Elin gözü tərəzidir

 

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsi biz ziyalıların çoxdan demək istədiklərimizi geniş, ətraflı, düzgün ifadə etmişdir. Hörmətli akademik cəmiyyəti narahat edən xalq arasında ən çox müzakirə obyekti olan bir mühüm problemi - televiziya, radio başqa kütləvi informasiya orqanlarının fəaliyyətindəki dözülməz vəziyyəti əsil ziyalı, müdrik vətəndaş mövqeyindən araşdırır.

Məqalədə qaldırılan məsələlərin vacibliyi, aparılan müqayisəli təhlillərin zəruriliyi cəmiyyətdə ciddi maraq doğurub. Bu, kütləvi informasiya vasitələrində gedən geniş ictimai müzakirələrdən aydın görünür. Elin gözü tərəzidir. Yaxşını-yamanı çox dəqiq seçir. Müxtəlif yaşlı, müxtəlif peşəli adamlar öz müşahidələrindən danışır, ürək sözlərini, arzu istəklərini söyləyir, akademik Ramiz Mehdiyevi dəstəklədiklərini bildirirlər. Ramiz müəllim isə mövcud vəziyyəti ətraflı təhlil edir, uğurlardan uğursuzluqlardan konkret faktlarla söhbət açır. Müəllif ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğv edildiyini, ölkəmizdə teleradio fəaliyyətinə dair təkmilləşdirilmiş qanunvericiliyin olmasını, onun hüquqi-normativ bazasının qabaqcıl dünya Avropa standartlarına uyğunluğunu, müasir şəraitin bazar iqtisadiyyatının tələblərinə cavab verən fəaliyyət normalarının mövcudluğunu qeyd etməklə yanaşı, ölkənin efir məkanında yaradılmış maddi-texniki bazadan səmərəli istifadə olunmadığını, televiziya radioların öz funksiyaları çərçivəsində günün tələblərinə uyğun qura bilmədiklərini analitik təhlillər əsasında göstərmişdir.

Doğrudan da, bu gün müharibə vəziyyətində olan ölkəmizdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği işi yerli televiziya radio qurumlarının fəaliyyətində sistemli, ardıcıl, məqsədyönlü şəkildə aparılmaq əvəzinə, bayağı, keyfiyyətsiz, ictimai dəyəri olmayan verilişlərlə cəmiyyətdə neqativ tendensiyaların yayılmasına xidmət edir, saf düşüncəli gənclərimizin, yeniyetmələrimizin zövqlərinə dünyagörüşünə mənfi təsir göstərir.

Televiziya böyük auditoriyaya malikdir, cəmiyyətin bütün üzvləri ondan istifadə edir, böyüklər , gənclər , yeniyetmələr , hətta uşaqlar da televiziyaya baxır, verilişləri izləyirlər. Belə olan halda, televiziya proqramları daha kamil, daha səriştəli olmalı, hamının zövqünü oxşamalı, hamıya xoş duyğular, müqəddəs amallar təlqin etməlidir.

Təəssüflər olsun ki, özəl telekanallarda verilən şou-biznes proqramları, bayağı kliplər, teleseriallar, adət-ənənəmizə yaraşmayan açıq-saçıq süjetler, sistemsiz, səliqəsiz görüntülər, milli-mənəvi dəyərlərə, ailə üzvləri arasında abır-həya normalarına mənfi təsir edir, əsəb gərginliyinə səbəb olur, insanlarda fikir ayrılığı doğuran problemlər yaradır. Bunlar kimə lazımdır? Təəssüflə qeyd etməliyəm ki, televiziya kanallarının xəbərlər proqramlarında eşitdiyimiz tükürpədici hadisələr, yerlərdə baş verən xoşagəlməz hallar məhz elə həmin telekanallarda gedən aşağı səviyyəli serialların təsiri altında baş verir.

