maraqlanardı. Maraqlıdır, Mehdi müəllimin əli dəyən hər ağac dərhal göyərir və boy atırdı.

O zaman Abşeron Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayev deyir ki, Mehdi Mustafayev həddən artıq səmimi, mehriban və həssas adam idi. Görünür, elə buna görə də onun ən çox xoşladığı, ürəyinə yatan adamlar mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri idi. Fikrət Əmirovu və Hüseyn Arifi daha çox istəyirdi. Bütün danışıq və hərəkət tərzi ilə qeyri-adi adam olan Hüseyn Arifin söz-söhbətlərini və zarafatlarını, xüsusən də, təbiət şeirlərini dinləməkdən doymazdı.

Yaşıllığa, ekoloji duruma xüsusi qayğı və diqqət göstərən dahi insan Heydər Əliyevin yeritdiyi abadlıq və quruculuq xəttinə uyğun olaraq Mehdi Mustafayevin saldırdığı bir çox meşə ərazilərində sanatoriyalar tikilmiş və xalqımızın istifadəsinə verilmişdir.

M.Mustafayev respublikada meşəçilik elminin inkişafına və bu sahədə kadr hazırlığına da ciddi fikir verirdi. Həmin illərdə Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrfüfatı və Aqromeşə Meliorasiya İnstitutunda gedən müsbət işlər Mehdi müəllimin fəaliyyəti ilə də sıx bağlı idi. Hələ o dövrdə ölkədə meşəçilərə böyük ehtiyacın olduğunu qeyd edərək gənc mütəxəssislərin yetişdirilməsinin vacibliyi məsələsini qaldırmışdı. Bu arzu və istək nəhayət, reallığa çevrildi. 1990-cı ildən etibarən Azərbaycan Aqrar Universitetində bu sahə üzrə kadr hazırlığına başlanmışdır.

Universitetimiz özünün 80 illik yubileyinə hazırlaşır. Ölkəmizdə kənd təsərrüfatının inkişafında bu yeganə aqrar təhsil ocağının xidmətləri böyükdür. Çox xoşdur ki, meşə mühafizəsinin görkəmli təşkilatçısı Mehdi Mustafayev kollektivimizin ilk yetirmələrindəndir. Öz elmi və ictimai fəaliyyətləri ilə ölkəmizin tərəqqisinə layiqli töhfələr verən akademiklərdən Həsən Əliyev, İmam Mustafayev, Validə Tutayuk, Feruz Məlikov, Məmmədtağı Qəniyev, Ağaxan Ağabəyli, Ələkbər Quliyev, Məmmədtağı Cəfərov, Yusif Məmmədəliyev, Musa Musayev, Siddiqə Məmmədova və başqaları ilə haqlı olaraq fəxr edir və onların əvəzsiz xidmətlərini gənc nəslin nümayəndələrinə çatdırmağa çalışırıq.

Yuxarıda adları çəkilən korifeylərin hər birinin, o cümlədən Mehdi müəllimin mənalı ömür yolu təbiətə məhəbbət və ekoloji tərbiyə sahəsində gənc nəslə layiqli nümunədir. Onun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, Lenin, "Qırmızı Əmək Bayrağı", "Əmək Şöhrəti" və "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmiş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir neçə çağırış respublika Ali Sovetinin deputatı olmuşdur.

Onun şərəfli ömür yolu haqqında çox yazılıb. Ən çox da təbiət vurğunu Hüseyn Arif həm publisistikanın, həm də poeziyanın dili ilə dəyərli sözlər deyib. Şair xatirə-məqalələrindən biri üçün belə bir başlıq seçmişdi: "Mənim qəhrəmanım əsrlər boyu yaşayacaqdır".

Həqiqətən də, belədir.

 

 

Mirdamət SADIQOV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin

rektoru, professor

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 6.