Şou-biznes proqramlarına baxan çox da yetkin olmayan adamlar elə fikirləşirlər ki, yəqin ölkədə bunlardan başqa maraq doğuran məsələlər yoxdur. Axı, əsil reallıq heç belə deyildir. Jurnalist ilk öncə işıqlı tərəfləri görməyi, hamıya örnək olan nümunələri təbliğ etməyi bacarmalıdır. Bizdə isə çox zaman əksinə olur. Xalqın böyüklüyünü, mübarizliyini, vahidliyini göstərən verilişlər barmaqla sayılır. Maarifləndirmə proqramları, elm aləmi, qəhrəmanlıq tariximiz təsadüfdən-təsadüfə görünür, amma səviyyəsiz davranışlara, bayağı diskussiyalara böyük səxavətlə yer verilir.

Demək olar ki, bütün özəl kanallarda yayımlanan şou-biznes proqramlarında müzakirəyə çıxarılan məsələlərin səviyyəsi aşağı olmaqla yanaşı, dəvət edilənlərin tərkibi, səriştəsi, efir mədəniyyəti tamaşaçını qane etmir. Hətta bəzi təsadüfi hadisələr, ötəri məişət problemləri əsla araşdırılmadan tam çılpaqlığı ilə efirdən birbaşa səsləndirilir. Bu isə seyrçilərdə ikrah hissi oyadır. Cəmiyyətin sosial durumu barədə yanlış təsəvvür yaradır.

Ona görə televiziya radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən bu fəaliyyəti tənzimləyən, daha doğrusu, tənzimləməli olan Milli Televiziya Radio Şurasına belə məsələləri nizamlayan hüquqların verilməsi məqsədəuyğundur.

Akademik Ramiz Mehdiyev televiziya kanallarında xarici filmlərin dublyajında olan problemləri açıqlayır haqlı olaraq yazır ki: "Xarici ölkələrin istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır. Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət göstərir. İstisna deyil ki, bu ya digər səbəblərdən dublyaja peşəkarların cəlb edilməsi problemə çevrilir. Buna görə bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac yaranmışdır".

Doğrudan da, dublyaj edilmiş filmlərin böyük əksəriyyətində Azərbaycan dilinin zənginliyi görünmür, səsləndirilən danışıqlar aydın başa düşülmür, fikirlər qısaldılır, söz rabitəsi pozulur. Bəzi hallarda mənasız sözlər, yersiz ifadələr çox işlədilir. Yaxşı olardı ki, dublyaja tanınmış sənətçilər, peşəkar aktyorlarla yanaşı, bu sahə üzrə təhsil alan istedadlı tələbələr cəlb edilsinlər.

Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsində televiziya məkanında olan problemlər, çatışmazlıqlar, nöqsanlar ciddi şəkildə açıqlanmaqla yanaşı, bu məsələlərlə məşğul olan müvafiq qurumlar qarşısında duran konkret vəzifələr göstərilmişdir. Zənnimcə, bir cəhət xüsusi qeyd olunmalıdır. İctimai müzakirələri mətbuat səhifələrindən birbaşa televiziyalara çıxarmaq lazımdır. Qoy televiziya kanallarının rəhbərləri, məsul işçiləri xalqın fikirlərini aydın eşitsinlər öz işlərini ictimai sifarişin tələblərinə uyğun qurmağa çalışsınlar. Unutmaq olmaz ki, efir məkanı sağlam ideallara xidmət etməlidir. Hörmətli akademik Ramiz Mehdiyevin bir fikri hamının ürəyindən xəbər verir: "Həqiqətən , ölkəmizdə teleradio akademiyasının yaradılması vaxtı çoxdan gəlib çatmışdır."

 

 

Siddiqə MƏMMƏDOVA,

Elmi-Tədqiqat Bitki

Mühafizə İnstitutunun

direktoru, akademik

 

Azərbaycan.- 2009.- 22 oktyabr.- S. 7.